Keçid linkləri

2017, 24 İyun, şənbə, Bakı vaxtı 07:38

Prezident: 'Ölkələr valyuta ehtiyatlarını itirirlər, biz isə artırırıq'


İ.Əliyev

«İlin birinci rübünün nəticələri göstərir ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib. Bizim beynəlxalq mövqelərimiz möhkəmlənib. Ölkə daxilində proseslər müsbət istiqamətdə gedir. İqtisadi inkişaf təmin edilir, bütün sosial məsələlər öz həllini tapır».

President.az saytının xəbərinə görə, dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları ilə bağlı bu gün, aprelin 10-da keçirilmiş toplantısında belə deyib.

İ.Əliyev bildirib ki, Azərbaycanda çox ciddi sosial təşəbbüslər irəli sürülüb, ordu quruculuğu uğurla gedir. O vurğulayıb ki, hökumət bu il istədiyi nəticələrə, hədəflərə çatacaq.

1-Cİ RÜBDƏ 1 MİLYARDLIQ ARTIM...

«Bu ilin birinci rübündə Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artıb. Bu gün valyuta ehtiyatlarımız 38.5 milyard dollardır. Biz keçən il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Baxmayaraq ki, neftin qiyməti kəskin səviyyədə aşağı düşüb. Bu il valyuta ehtiyatımızı nəinki qoruya bilmişik, birinci üç ayda biz əlavə 1 milyard dollar qazanmışıq. 3 ay ərzində qeyri-neft sektoru 2.4 faiz artıb, qeyri-neft sənayesində artım 2 faiz olub. Kənd təsərrüfatı 3.5, bitkiçilik 20 faizdən çox artıb. Bu ilin 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız təxminən 10 faiz artıb. İdxal isə 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir», -deyən prezident 2015-2016-cı illərin böhran dövrü olduğunu qeyd edib.

***Buna da bax-Valyuta ehtiyatı nəyin hesabına artıb?

«Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, inşaat sektorunda keçən il yaşanan durğunluq, istər-istəməz, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərə bilərdi. Bəlkə də, hər hansı bir başqa hökumət bunun çıxış yolunu ancaq valyuta ehtiyatlarının istifadəsində görə bilərdi. Ən asan yol da bu idi. Ancaq məsuliyyətli yanaşma və uzunmüddətli inkişaf planlarımız əlbəttə ki, bizim üçün başqa seçimi diktə edir. Bu, məsuliyyətli seçim idi, bu, xalqın maraqlarını hər şeydən üstün tutan seçim idi», deyən İ.Əliyev əlavə edib ki, görülən işlər nəticəsində Azərbaycan iqtisadi dayanıqlılığını qoruya və valyuta ehtiyatlarını artıra bilib.

«Neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti keçən il və bu il öz valyuta ehtiyatlarını itirirlər. Biz isə artırırıq», - o, vurğulayıb.

«TARİXİ HADİSƏ»

İ.Əliyev Dağlıq Qarabaş probleminə də toxunub. O, Ermənistanın işğala son qoymalı olduğunu vurğulayıb.

***Buna da bax-2 aprel döyüşləri: Qələbəmi, itirilmiş imkanlarmı?

«Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır. Ancaq buna nail ola bilmir və nail ola bilməyəcək. Minsk qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə status-kvonun qəbuledilməz olduğunu bəyan ediblər. Bu, əslində işğala son qoyulması deməkdir. Ermənistana, onun işğalçı siyasətinə Minsk qrupunun təzyiqi daha da güclənməlidir. Onlar beynəlxalq normalara riayət etməli və işğala son qoymalıdır. Bizim danışıqlar prosesindəki mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Ərazi bütövlüyü prinsipi danışıqlar mövzusu deyil və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir», - deyən prezident münaqişənin ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

İ.Əliyev Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasını «tarixi hadisə» adlandıraraq, bunun Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağının nümayişi kimi dəyərləndirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG