Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:42

2 aprel döyüşləri: Qələbəmi, itirilmiş imkanlarmı?


Cəbhə bölgəsi, aprel 2016
Cəbhə bölgəsi, aprel 2016

Ötən ilin bu vaxtları cəbhə bölgəsində silahlar susmur, həyəcanlı xəbərlər bəzən şayiələrə qarışıb çaşqınlıq yaradır, “müharibəmi başladı” suallarını doğururdu.

Aprelin 2-də qızışan döyüşlər ayın 5-nə qədər davam etdi, hər iki tərəf ağır itki verdi, onlarla hərbçi, mülki şəxs yaralandı, həyatını itirdi.

Bəs 2 aprel döyüşləri uzun illərdir atəşkəs rejimində çapalayan Qarabağ münaqişəsinin düyününü açdımı? 2 aprel tarixi nəylə yadda qaldı – qələbəmi, qələbənin başlanğıcımı, ya itirilmiş imkanlarlamı?

“Şanlı hərbi qələbə”

Ölkə prezidenti aprelin 1-də bir qrup hərbçi ilə görüşündə aprel döyüşlərini “şanlı hərbi qələbə” adlandırıb. O deyib ki, bu döyüşlər nəticəsində Füzulu, Cəbrayıl və Ağdərə rayonlarının “işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı” dalğalanır.

“Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü, nəyin bahasına olursa-olsun, bərpa edəcək", – prezident deyib.

Prezident hətta aprel döyüşlərinin hərbi dərsliklərə salınmasını təklif edib.

“Bu olaylar döyüş yox, döyüş elementi idi”

Hərbi ekspert Üzeyir Cəfərov, 11 fevral 2009
Hərbi ekspert Üzeyir Cəfərov, 11 fevral 2009

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov 2 aprel döyüşlərinə birmənalı yanaşmamağın tərəfdarıdır. Onun sözlərinə görə, 1994-cü il mayın 12-də atəşkəs imzalanandan sonra tərəflər arasında belə ciddi qarşıdurma yaşanmayıb: “Aprel hadisələrinin bir önəmi budur ki, Minsk qrupunun və ya digər təşkilatların eləmədiyini Azərbaycan əsgəri elədi, göstərdi ki, bu münaqişə müsbət həllini tapmasa, ordu ölkənin ərazi bütövlüyünü qoruyacaq”.

Üzeyir Cəfərov aprel olaylarını “döyüş” adlandırmır, deyir ki, bu, döyüş elementi idi, əsasən, qarşı tərəfin hücum həmləsinin qarşısını almaq üçün xüsusi təyinatlı qüvvələr əməliyyat aparıb. Onun sözlərinə görə, bununla belə, 2 aprel hadisələri Azərbaycan hərbi tarixində qısa müddətdə müəyyən əraziləri azad etmə imkanı kimi qalacaq. Ekspert deyir ki, bu, həm də gələcəkdə Qarabağın azadlığı üçün motivasiya ola bilər.

“Erməni tərəfin dili qısaldı”

Millət vəkili Rasim Musabəyovun fikrincə, 2 aprel döyüşləri təmas xəttində status-kvonun dəyişməzlik mifini sındırdı. Deputat hesab edir ki, aprel olayları münaqişənin hər zaman böyük müharibəyə çevrilmə ehtimalını gücləndirdi:

Rasim Musabəyov, 1 avqust 2009
Rasim Musabəyov, 1 avqust 2009

“Digər tərəfdən, qarşı tərəf düşünürdü və təbliğ edirdi ki, istədiyi vaxt Kürə qədər irəliləyə bilər. Bu olaylar erməni tərəfin dilini qısaltdı”.

Bununla belə, Rasim Musabəyov əlavə edir ki, toqquşmalar danışıqlar masasında rolları dəyişmədi, sülh danışıqları 2 aprel döyüşlərindən sonra çoxsaylı və müxtəlif səviyyəli görüşlərə baxmayaraq, bir addım da irəliləməyib:

“Hələlik tərəfləri qane edən gündəlik tapılmayıb. Onu da düşünürəm ki, bir tərəfdən də parlament seçkisi ilə üzləşən Ermənistan hakimiyyəti sülh danışıqlarında məsuliyyətli qərar verməkdən çəkinib”.

“Bu, Moskvanın ssenarisi idi”

Politoloq Zərdüşt Əlizadə 2 aprellə bağlı fikirlərini dəyişməyib. O, yenə də hesab edir ki, bütün bunlar Moskvanın ssenarisi idi və bir neçə məqsədi özündə birləşdirirdi:

“Moskva həm xarici siyasətindəki hədəflərinə çatmaq, həm regiona sülhməramlı adı altında öz qoşunlarını gətirmək, həm də Azərbaycan və Ermənistan hakimiyyətinə öz yerini göstərmək istəyirdi”.

Politoloq hesab edir ki, 2 aprel hər hansı qələbə demək deyil, ərazilər də Rusiyanın diktəsiylə azad edilib. Zərdüşt Əlizadə vurğulayır ki, baş verənlər sülh danışıqlarını zərrə qədər də yerindən tərpətməyib, “donunu açmayıb”.Ekspertin fikrincə, münaqişənin düyməsi Rusiyadadır və o, istədiyi vaxt müharibəni başlada və bitirə bilər.

Zərdüşt Əlizadə, 20 avqust 2010
Zərdüşt Əlizadə, 20 avqust 2010

2 aprel əməliyyatlarında azad edilən Lələtəpə yüksəkliyi Füzulinin Cocuq Mərcanlı kəndində məskunlaşmanı mümkün edib. Azərbaycan hakimiyyəti burda təmir-bərpa işlərinə 4 milyon manatdan çox vəsait ayırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG