Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:19

'Hücum edən şəbəkədə Azərbaycanın bir neçə hökumət qurumu var idi...'


Anonymous haker qrupu
Anonymous haker qrupu

Media hüquqçusu Ələsgər Məmmədli: “Məhkəmə mübahisəsi aparmadan, sadəcə, icra orqanının mülahizəsi ilə hər hansı məlumatın yayılıb-yayılmaması haqda qərarın verilməsi ifadə azadlığına, internet azadlığına önləyici müdaxilədir, məhdudlaşdırıcı addımdır. Bu məhdudlaşdırıcı addım internet azadlığına təhdid kimi qiymətləndiriləcək”

Amnesty International VirtualRoad.org saytı son hesabatlarında Azərbaycanda siyasi fəallara, ayrı-ayrı saytlara kiberhücumlardan yazır.

VirtualRoad.org bildirir ki, son aylarda abzas.net, cumhuriyyet.net azadliq.info saytlarına eyni mənbədən hücumlar ediblər. “İzlər göstərir ki, bu saytlara eyni IP ünvandan hücum edilib. Həmin IP şəbəkədə isə Azərbaycanın bir neçə hökumət qurumu var: Azərbaycan Xarici İşlər Nazirliyi (tourvisa.mfa.gov.az@85.132.24.246), Nazirlər Kabinetinin poçt serveri (mail.cabmin.gov.az@ 85.132.24.82), Nəqliyyat nazirliyinin poçt serveri (mail.mot.gov.az@85.132.24.51)”. Hesabatda belə deyilir.

Buna da bax:​ 100 milyondan artıq «VKontakte» hesabı oğurlanıb

Media hüququ eksperti Ələsgər Məmmədli AzadlıqRadiosu-na müsahibədə sözügedən hesabatı dəyərləndirib:

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

– Hesabatda deyilirdi ki, bununla bağlı hökumətin mövqeyini almağa çalışıblar, ancaq hökumət də ona hər hansı müraciət olmadığını, məsələnin araşdırılmadığını bildirib. Konkret məndə də belə bir müdaxiləylə, onun araşdırılması ilə bağlı fakt və ya nəticə yoxdur. Amma müdaxilə ilə bağlı sosial şəbəkələrdə çox geniş informasiyalar paylaşılır. Bu, əlbəttə, düşündürücüdür ki, konkret fərdlərə kiberhücumlar edilir, xüsusən onlar aktiv şəkildə ictimai-siyasi fəaliyyət göstərən şəxslərdirsə. Bununla bağlı son addımlar da göstərir ki, rəsmi qurumlar narahatdır. Məhz buna görə də parlamentdə informasiyalaşma, informasiyanın təhlükəsizliyi və telekommunikasiya haqda qanuna dəyişikliklər çox sürətlə müzakirəyə çıxarıldı və qəbul edildi. Doğrusu, bunu hökumətin bu istiqamətdə narahatlıq keçirməsinin, internet azadlığının bundan sonra məhdudlaşdırmaq niyyətində olmasının göstəricisi kimi də qiymətləndirmək olar. Ayrıca, bu dəyişiklik həmin hesabata düşən məqamların həqiqətən də dünənədək kimləri narahat etdiyini və qəbul edilən qanundan sonra bu kimlərin arxasında artıq hökumətin özünün durduğu qənaətinə gəlməyə imkan verir.

– Hesabatda saytlara, siyasi fəallara hücumlardan danışılır. Sizcə, son dəyişikliklər başlanmış prosesin, yəni internet məkanı sıxışdırmaq cəhdlərinin davamıdır?

Ələsgər Məmmədli: 'Mən bu dəyişiklikləri mənfi qiymətləndirirəm'
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00
Direct-ə keçid

– Mən bu dəyişiklikləri mənfi qiymətləndirirəm. Birincisi, bu dəyişikliklərin predmeti bu qanunlar deyildi. Ümumiyyətlə, bu dəyişikliyə ehtiyac yox idi. Azərbaycanda KİV haqqında, teleradioyayımı haqqında və başqa qanunlar mövzu tənzimlənməsini həyata keçirirdi, nəyə görə məsuliyyət olub, nəyə görə olunmayacağını müəyyənləşdirirdi. Bu sahədə ciddi boşluq yox idi.

Buna da bax: Çinli hakerlər ABŞ-ın kompüter şəbəkəsinə giriblər

– O zaman səbəb nəydi?

– Sadəcə, Azərbaycan qanunvericiliyinə, Konstitusiyanın 50-ci maddəsinə görə senzura qadağandır. Bir internet resursunu bloklamaq, ona girişə məhdudiyyət qoymaq həm də senzuradır. İndiki qanun 50-ci maddənin qadağan etdiyi normanı gətirir. 8 saat içində hansısa internet resursdan icra orqanının nəzərdə tutduğu məlumat çıxarılmasa, giriş qapadılacaq. Yəni həmin məlumat hüquqi mübahisə predmeti olmadan, birbaşa müvafiq icra orqanının mülahizəsi əsasında, məhkəmə qərarı çıxarılmadan 8 saatın içində sayt bağlana, bloklana bilər. Əlbəttə, bunun birbaşa adı senzuradır. Məhkəmə mübahisəsi aparmadan, sadəcə, icra orqanının mülahizəsi ilə hər hansı məlumatın yayılıb-yayılmaması haqda qərarın verilməsi ifadə azadlığına, internet azadlığına önləyici müdaxilədir, məhdudlaşdırıcı addımdır. Bu məhdudlaşdırıcı addım internet azadlığına təhdid kimi qiymətləndiriləcək. Son dəyişikliklər “az” domeninin inkişafına da öldürücü zərbə vuracaq. Onsuz da bu domen az inkişaf edən resurs idi və Azərbaycanda informasiya resursları, əsasən, başqa domenlərdə otururdular. Bu dəyişikliklərdən sonra informasiya resursları digər domenə daşınacaq. Bu həm də milli internet kontentinin inkişafına mənfi təsir göstərən dəyişiklik oldu.

– Yəni sizcə, təhlükəsizliyini təmin etmək istəyən hər kəs başqa domenə köçəcək?

– Birmənalı şəkildə. Ağlı başında olan hər kəs. Artıq “az” domenində heç kim etibarlı iş qura bilməyəcək, etibarlı şəkildə müştəri tapa bilməyəcək. Bu aspektdən hesab etmirəm ki, internet resursları özlərini “az” domenində daim təhlükəsiz hiss etsin. Çox təəssüf. İki saatın içində 700 işçisi olan ANS televiziyasını bağladıqları kimi, istədikləri vaxt hər hansı internet resursu da bağlaya biləcəklər. Həmin resurs illərlə topladığı bəlkə milyonlarla IP-ni bir saatın içində itirə biləcək. Belə bir ehtimal var. Buna görə də mütləq hamı alternativi düşünəcək.

Buna da bax:​ Türkiyəyə görünməmiş kiberhücumlar

– Həmin parlament müzakirələrində deputat Siyavuş Novruzov sosial şəbəkələrdə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməyi təklif etdi. Sizcə, bu təklifin gerçək olma ehtimalı nə qədərdir?

– Bu, əslində, həmin millət vəkillərinin ifadə azadlığına yanaşmasını göstərir. Bu təklifi qeyri-ciddi sayıram, reallaşma imkanlarının da praktik baxımdan mümkünsüz olduğunu düşünürəm. Amma digər yandan üzücü amildir ki, 40-50 min insanın təmsilçisi kimi ora gedən (ən azı, elə görünən) biri bütün çıxışlarında çox diqqətli olmalı, ifadələrini ölkənin qoşulduğu beynəlxalq konvensiyalara, ölkənin seçdiyi inkişaf konsepsiyasına, xarici siyasətə, inteqrasiya etmək istədiyi toplumlara uyğun qurmalıdır. İndiki halda sosial şəbəkənin gerçək mahiyyətini dərk etmədən, düşünürsə ki bunu şəxsiyyət vəsiqəsiylə tənzimləmək olar, - bu, həmin insanın məsələyə yanaşmasının nə qədər dar olduğunu göstərir, seçicilərini isə xəyal qırıqlığına uğradır. Düşünürəm ki, həmin təklif reallaşmayacaq. Bu, ən son addım ola bilər.

– Sizcə, kiberhücumlardan necə qorunmaq olar? Özünüz belə hücumlara məruz qalmısınız?

– Mən 24 ildir internetdən istifadə edirəm. İnternet təhlükəsizliyini müəyyən standartlarda qurmağa cəhd edirəm, lisenziyalı proqramlardan yararlanıram, tanımadığım proqramlardan istifadə etmirəm və s. Bu baxımdan hər hansı hücuma məruz qalmamışam. Amma zaman-zaman paroluma giriş istəklərinə dair mənə istəklər gəlib. Bunlar bəsit cəhdlərdir, düşünülmüş addım da saymıram bunları. Bəlkə təsadüfdür, bəlkə də sınayırlar. Amma ətrafımızda insanlar, xüsusən tənqidi media belə hücumlara tez-tez tuş gəlir. Elə AzadlıqRadiosu-nun saytı, Meydan TV-nin, “Azadlıq” qəzetinin saytı bu cür hücumlara məruz qalırlar.

Buna da bax: Parlamentin '.az' domeni adları ilə bağlı təklifləri var

– Bundan necə sığortalanmaq olar?

– Bundan qorunmağın yolu yoxdur. Hətta Pentaqonun saytı hücumlara məruz qalır. Ancaq yenə də hökmən fərdi təhlükəsizliyi yüksək səviyyədə qurmaq, lisenziyasız proqramlara meyl etməmək, sistemli yeniləmələr aparmaq lazımdır. Bu, müəyyən mənada kömək edə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG