Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 16:44

İranda Azərbaycan şəhərləri də etiraz edir


İranda yanacağın bahalaşmasına etiraz edilir
Gözlə

No media source currently available

0:00 0:00:27 0:00

İranda yanacağın bahalaşmasına etiraz edilir

İranda xalq benzinin bahalanmasından narazıdır, küçələrə çıxaraq etiraz edir. Ölənlərin olduğu deyilir. Bu ölkədə baş verənlər haqda ətraflı məlumat almaq, hələlik, mümkün deyil. İnternet kəsildiyindən əlaqə saxlamaq çətinləşib. Almaniyada yaşayan, əslən İrandan olan Nağı Mahmudi AzadlıqRadiosuna deyir ki, hakimiyyət vətəndaşlarda qorxu yaradıb.

«Onlara SMS göndərib hədələyirlər. «Etirazlara qatılsanız, sizə ağır başa gələcək» deyirlər. Həsən Ruhani televiziya çıxışlarında xalqı hədələdi. Ölkədə 1000 nəfərdən çox tutulan var», – N.Mahmudi bildirir.

«Orta Doğu» Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan İran qapalı ölkə olduğundan hadisələr haqqında dəqiq informasiya əldə etməyin çətinliyindən danışır: «Dünyanın aparıcı televiziya kanalları belə, canlı yayım verə bilmədilər. Sadəcə, ayrı-ayrı adamlar bəzi görüntüləri ötürə biliblər. İnterneti kəsiblər, internet resurslarına, sosial mediaya ciddi nəzarət var. Adamlar öz təhlükəsizliklərinə görə də narahatdırlar. Kimsə oradan bir süjet çəkib açıq şəkildə yaysa, onu edam gözləyir, vətənə xəyanətdə, casusluqda ittiham edəcəklər».

N.Mahmudi
N.Mahmudi

«Təbriz, Urmu, Qoşaçay və Ərdəbil də etiraz edir»

N.Mahmudi onda olan məlumatlara görə, etiraz aksiyalarında İran Azərbaycanında yaşayan türklərin də iştirak etdiyini deyir: «Təbriz, Urmu, Qoşaçay və Ərdəbildə xalq noyabrın 17-də geniş formada aksiyalarda iştirak edib. Güneylilər də benzinin bahalanmasından narazıdırlar».

S.Soltan İranda baş verənləri «bütöv ölkənin düşdüyü dərin iqtisadi böhranın nəticəsi» adlandırır, 100-dən çox şəhərdə etirazçıların küçələrə çıxdığını vurğulayır. Onun fikrincə, böhran dərinləşməyə doğru gedir.


Ancaq hakimiyyət böhranı yaşanmadığını düşünür və iqtidarın indilik bütün strukturlara nəzarət etdiyini, etirazçıları hədələdiyini deyir. Bununla belə, o, İranda başlanan etirazların davam edəcəyi qənaətindədir: «Həsən Ruhani bugünlərdə bəyan etdi ki, İran son 40 ildə heç vaxt indiki vəziyyətə düşməyib, bir tanker nefti xarici bazara çıxarmaq üçün üzləşdiyi çətinliklərlə heç vaxt üzləşməyib. İran benzini isə yerli əhaliyə maya dəyərindən 12 dəfə ucuz satılır. Ona görə də yanacağın qiymətini qaldırırlar. Bu da vətəndaşın sosial durumuna təsir göstərir, təkcə yanacaq yox, başqa məhsulların da qiymətinin qalxması istisna edilmir».

Z.Əlizadə
Z.Əlizadə

«Siyasi rejim mütəşəkkildir»

Siyasi şərhçi Zərdüşt Əlizadə İrandakı siyasi rejimin cəmiyyətin bütün hüceyrələrinə sirayət etdiyi, tərəfdarlarının sayının da xeyli olması qənaətindədir. «Özü də mütəşəkkildirlər, qətiyyətlidirlər», – deyə fikirlərinə əlavə edir. Z.Əlizadə siyasi rəhbərliyin də mütəşəkkil və qətiyyətli olduğunu, quruluşun da özünü saxlamaq, qorumaq imkanlarının yetərincə çox olduğunu söyləyir.

Bununla belə, siyasi şərhçi obyektiv iqtisadi çətinliklərin quruluşu ciddi şəkildə sarsıtdığını bildirir. O, prosesə kənardan təsir göstərən qüvvələrin olmasını da güman edir.

S.Soltan
S.Soltan

S.Soltan prosesi kənar əllərin idarə etməsi haqda iddialara «indiki durumda bu, normaldır» deyə cavab verir. Mərkəz rəhbəri hesab edir ki, iqtisadi problemlər, ağır maliyyə vəziyyəti ölkədəki problemləri üzə çıxarmaqdadır və müxtəlif siyasi cərəyanlar bundan istifadə etmək istəyirlər. O, hətta iqtidar daxilindəki qüvvələrin də bundan yararlanmasını istisna etmir: «Hakimiyyət daxilində mülayim xətt tərəfdarları, islahatçılar uduzurlar. Ola bilər, bu etiraz aksiyalarından mühafizəkarlara qarşı təzyiq göstərməkdə istifadə etsinlər».

Azərbaycana təsiri mümkündürmü?

İqtisadçı, Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu hesab edir ki, İranda qiymətlərin artımının yeni dalğası, milli valyutanın dəyərsizləşməsinin növbəti mərhələsi iqtisadi durumu daha acınacaqlı edə bilər: «Bu isə istənilən halda İrandan əmək miqrasiyasını və kapital axınını sürətləndirəcək. Azərbaycan emiqrantlara ev sahibliyi, maliyyə transfertlərinə vasitəçilik etmək məcburiyyətində qala biləcək potensial ölkələrin siyahısındadır».

Q.İbadoğlu
Q.İbadoğlu

Q.İbadoğlu hesab edir ki, Azərbaycan prosesə hazırlıqlı olmalıdır. O, İranla sərhəddə yaşayan əhali üçün bu ölkənin əvvəlki kimi alış-veriş və tibbi xidmətlər üçün faydalı olmayacağını güman edir, nəticədə «cənub rayonlarında onsuz da pisləşən sosial vəziyyət bir az da gərginləşə bilər».

Bundan başqa, iqtisadçı İrandan Azərbaycana əmək miqratlarının gəlməsinin əmlak kirayəsi və istehlak bazarında bahalaşmaya təsir göstərəcəyini düşünür.

Üçüncüsü, iqtisadçı iki ölkə arasında xarici ticarət dövriyyəsinin azalacağını proqnozlaşdırır. Amma bununla yanaşı, «İran mənşəli kapitalın Azərbaycana daşınması prosesi sürətlənəcək ki, bu da Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunu artıra bilər».

Nəhayət, İbadoğlu İran tüməninin dəyərdən düşməsinin Azərbaycan manatına və dolayı yolla da ABŞ dollarına olan tələbatı artıra biləcəyini deyir: «Bu da Azərbaycanın xarici şoklara həssas olan valyuta bazarında gərginliyi artıracaq».

«Göründüyü kimi, İranda baş verənlər Azərbaycan iqtisadiyyatına birmənalı müsbət və ya mənfi təsir göstərməyəcək. Bu təsirlərin hansının çox, hansının az olması qonşu ölkədəki hadisələrin gedişatından və Azərbaycanın prosesə hazırlıq səviyyəsindən asılı olacaq», - iqtisadçı bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG