ABŞ-ın İranın İslam İnqilab Keşikçiləri Korpusunu (İİKK) qara siyahıya salması yüzlərlə ailənin üzvlərini bir-birindən ayrı salıb. ABŞ-da ailələri olan keçmiş İİKK çağırışçılarının bu ölkəyə girişi qadağan olunub.
Həmin şəxslərin bəziləri AzadlıqRadiosu-na müsahibələrində deyirlər ki, İİKK üzvlərinə fərqli münasibət göstərilməliydi. Vaşinqton İran silahlı qüvvələrinin qanadı olan İİKK-nı 2019-cu ildə terrorçu qurum kimi tanıyıb.
Çağırışçıların cəzası
Şadi üç il öncə çoxdankı arzusuna çatıb, nüfuzlu Harvard Tibb Məktəbində tədqiqat təqaüdü əldə edib. Amma o indi təqaüddən imtina etmək istəyir, çünki ərinin Birləşmiş Ştatlara daxil olmasına qadağa qoyulub.
Şadinin əri on il qabaq İİKK-da məcburi hərbi xidmət keçib. 2020-ci ildə onun ABŞ vizası üçün müraciəti rədd edilib.
“Çağırışçılar onların nəzarətində olmayan şeyə görə cəzalandırılırlar”, – deyən Şadi məsələnin həssaslığına görə adını tam açıqlamır. Onun fikrincə, ABŞ İİKK üzvləri ilə bu qurumda xidmət keçməyə məcbur qalmış keçmiş çağırışçılar arasında fərq qoymalıydı.
18-49 yaşlı iranlı kişilər ordunun üç qanadından birində – polis, ordu, yaxud İİKK-da 21 ay hərbi xidmət keçməyə məcburdurlar. Harada xidmət keçməyə isə onlar özləri qərar vermirlər.
Tramp administrasiyası üç il qabaq İİKK-nı Xarici Terrorçu Təşkilat (ingiliscə FTO) siyahısına salıb. AzadlıqRadiosu-nun müxbiri Gülnaz İsfəndiyari ABŞ-ın sanksiya siyahısının yüzlərlə ailəyə təsir göstərdiyini yazır.
“Adi adamlarıq”
“İranla ABŞ-ın ədavətinin girovuna çevrilmişik. Biz adi adamlarıq, İİKK ilə əlaqəmiz yoxdur”, – 30 il öncə İİKK-da hərbi xidmətdə olmuş Peyman deyir.
Peymanın valideynləri və qardaşı ABŞ vətəndaşlarıdır. O, 2018-ci ildə ABŞ vizası üçün müraciət edib, amma iki ildən sonra rədd cavabı alıb.
“Bu, gələcəyimizə, uşaqlarımızın gələcəyinə təsir göstərir”, – Peyman İrandan AzadlıqRadiosuna deyib.
O, ABŞ Prezidenti Co Baydenin bu təsnifatı ləğv edəcəyinə ümid bəsləyir. Ekspertlərin fikrincə, əsasən simvolik sayılan bu addım İİKK-nın fəaliyyətini, onun regionda silahlı qruplara iddia olunan dəstəyini məhdudlaşdıra bilməyib.
Bayden administrasiyası qərarı ləğv edə bilərmi
ABŞ mediasında gedən məlumatlara görə, Bayden İİKK-nı FTO siyahısından çıxarmağa elə də meylli deyil. Bu təsnifat İranın dünya gücləri ilə 2015-ci il nüvə sazişini dirçəltmək səyləri yönündə də böyük əngəl sayılır. Tehran İİKK-nın siyahıdan çıxarılmasını tələb edir.
“Biz tərkib hissəsi olmadığımız bir məsələyə zorla cəlb edilmişik”, – bunu isə iranlı ərindən ayrı düşmüş ABŞ vətəndaşı Elli deyir. Onun həkim əri illər öncə İİKK-da çağırışçı kimi xidmət edib.
“ABŞ vətəndaşı olaraq ərimi buraya gətirmək hüququm var. Amma bunu edə bilmirəm. Hiss edirəm ki, bizə heç kəs qulaq asmır. Biz əziyyət çəkirik. Mən depressiyaya düşmüşəm, buraya köçmək istəyən ərim üçün çox çətindir”, – Elli danışır.
Elli fevralın 22-də Ağ evin qarşısında etiraza çıxan onlarla şəxsdən biridir. Nümayişçilər Bayden administrasiyasını İİKK çağırışçılarının ABŞ-da girişinə qadağaya son qoymağa çağırıblar.
Dövlət katibi Entoni Blinken ötən ay etiraf edirdi ki, bu qadağa “ABŞ-a böyük fayda vermir”.
Milyondan artıq keçmiş çağırışçı...
Milli İran Amerika Şurasının siyasət üzrə direktoru Ryan Kostello deyir ki, ABŞ hökuməti məsələyə daha çevik yanaşma sərgiləməlidir. O, qadağanın geriyə şamil olunduğunu nəzərə alanda, “viza qadağasının milyondan çox keçmiş çağırışçıya şamil olunacağını” vurğulayıb.
İİKK-da hərbi xidmət keçmiş memar Mehrbada da ABŞ vizası verilməyib. Onun qızı Birləşmiş Ştatlarda yaşayır.
“Mən 20-25 il qabaq İİKK-da çağırışçı olmağımın bədəlini ödəməliyəm. Mən üzv olmamışam”, – o deyir.
Onun həyat yoldaşı Səidə isə mütəmadi İranla ABŞ arasında səyahət edir.
“İİKK-nın FTO siyahısında qalıb-qalmaması vecimə deyil. Bunun bizə dəxli yoxdur. Amma çağırışçıların məsələsi ayrılmalıdır”, – o, radioya deyib.