Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 13:25

Səlim Müslümov: 'İş üçün müraciətlər azalıb'


İşsiz qalan Azərbaycan vətəndaşları (arxiv fotosu)

"Azərbaycanda iş üçün müraciət edənlərin sayı 2,2 dəfə azalıb". Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iyunun 20-də mətbuat konfransında belə deyib.

“Report” xəbər verir ki, nazir iş istəyənlərin sayının azalmasını ölkənin əmək bazarında vəziyyətin sabitləşməsi ilə izah edib: "Bu ilin ilk beş ayında 69 min 250 nəfər iş üçün Məşğulluq orqanlarına müraciət edib. Ötən ilin eyni dövründə isə müraciətlərin sayı 141 min 651 olub".

Buna da bax:​ Nazirlik əlillərin tələblərini yerinə yetirə bilmir

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov

Nazirin səsləndirdiyi rəqəm nə qədər gerçəkliyi əks etdirir?

İqtisadçı Natiq Cəfərli bu gün ölkədə muzdlu işçilərin sayının 1,6 milyona yaxın olduğunu və onların təxminən 900 mininin büdcədən maliyyələşən dövlət qurumlarında, yerdə qalanlarının özəl sektorda çalışdığını söyləyir. Bu yerdə N. Cəfərli başqa məqama diqqət çəkir:

“Azərbaycanda əmək qabiliyyətli insanların sayı 5 milyona yaxındır, hətta ondan çoxdur. Yəni əmək qabiliyyətli insanların sayı 5 milyondan çox olduğu halda, onlardan cəmi 1,6 milyonu muzdla çalışır. İndiyədək bir məmur, əlaqədar orqanların nümayəndəsi buna normal izah verə bilməyiblər ki, nəyə görə bu qədər fərq yaranıb. Yəni rəsmi çalışanlarla əməkqabiliyyətli insanlar arasında 3 dəfəyə yaxın fərq var. Bunun səbəbi nədir?”

Buna da bax:​ Nazir müavini: 'Azərbaycanda 'boz' əməkhaqları var'

“Siyasiləşmiş məntiq”

Natiq Cəfərlinin qənaətincə, Azərbaycanda əmək bazarı, iş yerləriylə bağlı statistik göstəricilər “siyasiləşmiş məntiqlə” aparılır. O, uzun zamandır ölkədə, sadəcə, yeni yaranan iş yerləri haqqında məlumat verildiyini, bağlanan, fəaliyyətini dayandıran iş yerləri haqda statistikanın açıqlanmadığını bildirir.

Natiq Cəfərli
Natiq Cəfərli

O ki qaldı nazirin söylədiyi göstəricilərə, yəni “əmək bazarındakı sabitliyə görə iş axtaranların sayının 2 dəfə azalması” haqda dediklərinə, iqtisadçı bunun səbəbini belə izah edir: “Mənə elə gəlir, iş üçün müraciət edənlərin sayının azalması bu struktura, bu instituta inamın olmaması ilə bağlıdır. Çox nadir hallarda kiminsə işsizliklə bağlı müraciətləri normal sonuclanır, yəni insanlar dövlət strukturları vasitəsilə iş tapırlar. Bu inamsızlıq da ona gətirir ki, insanlar əlavə sənəd toplamağa, həmin qurumlara dəfələrlə getməyə ehtiyac görmürlər, bunu vaxt itkisi sayırlar və iş üçün müraciətlərin sayının azalması da bununla bağlıdır”.

Buna da bax:​ 10 ildə 1,6 milyon iş yeri?

Natiq Cəfərli: "Azərbaycanda iş yerləriylə bağlı statistik göstəricilər “siyasiləşmiş məntiqlə” aparılır"
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00
Direct-ə keçid

İş axtaran Məryəmin hekayəti

37 yaşlı Məryəm Əliyeva ixtisasca musiqi müəlliməsidir. Gənc yaşda ailə qurduğundan heç vaxt işləməyib. Ancaq ailənin qazanc gətirəni – ərinin çalışdığı şirkət bağlandıqdan sonra o da iş axtarmağa məcbur qalıb.

“Yoldaşım əvvəlcə şirkətdə işləyirdi, 1500-2000 manat maaş alırdı. Amma Avropa Oyunlarından sonra işləri bağlandı. Aradan iki il keçir. Hər gün iş dalınca evdən çıxır, tanış şirkətlərə gedir, iş elanlarına baxır, amma iş yoxdur. Ona görə özüm işləmək istədim. Bir neçə məktəbə getdim. Bəziləri elə qulaq asmadan ‘yer yoxdur’ dedilər, iki məktəbdəsə pul istədilər. Dedilər ki, ‘gərək 4-5 min manat verəsən’. Məndə o qədər pul hanı? Qonum-qonşuya dedim ki, ‘evdə pianinom da var, uşaqlarınızı hazırlayım, nə verərsiz min bərəkət’. Razılaşan olmadı. Sonra qızımın müəlliməsi məsləhət gördü ki, ‘bəlkə evlərə təmizliyə gedəsən?’ Əvvəlcə mənə ağır gəldi, bir az xətrimə də dəydi, mən ali təhsilli müəllimə, nəyə görə kiminsə evində hamam-tualet təmizləyim?..”

Buna da bax:​ 'Gənclərin çoxu hökumətin iş verəcəyinə inanmır'

Amma üç uşaq anası, çətin də olsa, bu baryeri aşa bilib, çörək, geyim istəyən övladlarının xatirinə şəhərin mərkəzində bir evə təmizliyə getməyə başlayıb.

“Bircə qayınanamın pensiyasıyla nə qədər keçinə bilərik? Artıq yeddi aydır təmizliyə gedirəm. Aya 100 manat verirlər. Günaşırı da corab sexinə ütüyə gedirəm. Bir gecəyə 1000 corab ütüyə vuranda 8 manatım olur. Birtəhər dolanırıq. Yoldaşım iş tapsa, daha yaxşı olar”.

Məryəm Əliyevadan iş üçün özünün və ya ərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanındakı Məşğulluq Xidmətinə müraciət etdiyini soruşanda “Elə bir xidmətdən xəbərim yoxdur” söyləyir.

Buna da bax:​ Azərbaycan ailələrini dağıdan əsas səbəblər - işsizlik və sosial media

Məryəmin əri İbrahim isə hər səhər iş axtarmaq üçün evdən çıxır...

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG