Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:54

Uşaqlar üçün xəstəxana yoxsa qəbiristanlıq...


Arxiv foto
Arxiv foto
«İyunun 12-də bir aylıq uşağımızın qarnında köp olduğuna görə «OMD»yə apardıq. Şöbə müdiri əvvəl dedi əməliyyat olunmalıdır, bağırsağı iki yerdən deşilməlidir. Sonra əməliyyatı üstündən atdı. Uşağın vəziyyəti getdikcə ağırlaşırdı. Həkimə nə qədər yalvardımsa, əməliyyat etmədi. Dedi, etmirəm vəssalam. Çox danışanda da dedi, get, hara şikayət edirsən et. 12-13 saatdan sonra uşaq öldü. Büküb verdilər, dedilər, aparın basdırın».

Gədəbəyin Zəhmət kəndində yaşayan Elşən Məmmədov 1 aylıq körpəsinin iyunun 13-də Elmi Tədqiqat Pediatriya İnstitutunda həkimlərin diqqətsizliyi üzündən öldüyünü deyir. Onun sözlərinə görə, uşağın ölümü barədə ona sənəd verilməyib:

Arxiv foto
Arxiv foto
«Mən əməliyyat tələb etdiyimə görə, özümü sürüyüb xəstəxananın dəhlizindən çölə atdılar. Öləndən sonra bizə heç nə vermədilər, bükdülər verdilər uşağın ölüsünü, dedilər aparın basdırın. Biz də gətirdik kəndimizin qəbiristanlığında basdırdıq. Basdıranda da heç bir sənəd tələb etmədilər».

ONSUZ ÖLƏCƏK, APARIN EVDƏ ÖLSÜN...

Bakı sakini Rövşən Mehtiyev isə deyir ki, xəstəxanaya yerləşdirilmiş 10 günlük körpəsinin ölümünə dəqiqələr qalmış veriblər ki, onsuz da öləcək, apar, evdə ölsün.

Rövşən Mehtiyev: «Uşağın vəziyyəti yaxşı deyildi. Doğum evindən birbaşa «OMD»yə apardıq. 11 gün qaldı, öldü. Dedilər «mininqit» olub. Sağ da qala bilərdi, ancaq həkimlər demişdilər ki, onsuz da gələcəkdə şikəst olacaq. Qız uşağı idi. Dedilər 1 saata öləcək, götürün aparın. Biz də büküb xəstəxanadan çıxartdıq. Elə xəstəxananın həyətində əlimizdə öldü. Qoyduq maşına gətirib Sumqayıt qəbiristanlığında basdırdıq. Nə xəstəxanadan ölüm haqqında hər hansı sənəd verdilər, nə də basdıranda sənəd tələb etdilər».

«BU XƏSTƏXANA QƏBİRİSTANLIĞA ÇEVRİLİB»

Qafar Cəfərov
Qafar Cəfərov
Elmi Tədqiqat Pediatriya İnstitutunun erkən yaşlı uşaqların cərrahiyyə şöbəsinin həkim-cərrahı Qafar Cəfərov deyir ki, institutda və ondan kənarda baş verən uşaq ölümləri ilə bağlı faktların böyük hissəsi gizlədilir:

«Bu xəstəxana qəbiristanlığa çevrilib. Son 3 ildə hesablama aparmışam, hər il 750-yə yaxın ölüm faktı qeydə alınır. Təqribən 500-ə yaxın ağır xəstə, valideynlərindən iltizam alınaraq evə buraxılır. Xəstə uşaq o məqsədlə evə buraxılır ki, gedib evdə ölsün. Bu zaman o uşağın ölümünün məsuliyyəti xəstəxananın üzərində olmur. İkinci tərəfdən isə, yeni doğulmuş uşağa yas saxlanılmır, dəfn zamanı ölüm kağızı da tələb olunmur. Torpağı qazırlar, basdırırlar, vəssalam. Niyə öldü, nədən öldü sorğusu yoxdur. Bu yolla da ölüm faizi azaldılmış olur».

«NƏ VALİDEYN, NƏ HƏKİM ÖLÜM HÖKMÜ VERƏ BİLMƏZ»

Uşaq cərrahı deyir ki, ölən uşağına görə ölüm haqqında şəhadətnamə tələb etməyə valideynlərin də marağı yoxdur.

Cərrah valideyndən iltizam alınaraq xəstə uşağın evə buraxılmasının qanunsuz olduğunu deyir:

«Heç bir valideynin ixtiyarı yoxdur ki, ölümcül uşağı tibbi aparatdan ayırsın, yaxud onun əməliyyat olunmasına icazə verməsin. Nə valideyn, nə də həkim ölüm hökmü verə bilməz. Xəstəxanaya daxil olan xəstə ya tam müalicə olunub evə buraxılmalıdır, ya da son dəqiqələrinə qədər ona bütün tibbi yardımlar göstərilməlidir. Başqa bir faktı da deyim ki, bu xəstəxanada indiyə qədər baş vermiş ölümlərin içərisində bir uşaq da yarılmayıb».

HƏR MİN UŞAQDAN 36-SI ÖLÜR

BMT Uşaq Fondunun (UNİCEF) son hesabatında qeyd olunur ki, Azərbaycanda doğulan hər 1000 uşaqdan 36-sı 5 yaşınadək yaşamır. Bu, MDB ölkələri arasında o qədər də yaxşı göstərici deyil. Çünki UNİCEF-in hesabatlarına görə, ölkəmiz uşaq ölümlərinin sayında Rusiya, Belarus, Ukrayna, Moldova, Ermənistan, Qazaxıstan, və Gürcüstanı üstələyir. Gürcüstanda bu göstərici 30, Ermənistanda isə 23-dür.

Nəsib Quliyev
Nəsib Quliyev
Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev isə nə çalışdığı qurumun işçisinin dedikləri ilə, nə də UNİCEF-in hesabatında göstərilənlərlə razılaşır. O, rəqəmlərin şişirdildiyini deyir:

ÖLÜMCÜL KÖRPƏLƏR BİR MƏRKƏZƏ GƏTİRİLİR

«Əgər bir uşağın taleyi ölümə məhkumdursa, həkim onu valideyndən gizlədə bilməz. Bəzən uşaq anadangəlmə elə qüsurla doğulur ki, biz onun valideynini məlumatlandırırıq ki, yaşama şansı yoxdur. Yardım edilir, müalicə olunur, vəziyyəti düzəlmir. Valideyn deyir müalicədən imtina edirəm, uşağımı götürüb gedirəm. Biz ona heç nə deyə bilmərik».

İnstitutun direktoru deyir ki, əvvəllər qüsurlu körpələr doğulduqları xəstəxanalarda ölürdülər. Sonra İnstitutun tərkibində bir mərkəz yaradıldı və bütün doğum evlərindən çarəsiz körpələri bura gətirməyə başladılar. Onun deməsinə görə, əslində ölüm faizinin yüksək görünməsi də bununla əlaqədardır:

«Bütün xəstəxanalardan hər gün ölümcül körpələr bura gətirilir. Onlara sona qədər hər cür tibbi yardım göstərilir, əgər həyatlarını xilas etmək mümkün olmursa, ölüm faizinin yüksək qeydə alınması təbiidir. Əgər həmin körpələr doğulduqları xəstəxanalarda ölsəydilər, o zaman bizim institutda ölüm faizi bu qədər yüksək olmazdı».

ÖTƏN İL 1903 KÖRPƏ ÖLÜB

Baş pediatr ötən ilin körpə ölümü ilə bağlı statistikanı da açıqlayır:

«Keçən il institutumuzda 615 körpə dünyasını dəyişib. Ümumilikdə ölən uşaqların sayı isə 1903 nəfərdir».

Baş pediatr deyir ki, institutda daha çox yeni doğulmuş körpə və 5 yaşadək uşaqların ölümü baş verir. 5 yaşdan yuxarı uşaqların ölüm hadisəsi nadir hallarda olur. Bütün ölüm faktları qeydə alınır və bu faktı gizlətmək mümkün deyil.

«BU BOYDA FAKTI NECƏ GİZLƏTMƏK OLAR?»

«Xəstə xəstəxanaya daxil olanda 20 sənəddə qeydiyyatdan keçir. Ona hansı tibbi yardımlar göstərilir və nəticə sənədləşdirilir. Bu boyda faktı necə gizlətmək olar?».

Azad İsgəndərli
Azad İsgəndərli
Sosial hüquqların monitorinq qrupunun rəhbəri Azad İsgəndərli deyir ki, 2010-2011-ci illərdə ana və uşaq ölümünün əsas səbəblərini müəyyənləşdirmək, onların ölümlərinə təsir göstərən xidmətin təşkili səviyyəsini öyrənmək üçün monitorinqlər keçiriblər. Nəticələr ürəkaçan olmayıb:

ƏN ÇOX ÖLÜM HALI ELMİ TƏDQİQAT PEDİATRİYA İNSTİTUTUNDADIR

«Uşaq ölümü ilə bağlı ən yüksək göstərici Elmi Tədqiqat Pediatriya İnstitutunda qeydə alınıb. Orada 220 respondent arasında aparılan sorğular zamanı ölüm hallarına xəstəxana şəraitinin pis olması, tibbi avadanlığın çatışmazlığı - o boyda xəstəxanada cəmi 15 çarpayılıq bir palatanın olması və başqa səbəb olduğu üzə çıxdı. Ölüm faktlarının gizlədilməsi faktlarını aşkar etdik. Çoxlu sayda valideynlər övladlarının həkim səhlənkarlığından öldüyünü bildirirdi».

SORĞU REALLIĞI ƏKS ETDİRMİR?

Baş pediatr isə deyir ki, o, nə UNİCEF-in, nə də başqa beynəlxalq və yerli təşkilatların sorğu əsasında hazırladığı hesabatlara ciddi yanaşmır:

«Bir neçə nəfərdən soruşulan fikirlə hər hansı xəstəxanadakı ölüm statistikasını müəyyən etmək mümkün deyil. İndi sorğu əsasında rəy formalaşdırmaq yalnız Afrika ölkələrində qalıb, Azərbaycan kimi iqtisadi inkişafı olan ölkədə sorğu ilə statistika müəyyən etmək, qiymət vermək mümkün deyil. İndi bunun üçün daha sivil yollar var».

Baş pediatr xəstəxanaya yeni avadanlıqların alındığını, həkim xidmətinin müasir tələblərə uyğunlaşdırıldığını da deyir.
XS
SM
MD
LG