Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:51

İlham Əliyev: 'Müxtəlif xarici dairələrin atəşinə məruz qalırıq'


İlham Əliyev ilk dərs ilində 20 nömrəli məktəb, Bakı 15 sentyabr 2017
İlham Əliyev ilk dərs ilində 20 nömrəli məktəb, Bakı 15 sentyabr 2017

“Biz müstəqillik dövründə savadlılıq səviyyəsini yüksək həddə saxlaya bilmişik. Bu gün bu, təxminən 100 faiz səviyyəsindədir. Bizim üçün bu, adi haldır. Amma bir çox ölkələr üçün bu, əlçatmaz bir hədəfdir”.

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev sentyabrın 15-də - ilk dərs günündə belə deyib. Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışına qatılan prezident mərasimdə çıxış edib.

Ölkə başçısı çıxışında vurğulayıb ki, savadlılıq əsasdır və uşaqlar bilikli, ağıllı olmalıdırlar.

“Əgər hər hansı bir insan öz həyatını yaxşı qurmaq, gələcəkdə cəmiyyətdə yaxşı yer tutmaq istəyirsə, mütləq yaxşı oxumalıdır. Yaxşı oxumaq üçün bütün şərait var”, deyən prezident gələcək inkişafı təbii resursların yox, biliyin müəyyən edəcəyini vurğulayıb.

Azərbaycanda cəmiyyətin intellektual potensialı...

“Biz Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət veririk. Gənclərimiz, cəmiyyətimiz bilikli olsun və Azərbaycan da texnoloji inkişaf baxımından geridə qalmasın. Maddi-texniki baza möhkəmlənir, təhsilin keyfiyyəti yaxşılaşır. Bu sahəyə investisiyalar qoyulur, insan kapitalına investisiyalar qoyulur. Əminəm ki, Azərbaycanda cəmiyyətin intellektual potensialı həmişə yüksək həddə olacaq. Bu, həm inkişaf üçün, həm bu gün ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıq üçün lazımdır. Çünki savadlılıq olmayan yerlərdə kənardan mənfi təsirlər də özünü büruzə verir. Biz ölkəmizin təhlükəsizliyini qoruyuruq. Həm sərhədlərimizi, təhlükəsizliyimizi, həm dəözümüzü yad təsirdən də qorumalıyıq”.

"Təhsilin keyfiyyətindən razılıq"

İlham Əliyev ilk dərs ilində məktəblilər arasında, Bakı 15 sentyabr 2017
İlham Əliyev ilk dərs ilində məktəblilər arasında, Bakı 15 sentyabr 2017

Maddi-texniki bazanın möhkəmləndirilməsindən bəhs edən prezident təhsilin keyfiyyətindən razılıq edib.

“Təhsilin keyfiyyəti artır. Biz bunu görürük və son illərdə bu, özünü artıq büruzə verir. Bu, qəbul imtahanlarında, ali məktəblərə imtahanlarda özünü göstərir”, deyən ölkə başçısı müəllimlərin maddi-texniki durumuna da toxunub.

“Bakı şəhərində orta əməkhaqqı təxminən 500 manatdan çoxdur”

“Müəllimlərin də iş şəraiti məktəblər istifadəyə verildikcə yaxşılaşır. Məktəb ancaq şagirdlər üçün deyil, müəllimlər üçün də iş yeridir. Müəllimlərin əməkhaqları da artır, xüsusilə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqları əhəmiyyətli dərəcədə artıb. Mənə verilən son məlumata görə, Bakı şəhərində orta əməkhaqqı təxminən 500 manatdan çoxdur. Bu, çox yaxşı göstəricidir, daha da artmalıdır”.

"Xarici dairələr qarşı qarayaxma, böhtan, şər kampaniyaları aparır"

Prezident dünyada ideoloji sahədə mübarizə, müharibə getdiyini qeyd edib. O, vurğulayıb ki, insanların beyinləri, xüsusilə gənc nəslin beyinləri zəhərlənir.

“Onlar müxtəlif xoşagəlməz addımlara təhrik olunur. Sonra da onlardan istifadə edilir ki, bəzi xarici dairələrin çirkin niyyətləri bu və ya digər ölkədə özünü göstərsin. Ona görə, biz özümüzü, o cümlədən, bu mənfi və təhlükəli təsirdən də qorumalıyıq. Necə qorumalıyıq? Bax bunu siz etməlisiniz - müəllimlər, təhsil işçiləri ki, uşaqlar bilikli, savadlı olsunlar. Belə olan halda heç bir kənar mənfi niyyət, ya təsir bizim uşaqlarımızın şüuruna təsir edə bilməz”.

İlham Əliyev çıxışında Azərbaycanın heç kimdən asılı olmadığını da vurğulayıb.

“Baxmayaraq ki, bizə qarşı müntəzəm olaraq müxtəlif kampaniyalar - qarayaxma, böhtan, şər kampaniyaları aparılır. Onların da məqsədi aydındır - Azərbaycanı ləkələmək, Azərbaycanı öz iradəsinə ram etmək və ondan sonra güclənən Azərbaycan potensialından öz maraqları üçün istifadə etmək. Biz isə buna imkan vermirik və möhkəm dayanmışıq, milli maraqlarımızı qoruyuruq. Ona görə də müntəzəm olaraq müxtəlif xarici dairələrin atəşinə məruz qalırıq. Amma bu, bizi yolumuzdan heç vaxt döndərə bilməz. Biz haqq yolundayıq”, deyən ölkə başçısı vurğulayıb.

Xatırlatma

Bu gün, sentyabrın 15-i Azərbaycan məktəblərində yeni dərs ili başlayıb. 15 sentyabr bütün ölkədə “Bilik günü” kimi qeyd edilir.

Bu il Azərbaycanın orta məktəblərində bütün siniflər üzrə 150 minə yaxın şagird təhsil almalıdır. Yeni tədris ilində 16 mindən çox şagirdin respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə yollandığı bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG