ABŞ kəşfiyyatının rəhbərləri iyulun 2-də Rusiyanın Əfqanıstandakı ABŞ əsgərlərinin öldürülməsi üçün Talibana mükafat təklif etməsinə dair iddialarla bağlı Konqres liderlərinə qapalı brifinq veriblər.
Millət vəkilləri sözü gedən iddiaların kəşfiyyat tərəfindən qiymətləndirilməsinə dair çoxsaylı suallar səsləndirirdilər.
Prezident Donald Trump bu iddialarla bağlı xəbərləri “uydurma” adlandırsa da, məsələnin mahiyyətinə birbaşa toxunmayıb və ABŞ-ın bununla bağlı Rusiyaya qarşı hər hansı addım atıb-atmayacağını deməyib.
Associated Press yazır ki, Mərkəzi Kəşfiyyat Agentliyinin (MKA) direktoru Gina Haspel və Milli Kəşfiyyat Agentliyinin rəhbəri John Ratcliffe də daxil ABŞ kəşfiyyatının başçıları “səkkizlər dəstəsi” kimi tanınan millət vəkillərinin suallarına bağlı qapılar arxasında cavab veriblər.
Sözü gedən qrupa Senat çoxluğunun başçısı Mitch McConnell, Nümayəndələr Palatasının spikeri Nancy Pelosi, habelə iki kəşfiyyat komitəsinin respublikaçı və demokrat rəhbərləri daxildir.
AP yazır ki, bu millət vəkilləri bir qayda olaraq məxfi brifinqlərdən sonra nadir hallarda şərh verirlər. Bu dəfə də belə olub.
Demokratlar tələsirlər
Yalnız Senat demokratlarının lideri Chuck Schumer deyib ki, “bu brifinq bir yana, amma mən düşünmürəm ki, prezident Vladimir Putinə münasibətdə kifayət qədər sərtdir”.
Pelosi brifinqdən əvvəl demişdi ki, o respublikaçı millət vəkillərinin “həqiqətə açıq” olacaqlarına ümid edir. O habelə Rusiya üzərinə əlavə sanksiyaların qoyulmasına çağırıb.
Bundan əvvəl Ağ Ev bildirmişdi ki, kəşfiyyat rəhbərləri Əfqanıstan barədə iddialar məsələsində ortaq nəticəyə malik olmadlıqlarına görə məlumatı prezidentə açıqlamağı lazım bilməyiblər.
Pelosi MSNBC kanalına deyib ki, belə bir yanaşma ilə razı deyil:
“Bilirsinizmi, bizim cavanlarımızın Əfqanıstanda və ya başqa bir yerdə ölməsi prezidentin diqqətinə layiq məsələ olmalıdır”.
İyulun 2-də Nümayəndələr Palatası Kəşfiyyat Komitəsinə də ayrıca brifinq verilməli idi.
“Daşı daş üstündə qoymamaq”
Rusiyanın Talibana mükafat təklif etməsinə dair kəşfiyyatın qiymətləndirməsi haqqında ilk dəfə The New York Times qəzeti yazmış, daha sonra bu barədə Associated Press agentliyinə də məlumat verilmişdi.
Qəzet habelə Trump-a bu məsələ barədə hələ ilin əvvəllərində yazılı məlumatın verildiyini iddia edir.
Bu arada administrasiya rəsmiləri bu məsələ barədə kəşfiyyata ciddi yanaşdıqlarını deyirlər.
Milli təhlükəsizlik müşaviri Robert O'Brien iyulun 1-də bildirmişdi ki, MKA və Pentaqon ipuclarının axtarışındadaır və bu barədə ABŞ-ın müttəfiqlərinə məlumat verilib.
Nümayəndələr Palatası Silahlı Qüvvələr Komitəsində ən vəzifəli respublikaçı Mac Thornberry deyib ki, komitə bu məsələnin araşdırılmasında “daşı daş üstündə qoymayacaq”.
Respublikaçı senator Pat Toomey Konqres binasındakı xüsusi məxfi otaqda kəşfiyyat məlumatları ilə tanış olduqdan sonra bütün senatorlara brifinq verilməsinə çağırıb.
Talibanın hücumları araşdırılır
AP yazır ki, ABŞ kəşfiyyatı məxsusi olaraq 2019-cu ilin aprelində Əfqanıstanda Baqram hərbi-hava bazasından qayıdan Amerika hərbi karvanına hücum epizodunu araşdırır.
Bu hücum üçün partlayıcılarla doldurulmuş maşından istifadə olunmuşdu. Avtomobil, karvan onun yanından keçərkən partladılmış və nəticədə üç ABŞ dəniz piyadası həlak olmuşdu.
Bu hücum üçün məsuliyyəti öz üzərinə Taliban götürmüşdü.
Kəşfiyyat rəsmilərindən biri AP agentliyinə deyib ki, hazırda 2019-cu ildən bəri baş vermiş hücumlar və bunların Rusiya mükafatlarına bağlılığı məsələsi araşdırılır.
İddialar təsdiq olunarsa
AzadlıqRadiosunun Rus xidməti yazır ki, bundan əvvəl, iyulun 1-də ABŞ Senatına Əfqanıstanda Amerika əsgərlərinin öldürülməsi üçün Rusiyanın mükafatlar verməsinə dair iddialarla bağlı qanunvericilik layihəsi təqdim olunub.
Bu layihə Rusiyanın mükafat məsələsi ilə bağlılığı isbat olunduğu təqdirdə qanun kimi səsə qoyulmalıdır və əsas olaraq Rusiya prezidenti Vladimir Putini hədəfləyir.
ABŞ Konqresində hər il qəbul olunan Milli Müdafiə Büdcəsi qanununa əlavə kimi təqdim edilmiş qanunvericilik aktının müəllifi demokrat senator Robert Menendezdir.
Əlavə layihəsinə əsasən ABŞ kəşfiyyatı, Rusiya rəhbərliyinin və ya onun tabeçiliyində olan xidmətlərin Əfqanıstanda ABŞ hərbçilərinə hücumlar edilməsi üçün mükafatlar verməsini təsdiqlədiyi təqdirdə Birləşmiş Ştatların prezidenti Vladimir Putinə, habelə Rusiya müdafiə naziri Sergei Shoigu-ya və bu məsələyə aidiyyəti olan başqa rəsmilərə sanksiyalar qoymalı olacaq.
Sənəddə qeyd olunur ki, sanksiyalar Putinə yaxın oliqarxlara və yarımdövlət şirkətlərinə də tətbiq edilə bilər.