Keçid linkləri

2026, 05 Noyabr, cümə axşamı, Bakı vaxtı 15:41

Hərbi hissəni özbaşına tərk etməyə görə cərimə gəlir: 'Zabit, gizir, MAXE hara, cərimə hara?!'

Hərbi vəzifəlilərlə təlim toplanışı
Hərbi vəzifəlilərlə təlim toplanışı

"Hərbi geyimdə olsa da, zabit, gizir və ya istənilən hərbi qulluqçu, ilk növbədə, insandır. Onların da evində xəstəsi, qəfil dərdi, gözlənilməz ailəvi problemi ola bilər", – ehtiyatda olan bir zabit AzadlıqRadiosuna hərbi hissəni özbaşına tərk etməyə görə pul cəriməsi tətbiqini nəzərdə tutan yeni qanun layihəsindən danışarkən belə deyib.

O, bircə günlük gecikməyə görə hərbçinin qolunu qandallayıb birbaşa hauptvaxta salmamağı, ona alternativ olaraq cərimə şansı verməyi bir tərəfdən "insaflı" yanaşma sayır. Amma təhlükəsizlik səbəbindən adının çəkilməsini istəməyən zabit məsələnin digər tərəfinə də diqqət çəkir: "Amma mənə görə, ordu hisslərlə deyil, dəmirtək nizam-intizamla idarə olunur. Əgər bir hərbçi bilsə ki, xidmət yerinə gecikəndə və ya icazəsiz çıxıb gedəndə bunu sadəcə cibindən pul çıxarıb cərimə ödəməklə "həll edə" bilər, o zaman orduda intizam deyilən şey çökər".

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər necə əsaslandırılır?

Yeni qanun layihəsinə əsasən, hərbi hissəni icazəsiz tərk edən və ya xidmətə gecikən zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE) 1 gündən 10 günədək xidmətə gəlmədikdə 200 manatdan 300 manatadək məbləğdə cərimə olunacaq və ya 15 günədək müddətə inzibati qaydada həbs ediləcək. Bu xəta bir il ərzində təkrar törədilərsə, cərimənin məbləği 300-500 manata qalxacaq, həbs müddəti isə 10 gündən 1 ayadək ola biləcək.

Hazırkı qanunvericiliyə görə isə, bu xətanı ilk dəfə törədən hərbçilər 20 günədək, bir il ərzində təkrar törədənlər isə 15 gündən 1 ayadək həbs edilir. Yeni layihə isə hər iki halda həbs cəzasına alternativ olaraq pul cəriməsi də təklif edir.

Qanun layihəsini parlamentdə təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə bildirib ki, bu dəyişikliklər hərbi xidmət əleyhinə törədilən inzibati xətalara prokuror nəzarətini daha da gücləndirmək məqsədi daşıyır.

Hüquq elmləri doktoru Əlövsət Allahverdiyev "Şərq" qəzetinə açıqlamasında deyib ki, gündəmdəki dəyişikliyin ən mühüm cəhətlərindən biri inzibati məsuliyyət yaradan vaxt həddinin dəyişdirilməsidir. Əvvəllər hərbçilərin hərbi hissədən üç gündən çox icazəsiz getməsi cəza yaradırdısa, yeni təklifə görə, artıq bir günlük gecikmə belə cəzaya səbəb olacaq: "Beləliklə, qanunverici bir tərəfdən həbs cəzasına alternativ olaraq cərimə mexanizmi gətirir, digər tərəfdən isə bu məsuliyyətin əhatə dairəsini genişləndirir. Bu səbəbdən də dəyişikliyi sadəcə cəzaların yüngülləşdirilməsi kimi qiymətləndirmək düzgün olmazdı".

Səxavət Məmməd
Səxavət Məmməd

"200-300 manatını itirməyə razı olmaz"

Hərbi ekspert və jurnalist Səxavət Məmməd isə təklif olunan dəyişikliyi düzgün yanaşma hesab etmir. Onun fikrincə, hərbi xidmətdə intizam pozuntularının qarşısının alınması üçün ayrıca inzibati cərimə mexanizminin yaradılması əvəzinə, mövcud hərbi nizamnamələrin imkanlarından istifadə edilməlidir. O, öz hərbi xidmət təcrübəsindən danışarkən bildirir ki, komandirlər bəzən hərbçinin xidmət göstəricilərini və vəziyyətini nəzərə alır, ilk dəfə baş verən gecikmələrə daha yumşaq yanaşırdılar. S.Məmməd bunu intizamın pozulmasına göz yummaq kimi deyil, konkret vəziyyətin nəzərə alınması kimi qiymətləndirir: "Ən nizamlı adamlar belə bəzən elə bir səhv edə bilər ki, buna insani bir hal kimi baxmaq lazımdır".

Ekspertin sözlərinə görə, əvvəllər orduda hauptvaxtda saxlanılma kimi daha ağır intizam tədbirləri olub. Sonradan insan hüquqları və xidmət şəraiti ilə bağlı məsələlər nəzərə alınaraq bu cəzaların bir qismi ləğv edilib. O, indiki dəyişikliyin də mütəxəssislərlə ciddi müzakirə olunmasını labüd sayır.

S.Məmməd hərbçilərin maddi durumunu və bank borclarını da xatırladaraq cərimənin ağır fəsadlar verəcəyini istisna etmir: "Hərbçilərin maaşı o qədər də yüksək deyil. Zabit, gizir və ya MAXE xəta törədəndə gedib üç sutka növbədənkənar naryadda qalmağa razı olar, amma 200-300 manatını itirməyə razı olmaz. Azərbaycanda az qala hamının, o cümlədən hərbçilərin banklara kredit borcu var".

"Bəyəm avtomobil sürürlər ki, cərimə edirsiniz?!"

Hərbi ekspert Ədalət Verdiyev İnzibati Xətalar Məcəlləsinin 613-cü maddəsinə edilən dəyişiklikləri "silahlı qüvvələrdə nizam-intizamın möhkəmləndirilməsi məqsədilə atılan zəruri addım" sayır. Ekspertin fikrincə, bu yeniliklər tənbeh tədbirlərinin hərbi qulluqçuya görə fərdiləşdirilməsinə və törədilən pozuntunun xarakterinə uyğun cəza seçilməsinə imkan verəcək: "Bu dəyişikliklər inzibati və cinayət məsuliyyəti arasındakı sərhədləri daha dəqiq müəyyənləşdirməyə də şərait yaradacaq".

Üzeyir Cəfərov
Üzeyir Cəfərov

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov isə deyir ki, hərbi intizam pozuntusuna görə pul cəriməsinin müəyyənləşdirilməsi ordunun idarəolunma fəlsəfəsinə daban-dabana ziddir: "Zabit, gizir, miçman, MAXE hara, cərimə hara?! Bəyəm avtomobil sürürlər ki, cərimə edirsiniz?! Bu, ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı məsələdir. Milli Məclisdə bu qərarı verən insanlar necə rəva bilirlər ki, hərbçiyə cərimə tətbiq olunsun?! Onda belə çıxır ki, sabah düşmən hücuma keçəndə hərbi hissədən 10-15 nəfər çıxıb gedəcək, deyəcək ki, "gedim işim var, sabah gəlib cəriməmi ödəyərəm". Heç düşünürsünüz nə edirsiniz? Hava Hücumundan Müdafiə qüvvələrində 24 saat hava məkanını qoruyan şəxs xidmət yerini qoyub getsin, desin ki, sabah 200-300 manat ödəyərəm?!".

Başqa ölkələrdə vəziyyət necədir?

Beynəlxalq praktikada hərbi hissəni icazəsiz tərk etməyə görə məsuliyyət daha çox xidməti, intizam və cinayət cəzaları üzərində qurulub. Qonşu Türkiyədə bu cür pozuntulara görə xidmət yerini tərk etməmə cəzası, maaşdan kəsilmə və müqaviləli hərbçilər üçün xidmətdən xaric edilmə mexanizmi tətbiq olunur; yayınma altı günü keçdikdə isə birbaşa həbs cəzası nəzərdə tutulur.

Ermənistanda hərbi qulluqçular ümumi inzibati cərimələrdən azaddırlar və qısamüddətli yayınmalara görə yalnız daxili intizam qaydaları əsasında hauptvaxta salınırlar; üç gündən artıq gecikmə isə birbaşa cinayət məsuliyyəti yaradır və intizam batalyonu ilə nəticələnir.

Rusiya və bir sıra postsovet ölkələrində də əsas tənbeh vasitəsi 15 günədək qarnizon təcridxanasında saxlanılma və ya rütbənin aşağı salınmasıdır; müddət iki günü keçdikdə isə Cinayət Məcəlləsi tətbiq olunur.

NATO və Qərb ordularında, xüsusilə də ABŞ-də hərbçi bu xətanı törədəndə komandirin qərarı ilə onun hərəkəti məhdudlaşdırılır, ona əlavə tapşırıqlar verilir və ya maaşının bir hissəsi kəsilir.

Ağır cərimələr gəlir – bu dəfə məmurlara
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

İntizam aləti, yoxsa fiskal gəlir mənbəyi?

İqtisadçı Məmməd Talıblı isə sözügedən layihəni cərimələrə yanaşmanın ümumi tendensiyası kontekstində dəyərləndirir. O, bunu fiskal siyasətdəki yeni meyllərdən biri kimi görür; cərimə və maliyyə sanksiyalarının getdikcə daha çox çəki qazandığını bildirir. İqtisadçının sözlərinə görə, cərimələr büdcəni doldurmaq mənbəyi deyil, sosial və iqtisadi münasibətləri tənzimləyən alət olmalıdır.

Bu arada Azərbaycanda bu il bir sıra sahələr üzrə vergi və dövlət rüsumları, eləcə də inzibati cərimələrin məbləği artırılıb. Hesablama Palatasının məlumatına görə, təkcə 2024-cü ildə büdcə təşkilatlarının cərimə və maliyyə sanksiyalarından büdcədənkənar daxilolmaları əvvəlki illə müqayisədə 42.8 faiz artaraq 277.7 milyon manata çatıb.

​
XS
SM
MD
LG