Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 10:29

İşadamından iddia: 'Rəis müavini məni bölmədə döydü'


C.Sadıqov
C.Sadıqov

30-yaşlı işadamı Cavidan Sadıqov iyunun 2-də Bakının Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin rəis müavini Əli Əsədullayev tərəfindən döyüldüyünü iddia edir: ​"İyulun 2-də işimlə bağlı Sabunçuda Razin (Bakıxanov qəsəbəsi – A.R.) qəsəbəsinə getmişdim. Orda açıq çay evi vardı, obyekt sahibləri ilə danışırdıq, icarəyə yer götürmək istəyirdik. Söhbət əsnasında polislər gəldi, karantin rejimini pozduğumuzu və 13-cü bölməyə getməli olduğumuzu dedilər. Orda köhnə tanışım, sahə müvəkkili İlqar vardı. Ona yaxınlaşdım ki, mənim cəriməmi tez yaz, biz gedək. Cavab verdi ki, mümkün deyil. Qayıtdım ki, "mən sənə çox hörmət etmişəm". Bu stola yumruq vurdu, qalxdı ayağa, qışqırdı ki, "sən kimsən mənə hörmət edəsən". Sonradan sinəmdən itələdi".

C.Sadıqovun sözlərinə görə, səs-küyə otağa gələn bölmə rəisinin müavini Əli Əsədullayev onu döyməyə başlayıb.

"Hələ də qabırğam ağrıyır"

"Heç bilmədi nədir, nə deyil, köynəyimin yaxasından tutub yerə yıxdı, orda çay evindən gətirilmiş 20-dək adam vardı. Onların gözü qabağında yıxdı yerə və sürüyə-sürüyə, dəhlizdə ağzıma-burnuma yumruq vura-vura otağına apardı. Orda da yumruq-təpik atdı. Həkimdən də keçmişəm, qabırğam, ayaqlarım, ağzım qan içindəydi. Hələ də qabırğam ağrıyır. Ağzım-burnum, ayaqlarım gömgöydür. Özüm də sahibkaram, ildə dövlətə 20 min manat vergi ödəyirəm", – işadamı söyləyir.

O deyir ki, polis bölməsində Ə.Əsədullayevin Qafqaz Müsəlmanları İdarəsinin rəisi Allahşükür Paşazadənin bacısı oğlu olduğunu bildiriblər: "Dedilər ki, sən ona neynəyəcəksən? Başını ağrıtma boş-boşuna".

Bundan sonra C.Sadıqov karantin qaydalarını pozduğuna görə 200 manat cərimələndiyini, o cəriməni ödədiyi halda qəbz verilmədiyini də qeyd edir. Amma az sonra ona rəsmi şəkildə 200 manatlıq cərimə qəbzi göndərildiyini də vurğulayır.

O, ertəsi gün təcili yardımla Sabunçu xəstəxanasına aparıldığını, həkimdən keçdiyini, eyni zamanda, başına gələnlərin araşdırılması üçüm 102 qaynar xəttinə, prezidentə, daxili işlər nazirinə, baş prokurora, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etdiyini bildirir. C.Sadıqovun sözlərinə görə, iş araşdırılmaq üçün yaşadığı əraziyə - Xəzər Rayon Polis İdarəsinə göndərilib: "Mənə çatmır, Sabunçu rayonunun polislərini Xəzər polis idarəsi cəzalandıracaq? Niyə iş Sabunçu rayonuna göndərilməyib ki?".

C.Sadıqov xəsarətlərin əks olunduğu bir neçə fotonu da təqdim edir.

"Burda məntiq yoxdur"

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov AzadlıqRadiosuna "vətəndaş müraciət etsin, araşdıraq" deyir. Amma bununla belə sual edir: "Bir şey soruşum. İndiyədək nə qədər adam karantin qaydasını pozduğuna görə cərimələnib, inzibati qaydada həbs edilib? Çox olar da. Necə oldu indiyədək heç kimi qaydanı pozduğuna görə döymədilər, bir dənə bu yoldaşı döydülər? Birincisi, burda məntiq yoxdur, yəni, karantin qaydasını pozduğuna görə kimisə döysünlər. İkincisi də, özünə haqq qazandırmaq, özünə ictimai diqqət cəlb etmək üçün uydurduğu bir şeydir".

Yerli və beynəlxalq qurumlar dəfələrlə vətəndaşların polis tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalmasını pisləyiblər və rəsmi qurumlardan bu praktikaya son verilməsini tələb ediblər. Azərbaycan hökuməti isə bu iddiaları qəbul etməyib.

XS
SM
MD
LG