Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:03

Azərbaycanda 17 ildir ki, başlanması gözlənilən icbari tibbi sığorta paketi ayihəsinə hansı xəstəliklər, müalicə salınir? Hansı salınmir?

Nazirlər kabinetinə təqdim olunmuş layihəyə görə, icbari tibbi sığorta paketinə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir.

Ürək-damar xəstəlikləri daxil edilib, onkoloji xəstəliklər, şəkər xəstəliyi, böyrək çatışmazlığı paketə daxil edilməyib - verilən izah budur ki, "Bir sıra xəstəliklər - onkoloji, xroniki böyrək çatışmazlığı və şəkərli diabet xəstələrinin müayinə və müalicəsi üzrə dövlət proqramları mövcuddur. Ona görə də bu xəstəliklərin müalicəsi icbari tibbi sığortanın təminat paketinə daxil edilməyib".

İcbari tibbi sığorta paketinin belə tərkibi qane edirmi? Düzgündürmü? Başqa ölkələrdə də belədirmi? və ən əsası bu, işləyəcəkmi?

“BUNUN İŞLƏYƏCƏYİNƏ İNANMIRAM”

Almaniyada çalışan həkim Dilqəm Şabanlı deyir ki, icbari tibbi sığortanın tətbiqi gecikmiş olsa da yaxşı addımdır. Amma həkim belə bir layihənin Azərbaycanda işləyəcəyinə şübhə ilə yanaşır:

“İcbari tibbi sığorta haqqında qanun layihəsinin hazırlanması çox yaxşı addımdır. Baxmayaraq ki, çox gecikmiş addımdır. Amma bunun işləyib-işləməyəcəyi başqa mövzudur. Açığı mən inanmıram bunun işləyəcəyinə. Çünki bundan öncə də bir proqram var idi. Şəkərli diabet xəstələri, xərçəng xəstələrinin müayinə və müalicəsi üçün. Bütün bunlar dövlət tərəfindən həyata keçirilməli idi. Amma biz ara-sıra görürük ki, xərçəng xəstəliyindən əziyyət çəkən insanların əməliyyatı, əməliyyatdan sonrakı müalicə prosedurlarını keçməsi üçün hər zaman sosial şəbəkələrdə kampaniyalar aparılır ki, onlar bu məbləği qarşılaya bilsinlər. Yəni dövlət bu işi öz üzərinə götürmür.Amma proqram kimi var...”(Ətraflı audioda..)

“DÜNYADA BELƏ DEYİL”
Tibbi məsələlər üzrə ekspert, həkim Vasif İsmayıl deyir ki, əslində bu layihə dünyanın bəzi ölkələrindəki icbari tibbi sığortadan fərqlənir. Amma bu variant da ağlabatandır:

“Bizdə icbari sığorta və onun əhatə etdiyi dairəyə 1800-dən çox xəstəlik daxil edilib. Amma buraya onkoloji xəstəliklər, şəkərli diabet və xroniki böyrək çatışmazlığı salınmayıb. Çünki bunlar haqda dövlət proqramı var. Dünyada belə deyil. Orda məsələ başqa cür qoyulur və başqa cür həll edilir. Düzdür onların özündə də müəyyən mərhələlər var. Məcburi dövlət sığortasının özünün müəyyən məhdudiyyətləri var. Amma bizdə qoyulan kimi orda yoxdur. Bu fikirlə mən razıyam.

Çünki bizim dövlət bu proqramları ləğv edib onu sığortanın içərisinə daxil etmir. Ona görə ki, dövlət oturuşmuş sistemi pozmadan digər xəstəlikləri sığorta sisteminə salır. Gələcəkdə bu icbari sığorta işi uğurlu olarsa, bu sistem oturarsa, əlavə proqramlarla tənzimlədiyi digər xəstəlikləri də yəqin ki bunun içərisinə alacaq...”(Ətraflı audioda...)

“XƏRC TƏLƏB EDƏN XƏSTƏLİKLƏRİN 99 FAİZİ DEMƏK OLAR Kİ, BURA SALINIB”

Digər tibbi ekspert, həkim Loğman Əliyev bu variantı doğru hesab edir.

“İcbari sığorta obyektiv səbəblərdən bir qədər geciksə də bu şəkildə təqdim edilməsi işin ən düzgün tərəfidir. Şəkərli xəstələr üçün dövlət proqramı var, onlar dövlətdən pulsuz yardım alır. Onkoloji xəstələr həmçinin. Yəni elə xəstəliklər var ki, onlar dövlət tərəfindən müalicə olunur. Amma yeni nəzərdə tutulan sığortada elə bir sahə yoxdur ki, kənarda qalsın.

Ən əsas, ən çox pul tələb edən ürək xəstəlikləridir, xüsusilə cərrahiyyə əməliyyatları. Ora salınıb. Xərc tələb edən xəstəliklərin 99 faizi demək olar ki, bura salınıb. ” (Ətraflı audioda...)


“İLKİN XİDMƏTLƏRİN GENİŞ OLMASI ÖZÜNÜ DOĞRULTMAYA BİLƏR”

İqtisadçı ekspert Azər Mehtiyev isə düşünür ki, ilkin sığorta paketinə daxil olunan xidmətlər ilk dövrdə daha çox dövlət büdcəsindən ayrılan vəsaitə ödənsə, bu layihə özünü doğrultmaya bilər:

“Hələ ki, sığorta paketi haqda məlumatlar ümumi xarakter daşıyır. Konkret olaraq hansı xidmətlərin daxil edilməsi siyahısı təqdim edilməyib. İctimaiyyətə təqdim olunan və haqqında məlumat verilən siyahıdan hiss olunur ki, ilkin paket kifayət qədər genişdir. Bu genişlik ictimai baxımdan faydalı ola bilər. Ancaq önəmli olan məsələlərdən biri də ondan ibarətdir ki, bu halda sığorta haqqları nə qədər olacaq? Həm vətəndaşın ödədiyi, həm də dövlətin ayırdığı vəsaitin məbləği nə qədər olacaq?.

Əgər ilkin sığorta paketinə daxil olunan xidmətlər ilkin dövrdə daha çox dövlət büdcəsindən ayrılan vəsaitə ödənsə, indiki halda yəqin ki əsas üstünlük elə bunun üstündə olacaq, ilkin xidmətlərin geniş olması özünü doğrultmaya bilər."(Ətraflı audioda...)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG