Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:55

İran indi də senzurasını ixrac edir


"Məmnun" filmindən kadr
"Məmnun" filmindən kadr

AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, İran artıq özünün sərt senzura siyasətini ölkə xaricinə çıxarmağa başlayıb.

Tehran İran rejissorlarının birindən öz filminin Kanadada göstərilməsindən imtina etməyi tələb edib.

Rejissor Abdolreza Kahaninin “Məmnun” adlı filmi ötən ay Torontonun kinoteatrlarından birində göstərilməli idi.

Lakin Kahani İranın Mədəniyyət Nazirliyindən xəbərdarlıq aldıqdan sonra filmin nümayişini ləğv etdirib.

Kahaninin filminin çəkilişində iştirak etmiş şəxslərdən biri anonimlik şərtilə AzadlıqRadiosuna deyib ki, nazirlik rejissora bu filmin Kanadada göstərilməsindən imtina etməyi “məsləhət” görüb. Ona başa salınıb ki, əks halda, onun Taylandda çəkilmiş “Biz səni sevirik, xanım Yaya” adlı başqa bir filminin İran ərazisində nümayişinə qadağan qoyulacaq.

Abdolreza Kahani
Abdolreza Kahani

Həmin mənbə AzadlıqRadiosuna deyib: “Biz bu filmin Kanadada göstəriləcəyini elan edib biletlərimizi satanda belə bir mesaj gəldi ki, filmin nümayişindən imtina edək. Mesajda deyilirdi ki, əks halda Kahaninin Taylandda çəkilmiş filminin İranda göstərilməsinə icazə verilməyəcək”.

Mənbə bildirib ki, Kahanidən başqa, Taylandda çəkilmiş “Biz səni sevirik, xanım Yaya” filminin prodüserlərinə də rejissora təsir göstərmələri üçün təzyiqlər edilib.

“Məmnun” filmi Torontoda noyabrın 24-də göstərilməli idi.

Kahani Radio Canada stansiyasına müsahibəsində demişdi ki, “Məmnun” filmi İranda yaxşı həyat yaşamaq istəyən üç qadın barəsindədir. Onlar bu məqsədlərinə çatmaq üçün varlı kişilərlə görüşməyə çalışırlar.

Problemli film

İran Mədəniyyət Nazirliyinin bir sözçüsü hələ 2016-cı ildə demişdi ki, “Məmnun” “əxlaqsız” bir filmdir.

Nazirlikdə filmlərin nümayişinə icazə verən komitənin bir üzvü isə bildirmişdi ki, “Məmnun” “əvvəlindən axırına qədər problemli bir filmdir”. O təfərrüatlara varmasa da, qeyd etmişdi ki, filmə düzəlişlər edilməlidir.

Kino tənqidçisi Xosrov Dehğan isə deyib ki, İran Mədəniyyət Nazirliyinin “Məmnun” filminə Kanadada qadağan qoydurması misli görünməmiş bir hadisədir.

Dehğan Cameeyi Fərda qəzetinə müsahibəsində deyib ki, Mədəniyyət Nazirliyi belə bir göstərişlər verdiyini heç vaxt boyununa almaz, çünki bu, onun səlahiyyətlərini ölkə sərhədlərindən o yana keçirməyə çalışmasının təsdiqi olar.

Dehğan deyib: “Başqa sözlərlə İran açıq şəkildə deyə bilməz ki, bizdə qadağan olunan hər hansı bir film xaricdə də qadağan olunmalıdır”.

Ölkədə qadağan, xaricdə uğurlu

İran hökuməti indiyədək başqa cür hərəkət edirdi. Adətən xaricdə mükafat alan filmlər ölkə daxilində qadağan olunardı.

İndi isə İran rəsmiləri İranda qadağan edilmiş filmlərin heç xaricdə də göstərilməsini istəmirlər.

Dissident kinorejissor Cəfər Pənahi 2010-cu ildə 6 il müddətinə azadlıqdan məhrum edilib və onun kino sənayesində fəaliyyətinə 20 illik qadağan qoyulub. Onun gizlicə çəkdiyi “Taksi” filmi 2015-ci ildə Berlin Beynəlxalq Kino Festivalının “Qızıl Ayı Mükafatını” almışdı.

Cəfər Pənahi
Cəfər Pənahi

Pənahi Cameeyi Fərda qəzetinə deyib ki, İran, filmlərin xaricdə nümayiş etdirilməsinə qarışmamalıdır.

Rejissor bildirib ki, xarici ölkələr olmasaydı, İran kinosu ümumiyyətlə inkişaf etməzdi.

Pənahi əlavə edib: “Hakimiyyət ya bu kinonu birdəfəlik qadağan etməli, ya da başqa bir həll yolu tapmalıdır”.

Camaatın gözü kor deyil

Esfandiari yazır ki, İranda kino yaradıcıları üzərinə çoxsaylı məhdudiyyətlər qoyulub.

Onlar qadınları hicabsız çəkə bilməzlər. Habelə ekranda qadınlar və kişilər arasında heç bir fiziki təmas ola bilməz. Bir də əlbəttə, İslam prinsiplərinin hər hansı şəkildə tənqidi qadağandır.

Bu məhdudiyyətlət filmlərin potensial mövzularını da daraldır.

Buna baxmayaraq İran rejissorları bütün dünyada məşhurlaşan, hətta mükafatlar alan filmləri çəkə biliblər.

İranda hətta qadağan olunmuş filmləri də qara bazardan almaq və gizlicə baxmaq mümkündür. Adamlar qadağan olunmuş filmlərə internetdə də baxa bilirlər.

Kahani iyul ayında islahatyönlü Şərq qəzetində yazırdı ki, İran rejissorlarına həyat həqiqətlərini göstərmək qadağan olunub.

"Biz nədən qorxuruq? Hazırkı reallıqlardan? Adamlar onsuz da hər şeyi filmlərsiz və rejissorlarsız da bilirlər” – yazmışdı Kahani.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG