Keçid linkləri

2025, 25 Yanvar, şənbə, Bakı vaxtı 04:19

ABŞ və İran arasında məhbus mübadiləsi baş tutdu


Tehran küçələrindən birində divar plakatı
Tehran küçələrindən birində divar plakatı

ABŞ və İran arasında uzun danışıqlardan sonra əldə olunmuş məhbus mübadiləsi razılaşmasına uyğun olaraq sentyabrın 18-də 5 amerikalı məhbus İranı təyyarə ilə tərk edib.

Xəbər agentliklərinin məlumatında deyilir ki, Qətərə məxsus təyyarə göyərtəsində 5 məhbus və onların iki qohumu ilə birlikdə Tehrandan havaya qalxıb.

Bundan bir qədər əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü demişdi ki, məhbus mübadiləsi yaxın saatlarda baş tutacaq.

Sözçü Naser Kənaani bildirmişdi ki, məhbusların azad edilməsi müqabilində İranın Cənubi Koreyada dondurulmuş aktivləri artıq Qətərə gətirilib.

Məhbus mübadiləsi ABŞ-ın Fars körfəzi regionunda hərbi mövcudluğunu artırdığı bir vaxta təsadüf edir.

Bu razılaşma respublikaçıların prezident Co Baydeni tənqid etməsinə səbəb olub.

Onlar bildirirlər ki, Bayden İranın Yaxın Şərqdəki ABŞ qoşunlarına təhdidinin artdığı bir vaxtda Tehranın iqtisadi qüdrətini artıran sazişə gedib.

Razılaşmaya görə sözü gedən vəsait ABŞ-ın Ərəb yarımadasındakı əsas müttəfiqi Qətərdəki hesablarda saxlanacaq. Bu ölkədə habelə ABŞ-ın hərbi bazaları var.

Razılaşmanın şərtlərinə görə İrana açılan vəsait yalnız humanitar məqsədlərə - dərman və ərzaq alınmasına xərclənə bilər. Əslində ABŞ sanksiyalarında İran üçün belə bir güzəşt nəzərdə tutulub.

İrana kimlər qaytarılır?

Bu da xəbər verilir ki, bu razılaşmaya uyğun olaraq İran rəsmiləri ABŞ-da həbsdə olan 5 nəfəri mübadilə üçün müəyyən ediblər.

Bunların arasında İran üçün təkmil və potensial olaraq ikili istifadə üçün nəzərdə tutulan malların əldə olunmasında ittiham edilən üç nəfər – Mehrdad Ənsari, Rza Sərhəngpur KəfraniKambiz Əttar Kəşani də var.

Qalan iki nəfər Kave Lütfüllah ƏfrasiyabiƏmin Həsənzadədir. Onlar xarici agent kimi qeydiyyatdan keçmədiklərinə və İran üçün mühəndislik planı oğurladıqlarına görə məhkum ediliblər.

Kənaani deyib ki, azad edilən İran vətəndaşlarından ikisi İrana qayıdacaq, daha üç nəfəri isə öz istəkləri ilə ABŞ-da qalacaq.

ABŞ-a kimlər qaytarılır?

ABŞ-a qaytarılan məhbuslardan biri də Siyamək Nəmazidir. O 2015-ci ildə İranda saxlanaraq casusluqda ittiham olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib.

Başqa bir amerikalı-britaniyalı Morad Təhbaz İran mənşəli Britaniya-Amerika alimidir. O və maliyyəçi Emad Şərği də 2018-ci ildə 10 il müddətinə azadlıqdan məhrum olunublar.

Dördüncü və beşinci məhbusların kimliyi açıqlanmır.

İran beynəlxalq aləmdə xarici vətəndaşları həbs etməklə onları gələcək məhbus mübadilələrində istifadə etməkdə ittiham olunur.

İran təhlükəsizlik qüvvələri son etirazlar zamanı heç bir səbəb göstərmədən 40-dək xarici vətəndaşı həbs edib.

İranın pozucu fəaliyyətləri

İran ovaxtkı ABŞ prezidenti Donald Tramp ölkəsini 2015-ci il nüvə razılaşmasından çıxardıqdan sonra Tehran ağır ABŞ sanksiyaları ilə üzləşib.

Prezident Co Baydenin təşəbbüsü ilə 2015-ci il sazişini dirçəltmək üçün keçirilən danışıqlar uğursuz olub.

İran eyni zamanda Yaxın Şərqdə sabitsizləşdirici hərəkətlərini davam etdirir. O son vaxtlarda Hörmüz boğazından keçən gəmiləri saxlayıb, ya da onlara hücum edib.

Pentaqon bildirib ki, ABŞ bütün bunlarla bağlı ticarət gəmilərində hərbçilər yerləşdirməyi planlaşdırır.

Tehran habelə özünün Yaxın Şərqdəki pozucu fəaliyyətlərində Moskva ilə əməkdaşlıq edir, Rusiyanı Ukrayna müharibəsində istifadə üçün döyüş dronları ilə təchiz edir.

XS
SM
MD
LG