Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 03:41

Bakıda olan IT bölgələrdə niyə yoxdur?


Xudatda məktəbdə kompüter otağı.
Xudatda məktəbdə kompüter otağı.

Ötən il informasiya texnologiyaları (IT) və rabitə xidmətlərinin 93,2 faizi Bakı şəhərində göstərilib.

Dövlət Statistika Komitəsinin (DSK-nın) hesabatına görə, Naxçıvan Muxtar Respublikası da daxil, bütün bölgələrin informasiya və rabitə xidmətlərində payı 108 milyon manatlıq göstərici ilə 6,8 faizdir.

Əhalisinin sayı 350 mini aşan Sumqayıt və Gəncədə istifadə edilmiş informasiya və rabitə xidmətlərinin dəyəri, uyğun sıra ilə, 6,8 milyon və 4,7 milyon manat olub.

Buna da bax:​ Mobil operatorlar arasında fərq

Ekspert səbəbləri göstərir

Paytaxtla əyalətlər arasında iqtisadi fərqlərin bütün parametrlər üzrə böyük olduğunu (ÜDM-in 75 faizi, ixracatın, azı, 95 faizi, büdcənin 96 faizi paytaxtda formalaşır) deyən iqtisadçı ekspert Rövşən Ağayev rabitə-informasiya xidmətləri sektorunda bunun 2 mühüm səbəbini açır:

«Rabitə xidmətləri iqtisadi imkanların və innovativ inkişafın daha çox təmərküzləşdiyi coğrafiyada üstün inkişaf edir. Məsələn, biznes harda varsa, onların telefon xidmətlərinə, internetə tələbatı da böyük olur. Hazırda regionlarda aqrar sektorda kənar biznes, demək olar, gəlişməyib. Regionlardakı az sayda biznes strukturlarınınsa Bakı ilə müqayisədə rabitə xidmətlərinə tələbatı həddən artıq azdır».

Buna da bax:​ 'Qadağan olunmuş informasiya' 8 saat ərzində saytdan götürülməsə... [video]

Ekspert ikinci amilin maddi resurslara bağlı olduğunu deyir. «Rabitə operatorları əhalinin iqtisadi imkanlarının və rabitə infrastrukturunun yüksək olduğu coğrafiyada daha çox pay qazanır. Əyalətlərdən fərqli olaraq, paytaxt əhalisinin daha böyük hissəsinin rabitə xidmətlərinə, xüsusən mobil telefon və internet xidmətinə yüksək məbləğdə ödəniş etmək imkanı var».

Rövşən Ağayev resurslarla yanaşı, mərkəzdə yaşayan əhalinin, eləcə də şirkətlərin bu xidmətlərə ehtiyacının regionlara nisbətən daha çox olduğuna diqqət çəkir və infrastruktur fərqlərini də nəzərə almağa çağırır: «Bakıda hər 100 ev təsərrüfatından 80-ninin genişzolaqlı internetə çıxışı var. Kənd yerlərində həmin göstərici 30 faiz civarındadır. Yaxud Bakıda hər 100 ev təsərrüfatından, az qala, 95-nin mənzili telefonla təmin edilib, kənd yerlərində həmin göstərici təxminən 2 dəfə aşağıdır».

Buna da bax: 'Azercell' abunəçini necə aldadır: 4G deyib 3G belə vermir

«Bakıda 4G hər evdə var, bölgədə 3G də yoxdur»

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz AzadlıqRadiosu-na Bakı ilə regionlar arasında dərin informasiya bərabərsizliyinin digər mühüm səbəblərindən danışıb. Onun fikrincə, bölgələrdə onlayn informasiya resurslarına, yeni texnologiyalara çıxış imkanları və əlçatımlığı çox məhduddur:

«Bakıda yaşayıb-işləyən şəxs və ya işadamı 4G texnologiyasından rahat yararlana, böyük informasiya mübadiləsi edə bilər. Bölgədə – rayon mərkəzində 3G-dən yararlanmaq olar. Kəndlərin çoxunda heç bu da yoxdur. Bu isə əhalinin 45-50 faizi deməkdir».

Ekspert elektron hökumətə keçidlə bağlı paytaxt və bölgələr arasındakı təzadın dərinləşdiyinə diqqət çəkir: «Rəqəmsal bərabərsizliyin gözgörəsi nümunəsidir: regionlarda yaşayanlar icra hakimiyyəti orqanlarının göstərdikləri elektron xidmətlərdən təcrid olunublar».

Buna da bax:​ 'Azərbaycanda internet qiymətləri Avropadakından dəfələrlə bahadır'

Əhali internetə, rabitəyə çox pul xərcləyir

DSK-nın hesablamalarına görə, ötən il informasiya və rabitə xidmətlərinin ümumi həcmi 1,6 milyard manat olub. Bunun 20 faizindən dövlət müəssisə və təşkilatları istifadə edib. Əhali bu xidmətlərə 1,1 milyard manatdan çox pul xərcləyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG