Keçid linkləri

2026, 14 İyul, çərşənbə axşamı, Bakı vaxtı 03:32

'Özümü küçədəkindən daha azad hiss edirəm'. İranda kafelərə təzyiq artır

Tehranda kafe
Tehranda kafe

Gənc iranlılar üçün kafelər sığınacaq kimidir – sosial azadlıqların sərt məhdudlaşdırıldığı ölkədə insanların görüşüb ünsiyyət qurduğu, özlərini nisbətən rahat hiss etdikləri məkanlardandır.

“Müxtəlif xarakterli insanların eyni məkanda ünsiyyət qurduğunu gördüyüm üçün kafelərə getməyi sevirəm”, – Tehranda yaşayan 19 yaşlı Aynaz AzadlıqRadiosunun Radio Fərda xidmətinə deyib.

“Təbii ki, sevdiyim məkan var, amma fərqli atmosferli məkanları da sınamağı xoşlayıram. Kafelərdə özümü küçədəkindən daha azad hiss edirəm”, – təhlükəsizlik səbəbindən yalnız adını açıqlayan Aynaz əlavə edib.

Amma vaxtilə xüsusilə gənclər arasında şəhər həyatının ayrılmaz hissəsinə çevrilmiş İranın kafe mədəniyyəti indi dərinləşən iqtisadi böhran və hakimiyyətin artan təzyiqləri ilə üzləşib.

İqtisadi böhran

Sürətlə artan inflyasiya qəhvə və qida məhsullarını kəskin bahalaşdırıb. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, İranda illik inflyasiya bu il təxminən 69 faizə çatacaq. Bu, 1979-cu il İslam İnqilabından bəri ən yüksək göstəricidir.

İllərlə davam edən beynəlxalq sanksiyalar və hökumətin zəif iqtisadi idarəçiliyi ölkə iqtisadiyyatını ciddi zəiflədib. Fevralın sonundan ABŞ və İsraillə müharibə isə 90 milyon əhalisi olan İranı iqtisadi çöküş həddinə çatdırıb.

İranda kafe
İranda kafe

Bu vəziyyət kafe sektoruna da təsir edib. Sahibkarlar artan xərclərlə üzləşir, müştərilər xərclərini azaltmağa məcbur qalırlar.

Tehranda yaşayan bir qadın Radio Fərda-ya bildirib ki, 250 qram qəhvənin qiyməti artıq 15 milyon riala (təxminən 8 dollar) çatıb. Bu isə ötən illə müqayisədə iki dəfə çoxdur.

“Təsəvvür edin, qəhvənin özü bu qədər bahadırsa, kafedə qiymətlər nə qədər yüksəlib”, – adının açıqlanmasını istəməyən qadın deyib.

Tehranda yaşayan 41 yaşlı bir kişi isə bildirib ki, ABŞ və İsrail fevralın 28-də hücumlara başlayandan demək olar, hər gün kafelərə gedirdi. Bu müddətdə hakimiyyətin tətbiq etdiyi internet məhdudiyyəti təxminən üç ay qüvvədə olub:

“Kafelər əhvalımızı qoruyub saxlaya bildiyimiz, dostlarla görüşdüyümüz, özümüzü təcrid olunmuş hiss etmədiyimiz yeganə məkan idi”.

O, sadəcə sifarişlərini dəyişdiyini söyləyib:

“Məsələn, daha bahalı qəhvə əvəzinə çay sifariş edirəm”.

Siyasi təzyiqlər

Hakimiyyət kütləvi yanvar etirazlarından, ABŞ və İsraillə müharibədən sonra müxalif fikirlərə qarşı repressiyalar çərçivəsində kafeləri də hədəfə alıb.

İllərdir İranda kafelər mütəmadi bağlanır, buna Qərb musiqisinin səsləndirilməsi, qadın və kişilərin birlikdə rəqs etməsi, yaxud məcburi hicab taxmayan qadınlara xidmət göstərilməsi səbəb göstərilir.

Son aylar yeni dalğa müşahidə olunur.

İyunun əvvəlində polis Tehranın mərkəzində canlı musiqi ifa olunduğu üçün bir kafeni zorla bağlayıb. Kafenin adı açıqlanmasa da, polis onu "azğın dini cərəyanların" və "şeytani fəaliyyətlərin" təbliğində ittiham edib.

Martda məşhur "Lamiz" kafe şəbəkəsinin fəaliyyətini dayandırıb, kofe stəkanlarının üzərindəki dizaynlar siyasi baxımdan qəbuledilməz sayılıb.

Tehranda kafe
Tehranda kafe

Hakimiyyət üçün məsələ kafeləri aşır. Bu məkanlar İranın dini rəhbərliyinin təbliğ etdiyi dəyərlərlə üst-üstə düşməyən həyat tərzinin simvoluna çevrilib.

Kafelərə təzyiqlər fərdi azadlıqların məhdudlaşdırılması çərçivəsində baş verir. İnsan haqları təşkilatları uzun illərdir İranı ifadə azadlığını məhdudlaşdırmaqda, qadınların geyiminə ciddi qaydalar tətbiq etməkdə, rəsmi islam dəyərlərinə uyğun sayılmayan ictimai və mədəni fəaliyyətləri məhdudlaşdırmaqda tənqid edirlər.

Üç məkan

Sərt mövqeyi ilə tanınan siyasətçi Səid Cəlili kafe mədəniyyətini Qərbin ailə institutunu zəiflətmək məqsədi daşıyan layihəsi adlandırıb.

“Onlar üç məkan müəyyənləşdirirlər: yataqxana, iş yeri və tənhalıqdan qaçmaq üçün üçüncü məkan – məsələn, kafe”, – Cəlili 2025-ci ilin dekabrında deyib.

“Bu konsepsiyada ailə öz mənasını itirir. Bu isə İslamın evlilik fəlsəfəsinə ziddir”, – o əlavə edib.

Tehranda 33 yaşlı kafe sahibi deyib ki, "hicab məsələsi kimi səbəblərə görə bağlanmaq riski hələ də qalır".

Amma bütün çətinliklərə baxmayaraq, bir çox kafelər hələ də doludur.

“İnsanlar deyirlər ki, artıq nə pul yığa, nə də səyahət edə bilirik. Heç olmasa axşam kafedə vaxt keçiririk”, – Tehranda yaşayan 40 yaşlı qadın Radio Fərda-ya söyləyib.

Bu gün İranda bir çox kafelər artıq təkcə qəhvə, çay və yüngül qəlyanaltılar təqdim etmir. Onlar kitab müzakirələri, film nümayişləri, canlı musiqi proqramları və digər mədəni tədbirlərin keçirildiyi məkanlara çevrilib. Cəmiyyətə inteqrasiya, yaradıcı özünüifadə imkanı axtaran gənclər bu tədbirlərə qatılırlar.

“Bura həm müştərilər, həm də bizim üçün ikinci ev kimidir”, – Tehrandakı kafe sahibi deyib.

Məqaləni AzadlıqRadiosunun jurnalistləri Farangiz Nəcibulla və Hanna Kaviani hazırlayıblar.

XS
SM
MD
LG