Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 10:44

'Aldadıblar ki, pulsuz ev, yaxşı iş var'


Arxiv foto

İŞİD-ə qoşulmaqda suçlanan azərbaycanlının anası elə deyir

Ali təhsilli Rufan Hüseynov İŞİD-ə qoşulmaqda suçlanaraq, hakim önünə çıxarılıb. Onu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həbs edib. İndi bu olayı Bakı Ağır Cinayətlər Məhkəməsi araşdırır.

İyulun 6-da məhkəmədə prokuror R.Hüseynovun konkret nədə ittiham olunduğunu açıqlayıb. İddia edilir ki, o, 2014-2015-ci illərdə Suriyada qanunsuz silahlı birləşmələrin təliminə qatılıb və İŞİD-in tərkib hissəsi olan “Çeçen camaatı” qruplaşmasına qoşulub. Bir müddət orada döyüşəndən sonra Türkiyəyə qayıdarkən saxlanaraq, Azərbaycana deportasiya olunub.

“Orada onu... təlimlərə aparıblar”

İttiham aktında yazılanlara münasibətini açıqlayan R.Hüseynov özünü qismən təqsirli bilib. Ona ifadə vermək təklif olunsa da, istəməyib. Deyib ki, gələn məhkəmə iclasında danışacaq. R.Hüseynovun anası və qayınanası şahid kimi dindiriliblər.

Ana Malina Hüseynova oğlunun Suriyada olmasından xeyli sonra xəbər tutduğunu söyləyib, çünki ailəsini də götürüb gedərkən, Türkiyədə işləyəcəyini deyibmiş:

“Orada bunu aldadıblar ki, Suriyada pulsuz ev, yaxşı iş var. Bu da aldanıb gedib. Orada onu ailəsindən uzaq salıb, təlimlərə aparıblar. Pulu da olmayıb ki, tez qayıdıb gəlsin. Axırda Türkiyədə olan bir dostunun köməyi ilə oradan çıxa bilib”.

“Qızıma demişəm ki, üzünü açsın”

Qadınlar hijabda, arxiv foto
Qadınlar hijabda, arxiv foto

Qayınanası Mehriban Zeynalova da öncə qızının həyat yoldaşıyla birlikdə Türkiyədə olduğunu düşünüb. R.Hüseynov haqqında müsbət fikirlər söyləyən M.Zeynalova bu durumdan narahatlığını vurğulayıb:

“Çox ağıllı, ali təhsilli oğlandır. Sadəcə, səhv edib. Əvvəlcə mən də elə bilirdim Türkiyədə işləyirlər. Sonradan Suriyaya getməyindən, üstəlik, ailəsini də aparmasından xəbər tutanda xəstələnib yorğan-döşəyə düşdüm. Mən də onlara heç nə deyə bilmirəm. Qızım başını, üzünü bağlayıb. Doğrusu, bütün bunlara görə mən özüm də narahatam, axı Azərbaycanda belə şeylərə yaxşı baxmırlar. Qızıma demişəm ki, üzünü açsın”.

Qayınanası hakimlərdən xahiş edib ki, R.Hüseynov haqqında hökm çıxaranda onun azyaşlı uşaqlarını nəzərə alsınlar.

Məhkəmə iyulun 13-də davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG