Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:54

Heyvansevərlər itlərin güllələnməsinə nazirliyin qarşısında etiraz etdi


Heyvansevərlər nazirliyin qarşısında
Heyvansevərlər nazirliyin qarşısında

Sahibsiz itlərin güllələnib öldürülməsinə etiraz olaraq, bir qrup heyvansevər noyabrın 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında aksiya keçirib. Məsul şəxslərlə görüş tələb edən aksiya iştirakçıları bildirib ki, sahibsiz itlərin güllələnməsi bir müddət səngisə də, son bir ayda yenə eyni qaydada zorakılıqlar başlayıb. Onların bildirdiyinə görə, Bakının Hövsan və Suraxanı qəsəbələrində, Sumqayıtda itlərin kütləvi şəkildə güllələndiyini təsdiqləyən faktlar əldə ediblər.

Etirazçıları nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova qəbul edib. Onlar nazir Muxtar Babayevə ünvanladıqları müraciəti və itlərin güllələnməsi barədə əldə etdikləri faktları təqdim ediblər. Söz verilib ki, etirazlarına səbəb olan məsələlər araşdırılacaq və ölçü götürüləcək.

F.Mansurov
F.Mansurov

«Səlahiyyətli şəxslərin göstərişiylə həyata keçirilir»

«Azərbaycan Heyvanların Müdafiəsi» İctimai Birliyinin heyvan haqları üzrə inzibatçısı Fərid Mansurov deyir ki, belə məsələlərə görə indiyədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinə etdikləri müraciətlərə baxılıb, tədbir görülüb. Ona görə ümid edirlər ki, bu dəfə də biganə yanaşmayacaqlar.

F.Mansurov yada salır ki, İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində də heyvanlarla rəhmsiz rəftara görə 500 manat cərimə nəzərdə tutulub. Bununla belə, cəmiyyətdə heyvanlara qarşı amansız rəftarın getdikcə gücləndiyini deyir və hesab edir ki, buna görə məsuliyyət dövlət orqanlarının üzərindədir: «Məsələn, Sumqayıt Şəhər İcra Hakimiyyəti məsuliyyəti üzərindən atıb deyir ki, itlərin güllələnməsindən xəbərləri yoxdur, bunları eləyən mülki şəxslərdir. Mülki şəxslər şəhərdə sərbəst şəkildə çiynində tüfəng itləri güllələyə bilməz, axı. Niyə polis qarşısını almır, prokurorluq cinayət işi açmır? Deməli, səlahiyyətli şəxslərin göstərişiylə həyata keçirilir».

H.Məmmədova
H.Məmmədova

«Çıxış yolu güllələmək yox, axtalamaq və sığınacaqlardır»

«Alyans canlı aləmin mühafizəsi» İctimai Birliyinin üzvü Hicran Məmmədova deyir ki, küçələrdəki sahibsiz itləri güllələmək çıxış yolu deyil. Onun sözlərinə görə, dünya təcrübəsində problemin həlli axtalanma üsulu və ya sahibsiz heyvanlar üçün sığınacaqların tikilməsidir: «Heyvanların da yaşamaq haqqı var. Gecələr tikintilərdə kranın səsindən yatmaq olmur, bunun qarşısını almırlar, amma balaca bir itin səsinə görə onu güllələyirlər. Bura gəlməkdə də məqsədimiz budur ki, bu cür zorakılıqların qarşısı alınsın».

«Nazirlik araşdırmalara başlayıb»

Başqa bir könüllü Nailə Rzayeva da dövlət orqanlarının susqunluğundan gileylənir. Deyir, məsələ mütləq araşdırılmalıdır: «Bəlkə tüfəngi götürüb küçələrdə itləri güllələyən psixi xəstəliyi olan təhlükəli şəxsdir? Bunu aydınlaşdırmalı deyillər?».

Nazirliyin mətbuat katibi İradə İbrahimova görüşdən sonra AzadlıqRadiosuna da bildirib ki, itlərin kütləvi şəkildə güllələnməsi xəbərini bir gün öncə media vasitəsilə öyrəniblər: «Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq, təbii ki, biz bu cür hallardan narahatıq. Dərhal biz regional idarəmizə məlumat verdik, artıq araşdırmalar başlanıb. Bununla bağlı qanuna uyğun tədbirlər görüləcək».

İ.İbrahimova
İ.İbrahimova

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Dinar Səfiyev AzadlıqRadiosuna bildirmişdi ki, onlar itlərin güllələnməsi barədə tapşırıq verməyiblər. D.Səfiyev deyir ki, icra hakimiyyətinə şəhərdə sahibsiz itlərin kütləvi şəkildə öldürülməsi barədə məlumat daxil olmayıb. Hətta kimsə belə bir iş görübsə belə, bunu icra hakimiyyətinin göstərişi kimi təqdim etmək doğru deyil:

«Düzdür, Sumqayıt şəhərində sahibsiz küçə itləri olur. Amma onlar qaydalara uyğun şəkildə tutulub poliqon ərazisinə aparılır, orada qida ilə təmin olunurlar. Gələcəkdə sahibsiz heyvanlar üçün sığınacaq yaradılması nəzərdə tutulub. İcra hakimiyyətinin nəzdində Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə sahibsiz heyvanlarla bağlı vətəndaşların müraciətlərini nəzərə alaraq, müvafiq qurumlar onları qəbul ediblər. Görüşdə onlar da layihələrini, təkliflərini irəli sürüblər. O görüşdə də ortaq məxrəcə gəlinib. Anlamıram, indi icra hakimiyyətinə qarşı qərəzli məlumat yaymaq nəyə lazımdır?».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG