Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:29

Pentaqon: ‘Taliban və əl-Qaeda arasında sıx bağlar qalır’


İyunun 29-da baş vermiş daha bir zorakılığın qurbanı
İyunun 29-da baş vermiş daha bir zorakılığın qurbanı

Pentaqonun yeni hesabatında deyilir ki, əl-Qaeda ekstremist təşkilatının Əfqanıstandakı regional birləşməsi Talibanla “sıx bağlara” malikdir və ABŞ əsgərlərinə hücumlarda “dəyişməz marağı” var.

Fevral ayında Talibanla Birləşmiş Ştatlar arasında əldə olunmuş razılaşmaya görə taliblər əl-Qaeda kimi terrorçu qrupların Əfqanıstan ərazisindən sığınacaq və hücumlar üçün meydan kimi istifadəsinin qarşısını alacaqlarını vəd etmişdilər.

Lakin ABŞ Müdafiə Nazirliyinin iyulun 1-də açıqlanmış hesabatında deyilir ki, Taliban yaraqlıları əl-Qaedanın regional bölümü (AQIS) ilə işbirliyini davam etdirir.

"Əsl" əl-Qaeda üzvləri Əfqanıstandadır

Pentaqonun Konqresə yarımillik hesabatında bildirilir ki, AQIS “ara-sıra aşağı rütbəli Taliban üzvlərini dəstəkləyir və Əfqanıstan hökumətini sarsıtmaq üçün onlarla əməkdaşlıq edir, habelə regiondakı ABŞ və Qərb qüvvələrinə hücumlara marağını itirmir”.

Əl-Qaedanın bəzi bəyanatlarına istinad edən sənəddə deyilir ki, Taliban da bəzi hücumlarda onlara dəstək verir.

Pentaqonun Əfqanıstanda Təhlükəsizlik və Stabilliyin Gücləndirilməsi adlı hesabatında deyilir ki, son vaxtlar Əfqanıstandakı sülh prosesinin uğurlarına baxmayaraq, AQIS, çox güman mühafizə və təlim məsələlərində Talibanla sıx bağlarını saxlamaqdadır.

Sənəddə deyilir ki, “əsl” əl-Qaeda üzvləri hələ də Əfqanıstandadırlar, lakin onları vəziyyətdən salamat çıxmaq daha çox maraqlandırır.

Ötən il dekabrın 1-dən bu il mayın 31-dək olan müddəti əhatə edən hesabatda qeyd olunur ki, ABŞ koalisiyasının uğurları nəticəsində AQIS qüvvələri xeyli zəifləyib.

BMT hesabatı ilə uyğunsuzluq

BMT-nin bir ay əvvəl açıqlanmış hesabatında deyilirdi ki, əl-Qaeda və Taliban arasında “yaxın dostluğa, ortaq mübarizə tarixinə, ideoloji rəğbətə və qarşılıqlı nikahlara əsaslanan bağlar hələ də möhkəmdir”.

BMT-nin hesabatında bu da qeyd olunurdu ki, Taliban Birləşmiş Ştatlarla danışıqlarda olduğu bütünmüddətdə əl-Qaeda ilə də “müntəzəm məsləhətləşmələr” aparır və onlara “tarixi bağlara sədaqətli qalacağına dair zəmanətlər verirdi”.

Lakin ABŞ-ın Əfqanıstan üzrə səfiri Zalmay Khalilzad israr edirdi ki, BMT hesabatı daha çox ABŞ-Taliban danışıqlarından əvvəlki dövrü əhatə edir.

Günə 44 hücum

ABŞ və Taliban arasında razılaşma kövrək olaraq qalır və zorakılıqlar üçgünlük atəşkəs vaxtı da davam edib.

Əfqanıstan Milli Təhlükəsizlik Şurasının 30 iyun tarixli hesabatında deyilir ki, Taliban fevral ayından bəri əfqan qüvvələrinin üzərinə günə orta hesabla 44 hücum həyata keçirib.

Talibanla razılaşmaya əsasən Birləşmiş Ştatlar iyulun ortalarınadək Əfqanıstandakı əsgərlərinin sayını 12 mindən 8600-ə endirməlidir.

Əgər razılaşma düşünüldüyü kimi davam edərsə, 2021-ci ilin ortalarınadək bütün ABŞ və xarici qüvvələr Əfqanıstanı tərk etməlidir.

XS
SM
MD
LG