Kritik əhəmiyyətli Hörmüz boğazının yenidən açılması ilə bağlı diplomatik səylər uzandığı bir vaxtda qlobal neft ehtiyatları sürətlə azalır. Beynəlxalq Enerji Agentliyi (IEA) avqustun 12-də belə bir xəbərdarlıqla çıxış edib.
Agentlik bildirir ki, ötən ay neft ehtiyatları gündəlik 2.2 milyon barel azalıb, bununla da qlobal ehtiyatlar 2025-ci ilin əvvəlindən bəri ilk dəfə 7.9 milyard bareldən aşağı düşüb.
Qarşıdakı aylarda qlobal neft bazarında gündəlik 1.8 milyon barel defisit yaranacağı proqnozlaşdırılır. Bu, iyuldakı proqnozdan iki dəfədən də çoxdur.
IEA bildirir ki, bazarın bu ilin sonunadək yenidən profisitə keçəcəyi proqnozlaşdırılır, ancaq risklər hələ də böyükdür, boğazın yenidən açılmasının aktuallığı daha da artıb.
Bu arada İran və Oman Hörmüz boğazından təhlükəsiz keçidin qurulması ilə bağlı danışıqlar aparır. Tehran bildirir ki, ABŞ onun şərtlərini yerinə yetirməyincə, boğaz tam açılmayacaq. Prezident Donald Tramp bu tələbi rədd edib.
Hörmüz boğazından gündə orta hesabla 9 milyon barel neft keçir
ABŞ-nin energetika naziri Kris Rayt isə bildirib ki, Fars körfəzi regionundan neft ixracı gündə təxminən 15 milyon barelə çatıb. Rayt avqustun 11-də X platformasında yazıb ki, Hörmüz boğazından gündə təxminən 9 milyon barel neft daşınır. Daha 5-7 milyon barel neft isə boru kəmərləri və digər ixrac infrastrukturu vasitəsilə daşınır.
Raytın sözlərinə görə, təkcə avqustun 9-da bütövlükdə Fars körfəzi regionundan 20 milyon bareldən çox neft ixrac edilib.
Müharibədən əvvəl Hörmüz boğazından hər gün təxminən 20 milyon barel neft və neft məhsulları keçirdi.
"Reuters"in yazdığına görə, boğazdan tanker keçidi hələ də müharibədən əvvəlki səviyyədən xeyli aşağıdır.