İranın Şərqi Azərbaycan ostanında bu ildən türk dilinin (Azərbaycan dilinin – red) tədrisi gözlənilir. İranın Təhsil Nazirliyinin bir neçə gün öncə verdiyi məlumata görə, Şərqi Azərbaycan əyalətindəki “bəzi məktəblər”də “pilot dərslərə” başlanacaq. Tələbələr həftədə iki saat, ümumilikdə 60 saat Azərbaycan dili dərsləri alacaqlar.
Nazirin əmrinə əsasən, ibtidai məktəblərin 4-cü və orta məktəblərin 9-cu sinfində Azərbaycan dilində dərs deyiləcək. Bu məqsədlə xüsusi proqram hazırlandığı qeyd olunur. Hər məktəb bu dərslərin məzmununu özü müəyyənləşdirəcək. İlkin mərhələdə sınaq dərsləri keçiriləcək.
“Bu tayda da bütün dərslərin ana dilində keçirilməsini istəyirik”
İranda təxminən 30 milyon azərbaycanlının yaşadığı bildirilir. Onlar ana dilində təhsil almaq tələblərini vaxtaşırı səsləndirirlər. Bu haqların təmin edilməməsinə etiraz edənlər sırasında həbsə atılan, sürgünə göndərilənlər var.
Onlardan biri də 8 il azadlıqdan məhrum edilən, haqqında 2 il sürgün qərarı çıxarılan milli fəal Abbas Lisanidir.
Onun həyat yoldaşı Rüqəyya Əlizadə AzadlıqRadiosu-na açıqlamasında ana dili dərsinin keçirilməsi qərarını alqışladığını söyləsə də, gerçəkləşəcəyinə şübhə etdiyini də gizlətmir:
“Bu qərar qəti deyil. Belə bir addım olsa çox yaxşı olar, çox yaxşı qarşılanar. Bu yolda döyüşənlərin, mübarizə aparanların arzusu, istəyi öz ana dilində oxumaqdır. Biz bu tayda da bütün dərslərin ana dilində keçirilməsini istəyirik, necə ki o tayda hamı ana dilində yazıb oxuya bilir. Amma o qədər yalan xəbərlər gedir ki... Heç bilmirəm bu xəbər doğrudur, ya yalan. Məktəb açılanda biləcəyik”.
Rüqəyya Əlizadənin sözlərinə görə, hələlik, Azərbaycan dilində dərslərin Təbrizdə bəzi məktəblərdə keçiriləcəyi haqda danışılır, onun yaşadığı Ərdəbildə bu, mümkün deyil.
Dərslik və müəllim problemi
İranda yaşayan azərbaycanlıları narahat edən həm də bu dildə dərsliklərin, qaynaqların olmaması, eləcə də dili tədris edəcək müəllimlərin, demək olar, yoxluğudur.
Rüqəyya Əizadə də birinci növbədə dərslik probleminin həll edilməli olduğunu düşünür. Ona görə də bu dildə dərslərin keçirilməsinin tezliklə mümkün olmayacağı qənaətindədir, o, öncədən xeyli hazırlıq görülməli olduğunu düşünür.
İranda yeni dərs ilinin başlanmasına az qalır. Təhsil Nazirliyi bu layihənin qısa bir müddətdə hazırlanaraq icra olunacağını bildirir.
Azərbaycan Respublikasında da İran dövlətinin bu qərarına sevinənlər çoxdur. Sosial şəbəkə istifadəçilərindən bəziləri qərara görə bir-birini təbrik edir.
“Farsca yetərlilik” testinə etirazlara cavab addımı?
“Bizim dərslikləri kimlərin, hansı üsulda hazırlayacağı haqda hər hansı bilgimiz yoxdur”, – əslən İrandan olan azərbaycanlı Vahid Qaradağlı narahatlığını bölüşür.
Almaniyada yaşayan İran azərbaycanlısı, hüquqşünas Nağı Mahmudi də tədrisin keyfiyyətinin sual altında olduğunu, bir aya dərsliklərin hazırlanmasının mümkünsüzlüyünü bildirir.
Vahid Qaradağlının bəzi şübhələri var. Bu da səbəbsiz deyil, indi İranda məktəbə başlayan uşaqlar “farsca yetərlilik” testindən keçirilir. GunazTV yazır ki, bu qərar təhsil nazirinin ibtidai təhsil üzrə müavini tərəfindən elan olunduqdan sonra çoxlu etirazlara səbəb olub.
“İran dövləti qeyri-fars öyrəncilərlə bağlı farslaşdırma və assimilyasiya siyasəti aparır. 5-6 yaşında məktəbə gedən uşaqların farsca bilib-bilmədikləri test edilir. Farsca bilməsələr məktəbə götürmürlər, onları başqa mərkəzlərə yönləndirirlər, orda farsca öyrədilir, farsca dil bilgiləri artırılır. O üzdən bu test siyasətiylə yeni xəbərin – türkcə tədris xəbəri ziddiyyətlidir və səmimi hesab etmirik, sadəcə, şou kimi baxırıq. İran dövləti bu addımında səmimi olsaydı, irqçi siyasətinə, yəni uşaqların farsca bilgisini yoxlamaq siyasətinə son qoyardı”, –Vahid Qaradağlı söyləyir.
Hüquqşünas Nağı Mahmudi nazirliyin bu qərarını “farsca yetərlilik” testinə çoxsaylı etirazlara cavab addımı kimi dəyərləndirir: “Bu testə çoxsaylı etirazlar oldu. Azərbaycanlılar buna qarşı çıxdılar. Bu qərarı da etirazların nəticəsi saymaq olar”.
“39 il öncə təsbit etdikləri maddə qısır, dəyərsiz bir şey idi və görünür...”
Hüquqşünas məsələnin hüquqi tərəfinə diqqət çəkir. O, 39 il öncə İranda yeni Konstitusiya qəbul edilərkən 15-ci maddədə qeyri-farsların da ana dili və ədəbiyyatını öyrənmək haqlarının qeyd olunduğunu xatırladır:
“Bu maddə ana dilində təhsil almağı nəzərdə tutmur, sadəcə, ana dilini öyrənmək hüququndan danışılır. O zaman da Millət Məclisində böyük mübahisələr getmişdi. Yəni qeyri-farslar ana dillərini necə, harda öyrənəcəklər? Bunun üçün özəl müəllim olacaqmı, kitablar olacaqmı?”
Nağı Mahmudi Təhsil Nazirliyinin indiki qərarını da “bəzi mədrəsələrdə test kimi nəzərdə tutulduğundan kiçik miqyasda bir addım” kimi dəyərləndirir. “39 il öncə təsbit etdikləri maddə qısır, dəyərsiz bir şey idi və görünür, bunu belə doğru-düzgün tətbiq etmək istəmirlər”, - hüquqşünas əlavə edir.
Nağı Mahmudinin qənaətincə, başlıca tənqid hədəfi İran dövlətinin ərazisində yaşayan milyonlarla azərbaycanlının, ərəbin, kürdün haqqını-hüququnu tanımamasıdır:
“Həmin 15-ci maddədə deyilir ki, fars dili dövlət dilidir, digər xalqların dili məhəlli dil kimi qəbul olunmalıdır. Hər halda, dövlətin statistikasına görə bu ölkədə türklərin (azərbaycanlıların – red)sayı çoxdur, 30 milyon türk yaşayır, eləcə də başqa xalqlar. Onların sayı farslardan çox olduğu halda farscanın dövlət dili elan edilməsi qanuna ziddir, bu, ədalətsizlikdir. Türk və ərəb dili rəsmi dil olmalıdır, necə ki başqa ölkələrdə çoxsaylı etniklərin dili dövlət dili səviyyəsinə qaldırılır”.
Nağı Mahmudinin haqqında danışdığı məsələ dəfələrlə səsləndirilib. Amma Tehran bu təklifləri müzakirə etmir. İran dövləti insan haqlarının ən çox pozulduğu ölkələr sırasındadır.