Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:52

İranda dönmə xristianlara yer yoxdur


İranda ev kilsəsi
İranda ev kilsəsi

Əli Şahvari İranda ənənəvi dindar müsəlman ailəsində böyüyüb. İran-İraq müharibəsi illərində iki dəfə könüllü cəbhə xəttinə yollanıb. Bu müharibədə qardaşlarından biri öldürülüb, digəri isə yaralanıb. Bundan sonra o, narkotiklərə qurşanıb.

Baş verənlərin üstündən 20 il keçmiş o öz xilasını peyk televiziyasında tapıb. İlk vaxtlar İsa Məsihin xaricdən fars dilində yayımlanan mesajlarını sorğulayan Əli Şahvari sonradan yevangel xristianlığa üz tutub. Öz adını isə dəyişərək İman qoyub. Tutduğu bu yeni yol onun dəfələrlə həbs olunmasına, bir il həbsdə qalmasına, kafirlikdə, milli təhlükəsizliyə qarşı fəaliyyətdə suçlanmasına səbəb olub.

Başqa dini qəbul etmək qanunsuz sayılır

İranda müsəlmanların başqa dini qəbul etməsi qanunsuz sayılır. Bu ölkədə tanınmamış dini azlıqların toplaşması qadağandır.

Londonda yerləşən "Article 18" təşkilatı Şahvari kimi xaricə qaçmağa məcbur edilən və İranda qalaraq təqibə məruz qalan bir çox insanın işini qeydə alaraq sənədləşdirib. Təşkilatın hazırladığı son illik hesabatda xristianlığı qəbul etmiş şəxslərin 120 həbsi və saxlanması sadalanıb. İranın ən iri xristian icması sonradan xristianlığı qəbul edənlərdir.

İran xrıstianları Tehranda erməni kilsəsində Milad bayramı günü şam yandırırlar.
İran xrıstianları Tehranda erməni kilsəsində Milad bayramı günü şam yandırırlar.

Hesabatda deyilir ki, 2021-ci ilin ən yaddaqalan trendlərindən biri İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) farsdilli xristianların təqibində daha yaxından iştirakı olub. 2021-ci ildə xristianların həbsi, evlərinə və evlərdə düzəldilmiş kilsələrinə hücumlarla bağlı 38 sənədləşdirilmiş insidentin 12-nə SEPAH cavabdehdir.

Yevangelizm daha çox təqib olunur

2020-2021-ci illəri əhatələyən hesabatda İran rəsmilərinin internetdə yevangelizmi daha çox təqib etməyə başlaması da qeyd olunur. Bildirilir ki, bu kiberordunun arxasında Ali dini lider Əli Xamenei durur.

1979-cu il İslam inqilabından sonra şiəliyin cəfəri təriqəti konstitusiya ilə İranın rəsmi dini elan edilib. Konstitusiyada göstərilir ki, İranın bütün qanunları islam doktrinasından doğmalı və ona uyğun olmalıdır.

Ölkədə azlıqda olan üç din – zərdüştilik, iudaizm və xristianlıq – konstitusiya tərəfindən tanınır. Ancaq qalan dinlər tanınmır və onlara sitayiş edənlərin ayinlər keçirməsinə, dini materiallarını fars dilində yaymasına imkan verilmir. Bura xristian dönmələr də daxildir.

5 ilədək həbs

2021-ci ilin fevralında İran parlamenti dönmələrə "müqəddəs islam dininə zidd yolların təbliğatı ilə məşğul olduqları üçün" 5 ilədək həbs cəzası tətbiq edib.

İran xrıstianları Tehranda Yeni il messası zamanı Müqəddəs Sərkis kilsəsində dua edirlər.
İran xrıstianları Tehranda Yeni il messası zamanı Müqəddəs Sərkis kilsəsində dua edirlər.

51-yaşlı xristian Fəribə Dalir 2021-ci ilin yayında daha altı nəfərlə birlikdə həbs olunub. Ona "Yevangel xristian kilsəsi yaratmaq və ona rəhbərlik etməklə milli təhlükəsizliyə zidd hərəkət" ittihamı ilə 2 illik həbs cəzası kəsilib. Sözügedən icma təqiblərə görə ibadət yeri tikə bilmədiyi üçün insanlar kilsələrini öz evlərində yaratmağa məcbur olurlar. Dalir Pasxadan bir gün əvvəl Tehranın məşhur Evin həbsxanasına göndərilib. Onunla eyni vaxtda həbs olunanların dördünə, o cümlədən ərinə qadağan olunmuş kilsənin üzvü olmaq ittihamı ilə 10 ay həbs cəzası kəsilib.

Fars dilində ayinlərə də mane olurlar

İran tanıdığı dini azlıqlara qarşı davranışına, məsələn, insanların fars dilində ayinlərə qatılmasına mane olmasına görə də beynəlxalq tənqidə məruz qalır. BMT-nin İranda insan hüquqlarına dair xüsusi məruzəçisi Cavid Rəhman özünün son hesabatında dini azlıqların davamlı repressiyaya məruz qalması, o cümlədən ibadət evlərinin milli təhlükəsizliklə əsaslandırılaraq məcburən bağlanması hallarına görə narahatlıq ifadə edib.

İranlı dönmə xristianların öz dini etiqadlarını azad şəkildə həyata keçirməsinə imkan yaradılanadək daha çox insanın ölkəni tərk edərək xaricə sığınacağı gözlənilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG