Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:39

İlhamə Quliyevanın köməkçisi suçlu bilinərək... azadlığa buraxıldı


Mərhum xalq artisti İlhamə Quliyevanın 2.7 milyonluq əmlakını ələ keçirməyə cəhddə suçlanan köməkçisi Mehriban Hüseynova 1 il 4 aylıq həbsdən sonra azadlığa buraxılıb.

Fevralın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası Mehriban Hüseynovanı mərhum müğənninin var-dövlətini ələ keçirmək cəhdində suçlu saysa da, ona münasibətdə CM-in 70-ci (şərti azadlıqdan məhrumetmə) maddəsini tətbiq edib. Beləcə, 1 il 3 ay şərti cəza alan Mehriban Hüseynova məhkəmə zalından azadlığa buraxılıb.

Buna da bax:​ İlhamənin 3 milyonluq əmlakına görə köməkçisinə 8 il həbs istənildi

Prokuror ona 8 il həbs cəzası istəmişdi.

“Bir müddət müalicə olunmalıyam”

Həbsdən buraxılandan sonra AzadlıqRadiosu-na danışan Mehriban Hüseynova günahsız olduğunu bildirib: "Həbsdə olduğum müddətdə səhhətimdə ciddi problemlər yaranıb. Bu səbəbdən bir müddət müalicə olunmalıyam. Daha sonra efirə çıxıb, bütün bu məsələlərə aydınlıq gətirəcəyəm".

Mehriban Hüseynova 2015-ci il oktyabrın 21-də həbs olunub. Ona Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə ittiham verilib.

Buna da bax:​ 'İlhamə Quliyeva dedi ki, Mehribanı öldür...''

İttihamla razılaşmayan Mehriban Hüseynova məhkəmədə də bildirib ki, ona baş etibarnaməni ağır vəziyyətdə xəstəxanada yatanda və yanında ondan başqa heç kim olmayanda, İlhamə Quliyevanın özü könüllü vermişdi. Onun sözlərinə görə, müğənninin oğlu Orxan Nadirov və gəlini ilə münasibətləri yaxşı deyilmiş.

İlhamə Quliyeva ötən il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

XS
SM
MD
LG