Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (el arasında "OMD xəstəxanası" kimi tanınır) keçmiş şöbə müdiri və uşaq cərrahı Qafar Cəfərov iddia edir ki, onu işdən qanunsuz çıxarıblar. Bu üzdən məhkəməyə üz tutub.
Q.Cəfərov 2009-cu ildən 2021-ci ilədək bu xəstəxanada şöbə müdiri vəzifəsində çalışıb. 2021-ci ildə vəzifəsindən azad olunsa da, uşaq cərrahı kimi işləməkdə davam edib. 2025-ci ildə isə onunla müqaviləyə xitam verilib. Q.Cəfərovun işdən çıxarılması Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) bəndi ilə əsaslandırılıb.
Uşaq ölümlərini araşdıran ekspert qrupunun üzvü olub
Q.Cəfərov isə məhkəməyə şikayətində göstərib ki, onunla müqaviləyə xitam veriləcəyi barədə öncədən xəbərdarlıq olunmayıb. Bu da qanun pozuntusudur. Fəlsəfə elmləri doktoru, uşaq ölümlərini araşdıran ekspert qrupunun üzvü olduğunu vurğulayan Q.Cəfərov bildirib ki, işdən uzaqlaşdırılması ona qarşı qərəzli münasibətdən irəli gəlir: "Elektron sistemə gecə saat 1-ə işləmiş yüklənən əmək müqavilələri də bunu sübut edir. Gecə saat 1-ə işləmiş kadrlar şöbəsinin hansı əməkdaşının iş vaxtıdır ki, mənimlə bağlı sənədi həmin vaxt sistemə yükləyiblər?".
Q.Cəfərov 2012-ci ildə AzadlıqRadiosuna açıqlamasında demişdi ki, çalışdığı institutda və ondan kənarda baş verən uşaq ölümləri ilə bağlı faktların böyük hissəsi gizlədilir.
Q.Cəfərovun 65, yəni təqaüdə çıxma yaşı 2017-ci ildə tamam olub. Bundan sonra onunla əmək müqaviləsi bir neçə dəfə birillik, ardından dəfələrlə üçaylıq uzadılıb. 2025-ci ildə isə xitam verilib.
"İl ərzində cəmi 27 əməliyyat edib"
Xəstəxana rəhbərliyi həkimin iddialarını qəbul etmir. İnstitutun nümayəndəsi məhkəmədə deyib ki, Q.Cəfərova işdən çıxarılacağı barədə xəbərdarlıq olunub: "Qafar Cəfərov yaşlanmasını qəbul etməsə də, iş fəaliyyətində bu faktor özünü göstərməyə başlamışdı. 2024-cü il ərzində xəstəxanada cərrah həkimlərin gördüyü işlərin sayını müqayisə edəndə də bunu görmək olur. Ən az əməliyyat edən cərrah həkim odur, il ərzində cəmi 27 əməliyyat edib. Gördüyü əməliyyatlar da yırtıq və sünnət olub".
Nümayəndə vurğulayıb ki, bir uşağın valideynləri Q.Cəfərovdan Səhiyyə Nazirliyinə rüşvət iddiasıyla şikayət edib. Ondan bununla əlaqədar nazirlikdə izahat alınandan sonra pul geri qaytarılıb.
Yasamal rayon Məhkəməsi həkimin işə bərpa tələbiylə qaldırdığı iddianı təmin etməyib. Onun verdiyi apellyasiya şikayəti də nəticəsiz qalıb.
Səhiyyə Nazirliyi də bu məhkəmə çəkişməsinə tərəf kimi cəlb olunub.
Aşağı instansiya məhkəmələrinin obyektiv və ədalətli araşdırma aparmadığını, bir sıra faktları araşdırmadığını iddia edən Q.Cəfərov Ali Məhkəməyə şikayət verib. Bugünlərdə Ali Məhkəmə onun şikayətinə baxsa da, qərar yenə də əleyhinə olub.