Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:33

İran məclislərində oxunan “Azərbaycan marşı”


Təbrizin Traktor komandasının oyunu
Təbrizin Traktor komandasının oyunu

“Traktor”un oyununda azarkeşlər hər 15-ci dəqiqədə ayağa durub deyirlər ki, ana dilində hər kəsə mədrəsə olmalıdır”.

Fevralın 21-i beynəlxalq ana dili günüdür. Hələ də öz ana dilində təhsil ala bilməyən xalqlar var.

O xalqlardan biri də İran azərbaycanlılarıdır. Vaxtaşırı bu ölkədə yaşayanlar bu tələbi gündəmə gətirirlər, bununla bağlı həbsə düşən, cəza alanlar da olur.

Milli fəal, yazar Əli Xeyrcu AzadlıqRadiosu-na bu haqda danışır. Söhbətə bir arzusu ilə başlayır: “O gün olsun heç bir uşaq ana dilində təhsil almaqdan məhrum olmasın. Bu, hər kəsin təməl haqqıdır, heç kim bunu dana bilməz. YUNESCO-nun tələbidir ki, dövlət uşaqların ana dilində təhsil almasında görəvlidir, buna yol açmalıdır. Amma biz İranda bunu görməmişik”.

Hazırda Almaniyada yaşayan, hüquqşünas Nağı Mahmudi isə bu məsələnin hüquqi tərəfindən danışır. Onun sözlərinə görə, İran İslam Respublikasının qanunları onlara ana dilində təhsil almağa imkan vermir.

15-Cİ DƏQİQƏ

“İran çoxmillətli dövlətdir. İran Konstitusiyasının 15-ci maddəsində bu ayrı-seçkiliyə qanuni don geyindirilib. Orda deyilir ki, İran millətinin (əslində, İran milləti özü düzgün ifadə deyil) dili, əlifbası farscadır, onun rəsmi qurumlarla məktublaşması, yazışması, əlifbası, dərslikləri farsca olmalıdır. Yalnız Konstitusiya bir istisna tanıyır. İrandakı məhəlli dillərin ədəbiyyat nümunələri qəzetdə, mediada fars dilində çap oluna bilər”, – Mahmudi söyləyir.

Milli fəal Əli Xeyrcu deyir ki, İran Konstitusiyasının 15-ci maddəsinə görə, ayrı dillərin də ədəbiyyatı tədris oluna, KİV-də işlədilə bilər:

“19-cu maddədə deyilir ki, bu ölkədə yaşayan kürd, fars, ərəb, bəlus, türkman arasında fərq yoxdur, hamısı qanun qarşısında bərabərdir. Ancaq təəssüf ki, İranda ana dilində təhsil almaq mümkün deyil. Ona görə də vaxtaşırı etirazlar olur. Azərbaycanın milli fəalları da neçə illərdir bu yolda çalışırlar, mədrəsədə, məktəbdə ana dilində oxumaq istəyirlər. Amma bizim uşaqlar mədrəsədə fars dili öyrənirlər. Sistem elə qurulub ki, başqa xalqlar assimilyasiyaya uğrayır, öz ana dillərini itirirlər”.

Əli Xeyrcu bir də ona təəssüflənir ki, ana dilini tələb edən azərbaycanlılar çox vaxt həbs edilir. Həbs edilənlərdən biri o özü olub. İndi həbsdə başqa milli fəalların olduğunu bildirir: “Abbas Lisani, Lətif bəy Həsəni, Siyamək Mirzayi, İbrahim Nuri və başqaları həbsdədirlər”.

Bununla belə, o, həbslərin milli fəalları qorxutmadığını vurğulayır:

“Təbrizin futbol komandası “Traktor”un oyununda azarkeşlər hər 15-ci dəqiqədə ayağa durub deyirlər ki, Azərbaycan dilində hər kəsə mədrəsə olmalıdır. Niyə 15-ci dəqiqə? Ana Yasanın 15-ci maddəsi ana dilində təhsil almağı haqq kimi tanıyır”.

Amma o, mübarizənin davam etdiyini bildirir: “Fevralın 20-də təkcə Marağada minə qədər imza toplandı ki, ana dilində təhsil alaq”.

“MARŞI GƏNCLƏR OXUYUR”

Nağı Mahmudi isə deyir ki, son illər ana dilində mübarizə güclənib: “2006-cı ildə İranda rəsmi qəzetdə azərbaycanlılarla bağlı karikatura çıxdı və bundan sonra bir oyanış başladı. İndi məktəblərdə ana dilində kitablar paylanır, insanlar milli kimlikləri ilə maraqlanırlar.

Nağı Mahmudi
Nağı Mahmudi

Bu hadisə dönüş nöqtəsi oldu. İndi İranın böyük-kiçik şəhərlərində, ucqar kəndlərində türklərin məclisində “Azərbaycan marşı” səsləndirilir. Sözlərini Bəxtiyar Vahabzadə yazıb, musiqisini Emin Sabitoğlu bəstələyib.

Azərbaycan, sənsən mənim,
Ülviyyətim, şan-şöhrətim.
Adın mənim öz adımdır,
Sənsiz mənim nə qiymətim.
Azərbaycan, Azərbaycan.
Yaşa, yaşa, Azərbaycan.
Biz tarixə sığınmadıq,
Dünən vardıq, bugün varıq.
Biz dostluğa güvənərək,
Gələcəyə addımlarıq.

Bunu milli fəal Həsən bəy Dəmirçi 40 il öncə dəb saldı. Getdiyi bütün məclislərdə oxuyardı. İndi də gənclər oxuyur”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG