Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:43

İşadamı oğlunu həbsdən necə xilas etmək istəyib-Məhkəmə istintaqı


Həbs
Həbs

«Xırdalan-Xəz» ASC-nin rəhbəri, keçmiş deputatlığa namizəd Akif Rəhimov ilyarım öncə 17 yaşlı oğlunun törətdiyi qəza nəticəsində ölən qadının sərxoş olması barədə saxta rəy almağa çalışıb. Bu, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işində yer alıb. Amma təqsirləndirilən şəxs qismində məhkəmə önünə çıxarılan A.Rəhimov yox, ondan 52 min 500 manat aldığı iddia olunan Elnur Babayevdir.

31 yaşlı E.Babayev müstəntiq köməkçisi olub. O, CM-in 178 (dələduzluq), 311-ci (rüşvət alma) maddələri ilə ittiham olunur. Cinayət işinin materiallarında yazılıb ki, E.Babayev işadamı A.Rəhimova ondan aldığı 52 min 500 manat müqabilində onun oğlu Rəhimin cinayət məsuliyyətindən azad olunacağını vəd edib. Bundan ötrü ekspert Bayraq Meydanı yaxınlığında yolu keçərkən 17 yaşlı R.Rəhimovun «Jeep Grand Cherokee» ilə vurduğu Könül Əkbərovanın hadisə vaxtı sərxoş olması haqda rəy verməliydi. Pulun 10 min manatının da ekspertə verilməsi nəzərdə tutulub. Razılaşma belə olub ki, qalan məbləğə də müstəntiqin köməyi ilə onların xeyrinə ifadə verəcək şahidlər tapılacaq, sükan arxasında R.Rəhimovun yox, ailənin sürücüsü Əmirulla Şahbazovun olması rəsmiləşdiriləcək.

Şadlıq sarayında görüşüblər

Bu yol qəzası məhkəmədə araşdırılanda məlum olmuşdu ki, hadisədən sonra sürücü Ə.Şahbazov məsuliyyətə cəlb olunub. Qəzanı onun törətdiyi rəsmiləşdirilib. Qəzada həyatını itirən 42 yaşlı K.Əkbərovanın anasının müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlərindən sonra vəziyyət dəyişib. Zərərçəkən yazırdı ki, işadamı öz pulu hesabına oğlunu məsuliyyətdən yayındırır.

Ardından R.Rəhimov həbs edildi, Səbail Rayon Polis İdarəsində bu işin istintaqını aparan müstəntiq Vüqar Abbasov işdən çıxarıldı.

İşadamının oğlunu məsuliyyətdən yayındırmaq məqsədilə ondan pul almaqda ittiham olunan E.Babayev özünü təqsirli bilib. Deyib ki, A.Rəhimovla onlara məxsus «Yeganə» şadlıq sarayında görüşüblər, bütün danışıqlar da orada baş tutub. E.Babayevlə A.Rəhimov arasında müqavilə imzalanıb. Orada işadamından 52 min 500 manat alınması göstərilib.

A.Rəhimov bu iş üzrə ifadə vermək üçün məhkəməyə çağrılsa da, gəlmir. Ona görə də, haqqında məcburi gətirilmə qərarı çıxarılıb.

Məhkəmə prosesi fevralın 15-də davam edəcək.

Xatırlatma

Yol qəzası 2017-ci il noyabrın 8-də baş verib. 1975-ci il təvəllüdlü K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində keçinib. Məhkəmədə məlum oldu ki, 18 yaşı tamamlanmadığından sürücülük vəsiqəsi olmayan R.Rəhimov əyləncə klubundan qayıdanda qəzanı törədib.

R.Rəhimov CM-in 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma -ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun işində 264-cü maddə ilə ittihama xitam verilib, özünə isə 5 il cəza təyin olunub. Daha sonra o, cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi qərarıyla həbsdən buraxılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG