Keçid linkləri

2026, 07 Avqust, cümə, Bakı vaxtı 18:11

Neft 3 faiz bahalaşıb: Hörmüz boğazından 8 gəmi keçə bilib

Hörmüz boğazında gəmilər
Hörmüz boğazında gəmilər

Avqustun 7-də neft qiymətləri yenidən kəskin artıb. Dünya səhm bazarlarında isə geriləmə müşahidə olunub. "Brent" markalı neftin bir barelinin qiyməti 3 faiz artaraq 82 dollara, Qərbi Texas neftinin (WTI) qiyməti isə 2.3 faiz yüksələrək 77 dollara yaxınlaşıb.

"Neft qiymətlərinin artması həftənin əvvəlində yaranmış nikbinliyi bir qədər azaldıb. Lakin qiymətlər hələ də bir həftə əvvəlki səviyyədən xeyli aşağıdır. Bu isə avqustun ikinci həftəsinə qədəm qoyarkən bazarda müəyyən müsbət dinamika yaradır", – IG ticarət platformasının baş bazar analitiki Kris Boçamp bildirib.

"Kpler": Hörmüz boğazından gündə cəmi səkkiz gəmi keçir

ABŞ və İran qarşılıqlı hücumları dayandırsa da, Hörmüz boğazında gəmilərin hərəkəti ciddi şəkildə pozulub.

"Kpler" analitik şirkətinin məlumatına görə, avqustun 6-da boğazdan cəmi səkkiz gəmi keçə bilib. ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlamazdan əvvəl bu göstərici gündə 100-dən çox idi.

İran və ABŞ-nin iyunun 17-də imzaladığı müvəqqəti çərçivə razılaşması regionda nisbi sakitlik yaratmışdı. Razılaşmanın pozulmasından və blokadaların bərpasından sonra quru yük gəmilərinin hərəkəti, demək olar, yarıbayarı azalıb.

ABŞ-nin dəniz blokadasını bərpa etməsi İrana da ciddi təsir göstərib. Gəmiçilik məlumatlarının təhlili ilə məşğul olan "Windward" şirkəti peyk görüntülərinə əsasən bildirib ki, xeyli vaxtdır tankerlər İranın neft ixracının əsas terminalı olan Xark adasına yan almır.

İran müharibəsinin qlobal iqtisadi artıma təsiri

İrandakı müharibə qlobal iqtisadiyyatın perspektivlərinə ciddi zərbə vuraraq staqflyasiya şokuna səbəb olub. Bunu Almaniya Sənaye Federasiyası (BDI) avqustun 7-də dərc etdiyi hesabatda bildirib.

BDI bu il dünya iqtisadiyyatının 3 faiz artacağını proqnozlaşdırır. Proqnoza görə, süni intellekt bumu ilə dəstəklənən ABŞ iqtisadiyyatı 2 faiz, Çin iqtisadiyyatı isə 4.6 faiz böyüyəcək.

Qurum xəbərdarlıq edib ki, müharibənin enerji qiymətlərinə və qlobal ticarətə mənfi təsirləri iqtisadi perspektivləri zəiflədir. Hörmüz boğazında gəmiçiliyin pozulması da dünya iqtisadiyyatına təzyiqi artırıb.

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada bu il cəmi 0.6 faizlik, avrozonada isə 0.8 faizlik iqtisadi artım proqnozlaşdırılır.

XS
SM
MD
LG