Tehran nüvə obyektlərində müşahidə görüntülərinə çıxış üzrə BMT-nin atom enerjisi agentliyi ilə sazişi uzatmaqla bağlı hələlik qərar verməyib. Açıqlamanı iyunun 28-də İranın Xarici İşlər Nazirliyi yayıb.
İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında üç aylıq saziş ölkənin nüvə obyektlərində videogörüntülərin saxlanmasını nəzərdə tutur. Ötən həftə sazişin müddəti bitib.
“Nə müsbət, nə mənfi qərar verilib. Nə sazişin uzadılması, nə də datanın pozulması ilə bağlı. İndilik əvvəlki mövqedəyik”, – Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə jurnalistlərə deyib.
“Data və görüntülər İranın mülkiyyətində qalacaq”
Parlamentin spikeri Məhəmməd Bağır Qalibaf isə iyunun 27-də deyirdi ki, Tehran görüntüləri heç vaxt verməyəcək.
“Sazişin vaxtı bitib... Qeydə alınan heç bir informasiya Beynəlxalq Atom Enerjisi Agentliyinə verilməyəcək, data və görüntülər İranın mülkiyyətində qalacaq”, – yarırəsmi Tasnim xəbər agentliyi Qalibafa istinadla yazıb.
BAEA Tehranla üç aylıq monitorinq sazişini fevralda əldə edib. Sazişdə nüvə obyektlərində bəzi fəaliyyətin monitorinq olunmasına da icazə verilirdi. Agentliyə İranın nüvə obyektlərindəki müşahidə kameralarında görüntüləri yığaraq təhlil etməyə icazə verən sazişin müddəti iyunun 24-də bitib.
İranla Birləşmiş Ştatlar hazırda 2015-ci il nüvə sazişini dirçəltmək üzrə vasitəçilərin köməyi ilə danışıqlar aparırlar. Nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.
“Ciddi narahatlıq”
Keçmiş prezident Donald Tramp 2018-ci ildə sazişdən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Bundan sonra İran da öhdəliklərinin icrasını məhdudlaşdırmağa başladı.
Prezident Co Bayden Tehranın öhdəliklərinə əməl edəcəyi halda razılaşmaya qayıtmağa hazır olduğunu açıqlayıb.
İran Prezidenti Həsən Ruhaninin administrasiya rəhbəri Mahmud Vaizi ötən həftə deyib ki, ölkənin Ali Milli Təhlükəsizlik Şurası BAEA ilə sözügedən razılaşmanı uzatmaqla bağlı qərarını verəcək.
ABŞ-ın Dövlət katibi Entoni Blinkenin iyunun 15-də deməsinə görə, Tehranın monitorinq sazişini uzatmaması daha geniş danışıqlar üçün “ciddi narahatlığa” səbəb olar.