Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:18

17 ildən sonra tibbi sığortaya start verildi - cəmi 2 rayonda [video]


Tibbi Sığortada hansı xəstəliklərin müalicəsi pulsuz olacaq?
Gözlə

No media source currently available

0:00 0:15:05 0:00

Tibbi Sığortada hansı xəstəliklərin müalicəsi pulsuz olacaq?

17 ildir kağız üzərində qalan qərar nəhayət gerçəkləşir. Azərbaycanda tibbi sığortanın tətbiqinə başlanır.

Yəni, icbari tibbi sığortası olan vətəndaşlar bəzi xəstəliklər üzrə pulsuz müayinə və müalicə ala biləcəklər. Buna ilk olaraq iki rayonda - Mingəçevir və Yevlaxda başlanıb. Prezident İlham Əliyev pilot layihələrin gerçəkləşməsinə ümumilikdə 30 milyon manat vəsait ayrılması ilə bağlı sərəncam da verib.

Buna da bax:​ İcbari tibbi sığortaya 30 milyon ayrıldı - hələlik 2 rayona

Bakı sakini Cahid Həsənov tezliklə bu layihənin bütün ölkədə gerçəkləşməsinə ümid edir. Sürücü işləyən Cahidin qəzada qolu sınıb və qol sümüyünə mil qoyulub. Deyir ki, hər dəfə həkimə gedəndə uşaqlarının boğazından kəsir, azı 100 manat pulu çıxır:

"Tibbi sığorta olsaydı, çox yaxşı olardı. Əlim işləmir, hər dəfə gedirəm rentgen, dərman digər xərclərə pulum çıxır. Maaşım da az".

ÜRƏK ƏMƏLİYYATINDAN TUTMUŞ KİÇİK TİBBİ XİDMƏTLƏRƏDƏK...

Cahidin orta aylıq gəliri 400 manatdır. Deyir ki, tibbi sığorta olsaydı, yükü xeyli azalardı. Axı, iki azyaşlı övladına da arada həkim müayinəsi lazım olur.

Buna da bax: Ölkə vətəndaşı: 'Check-up' nədir?

Milli Məclisin səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyir ki, icbari tibbi sığortanın tətbiqi ölkə səhiyyəsində ciddi islahatdır:

"Mən özüm şəxsən hər iki rayonda layihələrin təqdimatına qatılmışam. Vətəndaşlar arasında da maarifləndirmə aparılıb, xalq da razıdır. Ürək əməliyyatından tutmuş, kiçik tibbi xidmətlərin hamısı paketə salınıb. Hansısa tibbi xidməti rayon şəraitində göstərmək mümkün olmayacaqsa, o zaman paytaxtdakı tibb müəssisələrində gerçəkləşdiriləcək".

İcbarı tibbi sığorta paketinə ürək-damar xəstəlikləri daxil edilsə də, tutalım, onkoloji, xroniki böyrək çatışmazlığı və şəkərli diabet xəstələrinin müayinə və müalicəsi daxil deyil. Bu həmin xəstəliklər üzrə ayrıca dövlət proqramlarının olması ilə izah olunur.

Buna da bax:​ Hər kəsin icbari sığortası olacaq

"LAYİHƏ ÖZÜNÜ DOĞRULTMAYA BİLƏR"

Ümumilikdə, icbari tibbi sığorta paketinə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir.

Tibbi sığorta paketində xərc tələb edən xəstəliklərin 99 faiz təmin olunduğunu düşünənlər də var, müxtəlif səhiyyə proqramlarının əhaliyə bir ciddi xeyri dəymədiyi kimi bu tibbi sığortanın da təsirsiz qalacağını düşənənlər də.

17 ildir anonsu verilən icbari tibbi sığorta nəhayət ki, dar çərçivədə də olsa, tətbiq edilməyə başlandı. Mövzumuzu davam edirik. İqtisadçı Azər Mehtiyev hesab edir ki, sığorta paketinə daxil olunan xidmətlər daha çox dövlət büdcəsindən ayrılan vəsaitlə ödənsə, bu, layihə özünü doğrultmaya bilər. Ya xidmətlərin siyahısı azaldıla bilər, ya da xidmət haqqının bir hissəsini yenə də vətəndaşların özləri ödəməli olacaqlar.

Buna da bax: Xəstələnsən, nəyi sığorta ödəyəcək?

"QİYMƏT VERMƏK HƏLƏKİ TEZDİR"

Tibb eksperti Adil Qeybulla da düşünür ki, icbari tibbi sığorta müxtəlif mənbələrdən maliyyələşdirilə bilər:

"Təxirəsalınmaz yardım, doğuş və digər tibbi xidmətlər də icbari tibbi sığorta paketinə daxil edilməlidir ki, vətəndaş onun xeyrini görsün. Tutalım, işləməyənlər, tənha analar, tələbələr - bunların sığortası dövlət büdcəsindən maliyyələşməlidir. Məşğulluq Mərkəzlərində qeydiyyatda olan işsizləri həmin mərkəzlər maliyyələşdirməlidir. İşləyən şəxslər öz maaşlarından sığortalanırlar. İşadamları, yüksək gəlirli şəxslər və məmurlar xüsusi qaydada sığortalanırlar. Bununla da bütün vətəndaşlar sığortalanmış olur. Nəticədə də hər kəsin paket üzrə müalicə və müayinə imkanları yaranır. Amma indiki ilə bağlı detallı məlumat yoxdur. Yəqin ki, onlar xarici təcrübəni öyrənir, məsləhətləşirlər. Hər halda proses başlayandan sonra buna qiymət vermək daha doğru olar. Hələlik, bu haqda danışmaq tezdir".

Buna da bax:​ Onkoloji xəstəliklər icbari tibbi sığorta paketinə daxil olmayacaq

Bəs, Bakı sakinlərinin icbari tibbi sığortadan gözləntiləri nədir. Özlərini eşidək:

İcbari tibbi sığortadan nə gözləyirsiz?
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Azərbaycanda «İcbari tibbi sığorta haqqında» qanun 17 il əvvəl qəbul edilib. 2007-ci ildə Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam olub. Prezident Dövlət Agentliyinin əsasnaməsini 9 ildən sonra 2016-cı ildə təsdiq edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG