Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:00

İnqilab küçəsinin qızı


«İnqilab küçəsinin qızı»
«İnqilab küçəsinin qızı»

Tehranda ən azı altı, İsfahanda isə bir qadının yanvarın 29-da insanların gur olduğu küçələrdə baş örtüyünü açaraq ağaca bağladığı, sonra da bayraq kimi yellədiyi bildirilir.

Qadınların görüntüləri sürətlə sosial mediada yayılıb. Yanvarın əvvəli baş verən etirazlar zamanı bu aksiyanı başlayan naməlum qadın «İnqilab küçəsindəki qız» adı ilə tanınmağa başlayıb. Fars dilində «doxtər» (qız övladı) sözü işlədildiyinə görə, bu ifadə həm də «İnqilab küçəsinin qızı» mənasını verə bilər.

Kimliyi bəlli olmayan bu qadın ötən il dekabrın 27-də Tehranın ən sıx küçələrindən birində - İnqilab prospektində baş örtüyünü çıxararaq onu havada yelləməyə başlayıb. Zahirən 30 yaşlarında olan qadının videogörüntüləri sürətlə yayılıb və onun bu hərəkəti İran qadınlarının məcburi hicab qaydasına dirənişinin rəmzinə çevrilib. Məcburi geyim kodeksinə tabe olmayan qadınların sayı dəqiqləşdirilməsə də, paylaşılan görüntülərə əsasən, təqribən yeddi qadının etiraz əlaməti olaraq baş örtüyünü açdığını demək olar.

Qadının həbsiylə bağlı açıqlama yoxdur

Tanınmış vəkil, insan hüquqları fəalı və keçmiş siyasi məhbus Nasrin Sotoudeh yanvarın 21-də özünün Facebook səhifəsində «İnqilab küçəsi qızı»nın çadrasını çıxardığı yerə gedərək orada baş örtüyünü açdığını və qürurla bayraq kimi yellədiyini yazıb.

Sotoudeh-nin apardığı araşdırmaya görə, «İnqilab küçəsinin qızı» bu cəsarətli addımdan bir gün sonra həbs olunub, ancaq bir neçə saatdan sonra azad edilib. Sotoudeh həmin qadının adını tapa bilməsə də, onun 19-aylıq körpənin 31-yaşlı anası olduğunu öyrənə bildiyini yazıb.

Bir neçə sosial media istifadəçisi qadının adının Vida Movahed olduğunu iddia etsə də, bu iddia hələ təsdiqlənməyib.

İran karikaturası
İran karikaturası

«Mən «İnqilab küçəsinin qızı»nın başına gələnləri öyrənmək üçün məhkəməyə getdim. Mənə dedilər ki, o, həbs edilib, ancaq bir neçə saat sonra buraxılıb», – Sotoudeh yazıb.

Hələlik, İslam Respublikasının ədliyyə qurumu qadının həbsi barədə hər hansı şərh verməyib.

Yanvarın 24-də «Amnesty International» bəyanat yayaraq, qadının qeyd-şərtsiz buraxılmasına çağırıb. Təşkilat bundan başqa, növbəti dəfə İran rəsmilərini məcburi baş örtüyünə etiraz edən qadınların təqibini dayandırmağa və bu «diskriminativ və alçaldıcı» praktikaya son qoymağa çağırıb.

«Amnesty International»ın bəyanatında deyilir ki, bu praktika on illərlə İran qadınlarının hüquqlarını, o cümlədən ayrıseçkiliyə məruz qalmamaq hüququnu, din azadlığını, ifadə azadlığını, qanunsuz həbs, işgəncə və digər qəddar və qeyri-insani, yaxud alçaldıcı cəzalardan mühafizə hüququnu pozub.

Hicab tarixi

İranda hicabın tarixi yetərincə mürəkkəbdir. Pəhləvi sülaləsinin banisi Rza Şahın dövründə, 1936-cı ildə hicab rəsmən yasaqlanmışdı. Ancaq onun 1941-ci ildə hakimiyyətə gələn oğlu Məhəmməd Rza Şah geyim qaydalarını yumşaldaraq qadınların istədikləri zaman hicab taxmasına icazə verib.

Hicablı modelyer-dizayner
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

1979-cu ildə İslam respublikasının təsis olunmasından cəmi bir neçə ay sonra qəbul edilən qanuna görə, qadınlar nəinki başlarını örtməli, hətta bədən cizgilərini gizlətmək üçün geniş paltarlar geyməli idilər.

Qanun İranın hazırkı prezidenti Hassan Rouhani-nin rəhbərliyi ilə tətbiq edilib. O, təhlükəsizlik agentlərinə çadrasız qadınları öz tabeliyindəki hökumət binalarına buraxmamağı tapşırıb.

Rouhani tez-tez əxlaq polisini hicab qaydalarının icrası zamanı çox sərt olduğuna görə tənqid etsə də, bugünədək ölkədəki sərt geyim qaydalarını dəstəkləməkdədir. 2017-ci ilin avqustunda o, yeni təyin etdiyi hüquq məsələləri üzrə müavini La'ya Joneidi-yə Kabinetin protokoluna uyğun olaraq, çadra (bütün bədəni örtən plaş) geymək əmri verib. Harvard Universitetindən hüquq üzrə doktor dərəcəsi ilə məzun olmuş Joneidi-nin bundan öncə də hicab taxmasına və geyim qaydalarına riayət etməsinə rəğmən, bu əmrə tabe olmaqdan başqa çarəsi qalmayıb.

İranda ictimai yerlərdə hicabsız görünən qadınlar iki ayadək azadlıqdan məhrum edilə, yaxud 500 min rialadək (13 dollar) cərimə oluna bilərlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG