Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

İranlı rejissor: 'Senzura evin içində başlayır'


Abdolreza Kahani
Abdolreza Kahani

İranın Mədəniyyət və islami irşad nazirliyi ölkədə filmləri çəkilməzdən öncə güclü yoxlamadan keçirərək təsdiqləməlidir. Artıq çəkilməkdə olan filmlər də senzuraya məruz qalır. Çox zaman rejissorlara hətta çəkilişdən öncə müəyyən səhnələri çıxarmaq əmr edilir.

Tanınmış rejissor Abdolreza Kahani, İran İslam Respublikasında 3 filmi qadağan olunandan sonra, 2015-ci ildə Fransaya mühacirət edib. Rejissora öz filmlərini beynəlxalq festivallara təqdim etmək də yasaqlanmışdı. Onun ölkədəki sosial problemlərə fokuslanan filmləri böyük kommersiya uğuru qazanırdı. Ancaq o, İranda İnsan Hüquqları Mərkəzi ilə söhbətdə deyib ki, “bəzən rejissorun hərəkətləri onun filmlərindən daha böyük əhəmiyyət daşıyır”.

2019-cu ilin martında Kahani internetdə nazirliyin əllə yazılmış məktubunu paylaşıb. Məktubda nazirlik onun “Vaght Daarim Haalaa” (“Hələ vaxtımız var”) filminin İranda çəkilməsinə icazə verilməsi üçün dəyişikliklər tələb edir. Tələbdə “oğlanla qızın yataqda olduğu səhnəni kəs”, “öpüş və oğlanın həkimlə danışdığı səhnəni poz” kimi tələblər var idi.

“Senzura yox olmayıb”

İranda bütün rejissorlar, aktyorlar mətbuat nümayəndələri bu nazirliyin daimi və qanunsuz senzurasına məruz qalır. Bu qadağalar çox vaxt hökumətin geyim qaydaları, siyasi və hökuməti tənqid edən məqamlarla bağlı olur.

2017-ci ilin iyulunda Kahani kino sənayesinə cavabdeh qurumlara yazaraq senzuranın İranın kino sənayesinə ziyan vurduğunu bildirib. Onun sözlərinə görə, vəziyyət Hassan Rouhani-nin prezidentliyi dövründə (2013-bugünədək) daha da pisləşib. Halbuki, Rouhani hakimiyyətə gələndə daha açıq cəmiyyət vəd etmişdi.

Nazirliyin icazəsindən sonra çox sayda digər qurumlar problem yaratmağa başlayır. Rejissor onların arasında İslam Təbliğat Təşkilatı, İran İslam Respublikası Teleradiosu (IRIB), bələdiyyələr və s. qurumların adını çəkir.

“Məsələn, IRIB müəyyən filmlərin treylerini (milli televiziyada) göstərməkdən imtina edə bilər. Yaxud da bələdiyyə onların kinoteatrlarda göstərilməsinə imkan verməyə bilər. Hər bir qurum bacardığı formada mane olmağa çalışacaq. Rejissorların həmişə İslam əlaqələri nazirliyi ilə problem olub, ancaq indi onlar digər qurumlarla da əlləşməlidirlər. Əslində, senzura yoxa çıxmayıb, daha da pisləşib”, – o deyir.

Kahaninin sözlərinə görə, qurumlar çox vaxt öz tələblərini yazılı yox, şifahi çatdırır, heç nəyi yazıda göstərmək istəmirlər:

“Hər dəfə mən onlardan yazılı sənəd almağa çalışanda, alınmayıb… Yeganə istisna xaricdə işlədiyimə və bu səbəbdən ora fiziki olaraq gedə bilmədiyimə görə baş verib. Onda ilk dəfə onlar mənə senzuraya məruz qoyduqları şeylərin yazılı siyahısını təqdim etdilər. Mən də bu imkanı illərlə gözləmişdim və onu yaydım”.

“Artıq özümüz deyilik”

“Rejissorların hərəsi bir cür senzuraya məruz qoyulur. Dəqiq qayda yoxdur. Hakimiyyətə yaxın olanlarla yaxın olmayanlardan fərqli davranılır. Bəziləri o xəyali qırmızı xətləri problem yaşamadan keçə bilir. Bu adətən müəyyən qurumların bəyəndiyi mesajları olan filmlər çəkən rejissorlardır. Mən moda industriyası haqda film çəkməyə çalışdım, ancaq xahişim rədd edildi. Sonra kimsə eyni mövzuda film çəkdi və daha sonra öyrəndim ki, onu hökumət qurumları dəstəkləyir. Sonradan elə həmin rejissor Ekranlaşdırmaya İcazə Şurasının üzvü oldu.…Təəssüf ki, senzura təkcə dövlət qurumları tərəfindən yeridilmir. Senzura İranda hər kəsin həyatının bir hissəsinə çevrilib. Gözümüzü açıb senzuranı görürük. Senzura təkcə ədəbiyyat, musiqi və kinoya təsir etmir. Senzura evin içində başlayır. Biz evdən çıxmaq üçün başımızı bağlamalı olanda …artıq özümüz deyilik. İran cəmiyyətində hətta dindar adamlar da özlərini senzuraya məruz qoymalıdırlar, yoxsa özəl sektorda iş tapa bilməzlər…” – Kahani deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG