Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:17

İranda gərgin dönəmdə film festivalı açılır


İran, Fəcr Film Festivalı, 1 fevral, 2018
İran, Fəcr Film Festivalı, 1 fevral, 2018

Ötən gün Tehranda nüfuzlu Fəcr Film Festivalının açılışı olub. Sayca 36-cı olan builki festival siyasi gərginlik, iqtisadi qeyri-sabitlik, və mədəniyyət sahəsindəki mövcud duruma etirazlar fonunda baş tutur.

10 gün davam edəcək Fəcr Film Festivalı İran kinosunun ötən il baş vermiş yeniliklərini əks etdirir. Ancaq yeni filmlərdə hər hansı siyasi narazılıq əlaməti gözə dəymir. Sərt senzuradan keçmiş filmlərin bəziləri heç vaxt ictimai kinoteatrlarda göstərilməyəcək. Senzura qanunu təkcə kinematoqrafçılara nəyi göstərməyəcəklərini yox, çox zaman həm də nəyi göstərməli olduqlarını diktə edir. Senzorlar film yaradıcılarına iranlıların gündəlik boz həyatını necə təsvir edəcəklərini də buyururlar.

QADINLARA HƏSR OLUNMUŞ FİLMLƏR VAR

Film festivalı İranda 1979-cu ildə baş vermiş islam inqilabının ildönümünə həsr olunub. Tədbirin adı da Ayatollah Khomeini-nin İrana qayıdışı ilə şah rejiminin çökməsi arasındakı 10 günü bildirir. İranda 1-11 fevral tarixlərinə düşən bu dövrə "Sübhün on günü" (Fəcr) deyilir.

Buna da bax: İranda etirazlar: Cəmiyyət və iqtisadiyyat son 8 ildə necə dəyişib [rəqəmlər]

Builki festivalda sərgilənən 20-dən artıq film arasında rejissor Manijeh Hekmat-in "Köhnə yol" adlı filmi də var. Filmdə kişilərin dominant olduğu İran cəmiyyətində qadının həyat uğrunda mübarizəsindən söz açılır. Soheil Beiraqi-nin "Soyuq tər" filmi isə xaricdə keçirilən çempionatda qatılmaq üçün ərindən icazə almalı olan qadın futbolçu haqqındadır. Hamid Nematollah-ın "Yanğı" filmində "normal" olmağa səy göstərən kişidən söz açılır. Festivalda bundan başqa Mehran Ahmadi-nin "Müsadirə" komediyası, Hooman Seyyedi-nin "Balaca çürük beyinlər" filmi, habelə 1980-ci illərin İran-İraq müharibəsinə həsr olunmuş, dövlət dəstəyilə çəkilmiş bir neçə film də nümayiş olunacaq.

Görünür, bəzi kinematoqrafçılar filmlərinin yasaqlanmasına yol aça biləcək həssas məqamlardan yayınmaqdan ötrü festivala qatılmamağı qərara alıblar.

Film festivalın açılışında
Film festivalın açılışında

Fəcr Film Festivalı inqilabdan bir neçə il sonra, 1982-ci ildə təsis edilib. Bu müddətdə nümayiş olunan ən asi əyləncə və siyasi təbliğat filmlərindən başqa bir neçə həqiqətən keyfiyyətli film də təqdim olunub, Kann və Berlin kinofestivalları kimi nüfuzlu tədbirlərdə uğur qazanmış rejissorlar üzə çıxıb.

Buna da bax: İrandan qayıdan Azərbaycan vətəndaşı: 'Kimə çatırsan, şikayətlənir'

NÜFUZLU MÜKAFATLAR ALAN REJİSSORLAR

Uğurlu və beynəlxalq miqyasda tanınan rejissorlardan Abbas Kiarostami, Jafar Panahi Asghar Farhadi-nin adlarını çəkmək olar.

Abbas Kiarostami 1997-ci ildə çəkdiyi "Gilas dadı" filminə görə Kann festivalının "Qızıl Palma" mükafatına layiq görülüb.

Jafar Panahi-nin layiq görüldüyü çoxsaylı nüfuzlu mükafatlar arasında 2000-ci ildə "Çevrə" filminə görə aldığı Venesiya kino festivalının "Qızıl Şir" mükafatı və 2015-ci ildə isə "Taksi" filminə görə Berlin festivalının "Qızıl Ayı" mükafatı da var.

Buna da bax: Asghar Farhadi "Oscar"la bağlı susqunluğunu pozdu. Yeni filmindən danışdı

Asghar Farhadi isə iki dəfə Amerika Kino Akademiyasının "Oscar" mükafatına layiq görülüb: 2012-ci ildə "Ayrılıq" filminə və 2017-ci ildə "Satıcı" filminə görə.

İran kinosu beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olduğundan bir növ xalq diplomatiyası vasitəsinə çevrilib. Rouhani administrasiyası da daxil bir neçə hökumət İran filmlərindən Qərbdə qəlbləri və beyinləri fəth etmək, habelə siyasi dəstək almaq üçün yararlanıb. Mədəniyyət naziri Abbas Salehi Fəcr festivalının açılışından bir gün öncə təşkilatçılara xitabən İran filmlərinin "mədəni diplomatiyadakı" müstəsna rolunu qabardıb.

Buna da bax: Türkmənistan İrandan borcunu beynəlxalq arbitrajla almaq istəyir

2017-ci ildə Asghar Farhadi layiq görüldüyü "Oscar" mükafatını götürmək üçün Los Ancelesə getməkdən imtina edib. Bunun əvəzində rejissor öz filmini Londonun məşhur Trafalqar meydanında ictimaiyyətə göstərib və ABŞ prezidenti Donald Trump-ın bir sıra müsəlman ölkələrinin vətəndaşlarına tətbiq etdiyi səfər qadağasını tənqid edən bəyanat yayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG