İsrail ötən gecə Beyrutun cənub ətrafına güclü hava zərbələri endirib. Həmin ərazilər "Hizbullah"ın nəzarətindədir. İranın dəstəklədiyi qruplaşma isə israilliləri sərhəd bölgəsindən çıxmağa çağırıb.
Hədəflər arasında "Hizbullah"ın komandanlıq və silah anbarlarının da olduğu bildirilir.
Zərbələrdən öncə İsrail ordusunun sözçüsü Beyrutun cənub ətrafında yaşayanları şərqə və şimala köçməyə çağırmışdı.
"Hizbullah" martın 6-da səhər Telegram-kanalında ivrit dilində mesajında israillilərə sərhəddən 5 kilometr məsafədə yerləşən şəhər və kəndlərdən çıxmağı tövsiyə edib.
2024-cü ildə "Hizbullah"la İsrail arasında toqquşmalar vaxtı sərhəd bölgəsindəki şəhərlərdən on minlərlə israilli təxliyə edilmişdi. Amma onların çoxu sonradan geri qayıdıb. İsrail rəsmiləri onları yenidən köçürmək planlarının olmadığını bildiriblər.
Həftənin əvvəlində Livan da Yaxın Şərqdəki müharibəyə cəlb olunub. "Hizbullah" atəş açandan sonra İsrail yeni hücum əməliyyatına başlayıb. Əsasən Beyrutun cənub ətrafına, həmçinin Livanın cənub və şərq bölgələrinə zərbələr endirilir.
Livanın Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 123 nəfərin həlak olduğunu, 683 nəfərin yaralandığını bildirib. Onların neçəsinin dinc sakin və döyüşçü olduğu dəqiqləşdirilmir.
"Hizbullah"ın hücumlarından İsraildə itkilər barədə məlumat verilməyib.
İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) "Hizbullah"ı 1982-ci ildə yaradıb. 2024-cü ildə İsraillə müharibənin onu ciddi şəkildə zəiflətdiyi bildirilir.