Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 00:47

İranın bəzi şəhərlərində işsizlik 60 faizə çatıb


İranlılar

İran İslam Respublikasının daxili işlər naziri işsizliklə bağlı narahatlıq bildirib. Onun sözlərinə görə, bəzi şəhərlərdə əməkqabiliyyətli əhalinin 60 faizə qədəri işsizdir.

İranın Tələbə Xəbər Agentliyinə (ISNA) müsahibə verən nazir qeyd edib ki, işsizlik səviyyəsinin yüksək olduğu yerlərdə bunun ictimai zərəri özünü daha kəskin göstərir.

RƏSMƏN 12 FAİZ OLAN İŞSİZLİK...

Nazir Abdol-Reza Rahmani Fazli müsahibəsində deyir ki, İranda bütün ölkə üzrə orta işsizlik səviyyəsi 12 faiz olsa da, bəzi şəhərlərdə bu göstərici 60 faizə çatıb. Ancaq nazir işsizlik səviyyəsinin yüksək olduğu şəhərləri sadalamayıb.

Prezident Hassan Rouhani-nin müşaviri, iqtisadçı Masoud Nili isə söyləyib ki, cəmiyyətdə üç zümrə arasında işsizlik böhran həddinə çatmaqdadır: gənclər, qadınlar və alitəhsilli şəxslər.

***Buna da bax-Prezident: 'İşləmək istəyən özü üçün iş tapar'

Ötən il işsizlik səviyyəsinin rəsmən 12.04 faiz olduğu bildirilsə də, bəzi əyalətlərdə bu göstərici bundan xeyli daha yüksək olub. Məsələn, Kermanşahda 22 faiz, Çahar Mahal və Bəxtiyari əyalətlərində 20.02 faiz, Kürdüstanda 15 faiz işsizlik qeydə alınıb. Bunlar İranın işsizlikdən ən çox əziyyət çəkən əyalətləridir.

Ölkənin kooperativlər, əmək və rifah naziri Ali Rabiei-nin sözlərinə görə, ümumilikdə 3 milyon 200 min iranlı işsizdir. Ancaq parlamentin nəzdindəki Tədqiqat Mərkəzinin hesablamalarına görə, ölkədə işsizlərin sayı 6 milyon 500 min - 7 milyon nəfər arasındadır.

Rəqəmlər arasında belə böyük fərq hökumətin işsizliyi fərqli meyarlarla təyin etməsiylə bağlı ola bilər. Məsələ burasındadır ki, hökumət həftədə bircə saat işləyən adamları işsiz saymır. Beləliklə də, hökumət işsizlərin sayını, əslində, olduğundan xeyli az göstərir.

970 MİN İŞ YERİ ÖHDƏLİYİ

Altıncı Beşillik İnkişaf Planına əsasən, hökumət cari İran ilində (yəni, 2017-ci il martın 21-dən başlayaraq) 970 min yeni iş yeri açmaq haqda öhdəlik götürüb.

***Buna da bax-Səlim Müslümov: 'İş üçün müraciətlər azalıb'

Rouhani-ni tənqid edənlər yaranmış böhrana görə onun administrasiyasını günahlandırırlar. Ancaq müstəqil iqtisadçılar deyirlər ki, son 38 ildə İranda iqtisadi artım səviyyəsi güclə 3%-ə çatıb. Bu isə əhalinin sürətlə artdığı ölkədə yetərincə iş yerlərinin yaradılmasına adekvat göstərici deyil.

Daxili işlər naziri öz müsahibəsində heç bir rəqəm göstərmədən universitet məzunu olan işçi qüvvəsi arasında işsizliyin orta səviyyədən xeyli yüksək olduğunu etiraf edib. Nazir deyib ki, ölkənin sosial problemlərinin müzakirəsi üçün ali dini lider Ali Khamenei ilə yüksəksəviyyəli görüş keçirilib.

«İşsizlik və sosial problemləri həll etmək yönündə görülmüş tədbirlər haqda məruzə edilib. Ancaq hələ bu istiqamətdə çox uzun yol gedilməlidir», – deyə Abdol-Reza Rahmani Fazli vurğulayıb.

22 FAİZ RƏQƏMİ SƏSLƏNMİŞDİ

Ancaq daha öncə kooperativlər, əmək və sosial rifah nazirinin müavini Hassan Taei qeyd etmişdi ki, universitet dərəcəsi olan əməkqabiliyyətli insanlar arasında işsizlik səviyyəsi 21.5-22 faiz arasındadır.

Nazir Rahmani Fazli əlavə edib ki, «Ali Khamenei sosial problemlərlə bağlı məsələləri prioritetlər sırasına daxil edib».

İranın hökumət rəsmiləri sosial problemlər arasında, əsasən, narkotik aludəçiliyi, yoxsulluq, yoxsul və gecəqondu məhəllələri, insanların məktəbi yarımçıq buraxması, cinayətkarlıq və boşanma səviyyəsinin yüksək olmasını qeyd edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG