Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:21

İlqar Məmmədovun müdafiəsinə britaniyalı vəkil də qoşulub, amma...


İlqar Məmmədov, REAL hərəkatının lideri
İlqar Məmmədov, REAL hərəkatının lideri

REAL Hərəkatının lideri İlqar Məmmədovun müdafiəsinə britaniyalı vəkil qoşulub. Amma bununla bağlı sənədlərin 2 saylı Cəzaçəkmə Müəssisəsində ona çatdırılmasına imkan verilmədiyi deyilir.

Bu haqda AzadlıqRadiosu-na İ.Məmmədovun vəkili Fuad Ağayev məlumat verib.

F.Ağayev deyir ki, İ.Məmmədovu Avropa İnsan hüquqları Məhkəməsində (AİHM) baxılan hər iki işi üzrə onunla yanaşı, britaniyalı vəkil də təmsil etməyə razılıq verib. Xarici müdafiəçinin işə qoşulması üçün zəruri sənədləri yanvarın 15-də REAL liderinin saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsinə göndərib.

Fuad Ağayev
Fuad Ağayev

Vəkilin deməsinə görə, həmçinin, göstərib ki, bu, məhkumla müdafiəçisi arasında olan konfidensial yazışmadır, açılıb baxıla bilməz.

F.Ağayevin sözlərinə görə, cəzaçəkmə müəssisəsində məktubu alan kimi açıblar. Üstəlik, onun deməsinə görə, yanvarın 16-da isə məlum olub ki, İ.Məmmədova ümumiyyətlə, həmin sənədləri verməyiblər.

Buna da bax: İlqar Məmmədov həbsdən yazır: 'Neft olmasa…'

“Yəni buradakı müdafiəçilərinə təzyiqlər bir yana, xarici vəkil də işə qoşulmamış hüquqlarını pozurlar. Bu pozuntuları müəssisə rəhbərliyinin öz təşəbbüsü ilə törətməsi az inandırıcı görünür. Ötən ilin son iki ayına qədər xeyli vaxt idi ki, İlqar Məmmədovun hüquqlarının ciddi pozuntularını muşahidə etmirdim. İndi isə mən belə, öz peşəkar borcumu çətinliklə yerinə yetirirəm. Özümlə gətirdiyim sənədləri, o cümlədən, konfidensial sənədlər əlimdən alınır. İlqar Məmmədova Avropa İnsan Hüquqları Məhkəməsindəki proseslərə hazırlaşmağımıza çətinlik yaradılır”, - Fuad Ağayev bildirib.

Vəkil deyir ki, Cəzaların İcrası Məcəlləsinin 83.2-ci maddəsinə görə, məhkumların müdafiəçi və ya qanuni əsaslarla hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları senzuradan keçirilə bilməz:

Buna da bax: İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun ikinci şikayətini də təmin etdi

“Tövsiyə edərdim ki, cəzaçəkmə müəssisəsinin inzibati binasının ən azı, dəhlizdə videokameralar quraşdırılsın, vəkillərin üzərində baxış-axtarış praktikasına son qoyulsun”.

F.Ağayevin fikrincə, son vaxtlar baş verənlər müəyyən adamların onun özünü də hədəfə götürməsinə dəlalət edir:

“Bununla bağlı bildirmək istəyirəm ki, heç bir qeyri-hüquqi hərəkət törətmək niyyətində olmamışam və deyiləm. Kifayət qədər ehtiyatlıyam, maşının altına atılmıram, özümə qəsd etmirəm və s.”

Buna da bax:​ 'Lotu Quli azadlığa buraxılırsa, İlqar Məmmədov niyə buraxılmasın?'

Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Ombudsman Aparatına üz tutan müdafiəçi vurğulayır ki, İ.Məmmədovun təhlükəsizliyi və hüquqlarının pozulmasına görə məsuliyyət bütövlükdə Azərbaycan hökumətinin üzərindədir.

2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi və başqa rəsmi qurumlardan İ.Məmmədovun vəkilinin açıqlamasını, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

AİHM artıq onun iki şikayətini təmin edib. Məhkəmə hələ, 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulduğunu təsdiq edib . Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kasasiya şikayəti də təmin edilməyib.

Avropa Şurası Nazirlər Komitəsi AŞNK ötən il oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də AİHM-ə müraciət etmək niyyətindədir. Qərarda həmçinin vurğulanırdı ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini noyabrın 29-na kimi bildirə bilər.

Azərbaycan hökuməti isə AŞNK-yə göndərdiyi cavabda vurğulayıb ki, AİHM-in İ.Məmmədovla bağlı qərarında onun dərhal azadlığa buraxılması ilə bağlı tələb yoxdur. Buna görə də, hökumət hesab edir ki, sözügedən qərarın icra yollarını seçməyə ixtiyarı var.

Nəhayət, dekabrın 5-də AŞNK AİHM-in REAL Hərəkatının lideri İ.Məmmədovun azad edilməsi qərarını icra etmədiyinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Hökumət rəsmiləri deyir ki, qanunvericiliyə edilən son dəyişikliklər İ.Məmmədovun şərti azadlığa çıxmasına imkan yaradır. Ancaq İ.Məmmədov da bəyan edib ki, o, şərti azadlıq yox, bəraət istəyir.

Bir müddət öncə AİHM Avropa Şurası Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və həbsdə olan REAL liderinə məktub göndərib. Məktub Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan tərəfinin İ.Məmmədovla bağlı AİHM-in qərarının icra edilib-edilməməsi məsələsinə dair sorğusuna cavabdır.

“Məktubda Nazirlər Komitəsinə, hökumətə və bizə sorğu ilə bağlı yazılı şərhlərin martın 1-nə kimi təqdim edilə bilməsi haqqında məlumat verilir”,- deyə vəkil vurğulayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG