Keçid linkləri

2026, 21 İyul, çərşənbə axşamı, Bakı vaxtı 20:11

İranın cənubunda müharibə: Əsas məsələ sağ qalmaqdır

Fars körfəzində davam edən münaqişə fonunda uşaqlar İranın Bəndər-Abbas liman şəhərində çimərlikdə oynayırlar.
Fars körfəzində davam edən münaqişə fonunda uşaqlar İranın Bəndər-Abbas liman şəhərində çimərlikdə oynayırlar.

ABŞ və İran arasında hava zərbələrinin yenidən başlaması İranın cənub bölgəsinə ağır zərbə vurub. Sakinlər yay istisində elektriksiz və yanacaqsız qalaraq dolanışıq imkanlarından məhrum olublar.

Fars körfəzi sahilindəki Xuzistan və Buşehr əyalətlərində, Oman dənizi sahilindəki Hörmüzqan əyalətinin Məkran bölgəsində uzun illərdir əhalinin əsas dolanışığı dənizdən çıxıb.

ABŞ-nin zərbələri isə limanları, gəmiləri və balıqçı qayıqlarını hədəf seçərək balıqçıların, dənizçilərin və dəniz ticarətindən asılı minlərlə insanın həyatını alt-üst edib. Vaşinqton İranın Hörmüz boğazında və ətrafında kommersiya gəmilərinə hücumlarına cavab addımları atdığını bildirir.

"Cənubda raketlər xeyli qayığı batırdı. Çoxlu qayıq yandı... Maddi ziyan bir kənara, nə qədər insan həyatını itirdi", – deyə yerli sakin sosial şəbəkədə yayılan videoda bildirib.

İşıq fasilə ilə verilir

İran rəsmiləri zərbələr başlayandan bəri mülki şəxslər daxil olmaqla təxminən 50 nəfərin həlak olduğunu bildirir. Son doqquz gündə isə hücumlar daha da intensivləşib.

ABŞ bildirir ki, əsas məqsəd İranın Hörmüz boğazı ətrafındakı hərbi potensialını sistemli şəkildə zəiflətməkdir. İran bu hərbi əməliyyatlara cavab olaraq strateji enerji dəhlizini faktiki qapadıb. Vaşinqton iddia edir ki, zərbələr boğazdan keçən gəmiləri təhdid altında saxlamaq üçün istifadə olunan hərbi obyektlərə yönəlib.

Sakinlər deyir, zərbələrin ağrılı təsirini hər gün hiss edirlər.

Sahilboyu elektrik stansiyalarına və yarımstansiyalara endirilən zərbələr soyutma sistemlərini sıradan çıxarıb. İyulda bu bölgədə temperatur çox vaxt 40 dərəcəni ötür. Bəndər-Abbas liman şəhərinin sakinlərindən biri deyib ki, evlərində işıq kəsildiyi üçün ailəsi ilə avtomobildə gecələməli olublar: "Elektrik yoxdur. Gecə yatmaq istəyəndə müharibənin, bombaların səsini eşidirsən... Biz nə günah işlətmişik ki, günorta ailəlikcə evdə yox, maşında otururuq? 41 dərəcə istidə, elektriksiz sadəcə qovrulursan".

Neftlə zəngin Xuzistan əyalətində qızmar günlərdə elektrik enerjisinin verilişi məhdudlaşdırılır.

"Bu istidə enerjini kəsirlər. Dözmək qeyri-mümkündür", – deyə digər sakin gileylənib.

Yanacaq növbələri

Yolların və körpülərin zədələnməsi böhranı daha da dərinləşdirib. Sahil şəhərlərinə giriş-çıxış çətinləşib, sosial şəbəkələrdə sürücülər insanlara avtomobillə yola çıxmamağı məsləhət görürlər.

Uzun-uzadı yanacaq növbələri yaranıb. Rabitə şəbəkələrində də kəsintilər yaşandığından ailələr yaxınlarından saatlarla xəbər ala bilmirlər.

ABŞ-nin zərbələri əsasən İranın cənub sahillərinə yönəlib. Fars körfəzində minlərlə gəmi hərəkətsiz vəziyyətdə qalıb.

Tərəflər ötən ay imzalanmış anlaşma memorandumunun pozulmasına görə bir-birini günahlandırır. Həmin sənəd fevralın 28-də başlayan münaqişənin tənzimlənməsi üçün 60 günlük sülh danışıqlarına şərait yaratmalıydı.

Ötən həftə on minlərlə iranlı onlayn petisiyaya imza ataraq ölkə rəhbərlərini cənub bölgələrinə gəlib vəziyyəti öz gözləri ilə görməyə çağırıb.

"Bu addım empatiyanın artmasına, daha səmərəli dəstəyə, ölkə səviyyəsində daha realist qərarların qəbuluna kömək edə bilər", – petisiyada vurğulanır.

Müharibənin yenidən alovlanmasına görə Vaşinqtonun məsuliyyət daşıdığını iddia edənlər də var.

Qonaq evləri boş qalıb

Münaqişə turizm sektoruna da ağır zərbə vurub. Xuzistandakı və Qeşm adasındakı tarixi məkanlara birbaşa ziyan dəyməsə də, sahil əraziləri təhlükəsizlik zonalarına çevrildiyi üçün qonaq evləri boş qalıb. Tur bələdçiləri işsiz qalıblar; həm də bölgə üçün ən gəlirli turizm dövrü sayılan payız və qış mövsümündə.

Dağıntılara baxmayaraq, sakinlər ölkədə həmrəylik hissinin gücləndiyini qeyd edirlər. İranın digər bölgələrində yaşayanlar münaqişə zonalarından köçənlərə öz qapılarını açırlar.

Fars körfəzi sahillərində yaşayanlar deyir ki, onları həm bu bağlılıq, həm də müharibənin bitəcəyinə bəslədikləri ümid ayaqda saxlayır.

"İlk yoxladığımız şey odur ki, sağ qalmışıqmı, qonşumuz sağdırmı, dostlarımız və ailəmiz hələ də yanımızdadırmı", – deyə cənubda yaşayan bir qadın bildirib.

XS
SM
MD
LG