Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 16:56

İŞİD-ə biət ittihamıyla 11 və 13 il həbs aldılar


Arxiv fotosu

Xeyli vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-ə (İslam Dövləti silahlı qruplaşması) biət etməkdə suçlanan 29 yaşlı Aydın Gülməmmədov və 25 yaşlı Əmrah İmanovun mühakiməsi gedirdi.

Aylardır davam edən məhkəmə Aydın Gülməmmədovun 13, Əmrah İmanovun isə 11 il həbs cəzası alması ilə yekunlaşıb. Onlar terrora cəhd, qanunsuz silah saxlama kimi əməllərdə suçlu biliniblər.

Buna da bax:​ İŞİD liderinin sağ olduğuna inanırlar

Adları çəkilən Sumqayıt sakinləri 2016-cı ilin oktyabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatında həbs olunub. Ələt qəsəbəsində və Abşeron rayonunda keçirilən əməliyyatlarda iki nəfər öldürülüb. Onlardan Ağamirzə Quliyev Bakı-İstanbul reysi ilə hərəkət edən avtobusdakı əməliyyatda qətlə yetirilib. DTX əməkdaşları avtobusu Ələt qəsəbəsində saxlayıb. Rəsmi məlumatda iddia olunur ki, həmin avtobusda sərnişin olan, “Ömər” dini ləqəbli Ağamirzə Quliyev DTX əməkdaşlarının təslim olmaq təklifi qarşısında qumbara çıxarıb partlatmağa cəhd edərkən zərərsizləşdirilib.

İddia olunur ki, Fuad Rüstəmov da Abşeron rayonu ərazisində saxlanılarkən silahlı müqavimət göstərdiyinə görə öldürülüb. Onun evindən isə İŞİD-in bayrağının tapıldığı bildirilir.

Buna da bax:​ “Dedilər ki, bura qol çək, atanı buraxaq”

“NƏ DEDİKLƏRİNİ ANLAMIRDIM”

Mühakiməsi başa çatmış iki nəfər isə digər dəstə üzvləri ilə birlikdə Əmrah İmanovun evinə toplaşıb, İŞİD-ə biət etməkdə ittiham olunur. İttihamda yazılıb ki, onlar öncə dəstəmaz alıb İşa namazı qılıblar, sonra isə çəkilişə hazırlaşıblar. Əmrah İmanovun gətirdiyi qara maykanı iki hissəyə bölüb üzlərini bağlamaq üçün maska düzəldiblər. Ardınca da olanları videoya çəkiblər. Videoda isə İŞİD-i dəstəklədiklərini bildiriblər.

“Əmrah telefonunu mənə verdi, çəkməyə başladım. Çəkiliş zamanı Zaur ərəb və rus dillərində danışırdı. Bu dillərin heç birini bilmədiyim üçün nə dediklərini anlamırdım. Amma arabir rus dilində danışanda başa düşdüm ki, Zaur İŞİD-dən danışır. Zaurun çıxışı təxminən iki dəqiqə çəkdi. Hamımız birlikdə çəkilişə baxdıq. Əmrah “Bluetooth” vasitəsilə videonu Zaura köçürdü. Fuadla Zaur mənə videonun heç kimin əlinə düşməməsi barədə tapşırıq verdilər. İstifadəmdə olan mobil telefonu satmalı olduğum üçün telefonun yaddaşından hər şeyi, o cümlədən həmin videonu da sildim”, – təqsirləndirilən Aydın Gülməmmədov belə deyir.

Buna da bax:​ İraq Ninəvanın İŞİD-dən azad edildiyini elan edir (VİDEO)

Ümumiyyətlə, təqsirləndirilən şəxslərin heç biri ittihamda yazılanlarla razılaşmır.

Elə Gülməmmədovun vəkili Osman Kazımov da deyir ki, ittiham tərəfi ortaya ciddi sübutlar qoya bilməyib: “Bu qədər ağır ittiham veriblər, amma sübut yoxdur. Kiminsə xahişi ilə video çəkmək İŞİD-i dəstəkləməyin sübutu sayıla bilməz”.

Günün bütün mövzuları

XS
SM
MD
LG