Fəaliyyəti dayandırılmış "Gənc Qazilər" İctimai Birliyinin (İB) 2 il 6 ay həbs cəzası alan sədri Hacı Vəliyevin adından məhkəmənin qərarı və səhhəti ilə bağlı açıqlama yayılıb.
Yaxınlarının yaydığı açıqlamada qeyd edilir ki, o, hazırda Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılır. "Səhhətimdə, xüsusilə də gözlərimdə ciddi problemlər var. Görmə qabiliyyətimdə həddindən artıq zəifləmə müşahidə olunur. Qapalı şəraitdə, ixtisaslaşmış həkimlərin olmadığı bir yerdə bütün bu əzab və çətinliklərə baxmayaraq ayaqdayam", – yaxınlarının sözlərinə görə, o vurğulayıb.
"Həbsimin siyasi sifariş olduğunu, ictimai fəaliyyətimlə əlaqədar həyata keçirildiyini bir daha açıq şəkildə bildirirəm", – H.Vəliyev əlavə edib.
O, həmçinin "Gənc Qazilər" İB-də olan bir qrup şəxsdən lazımi dəstək ala bilmədiyindən şikayətlənib.
Hələlik bu açıqlamaya Azərbaycanın rəsmi qurumlarından və sözügedən təşkilatın azadlıqda olan keçmiş təmsilçilərindən münasibət almaq mümkün olmayıb.
Rəsmi qurumlar isə, bir qayda olaraq, ölkədə sifarişli həbslərin olmasını, həmçinin təcridxana və cəzaçəkmə yerlərində işgəncələrlə bağlı deyilənləri qəbul etmirlər.
6 may
Hacı Vəliyevə 2 il yarım həbs cəzası kəsildi
Fəaliyyəti dayandırılmış "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri Hacı Vəliyev bu gün, mayın 6-da Tovuz rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə onun yaxınları məlumat yayıb.
Yaxınları qərarı ədalətli saymırlar. Onlar hesab edirlər ki, "vətən uğrunda sağlamlığını itirmiş bir insanın bu cür cəzalandırılması cəmiyyətə verilən çox ağır və düşündürücü bir mesajdır".
Tovuz rayon Məhkəməsində bundan əvvəl, aprelin 28-də keçirilən prosesdə H.Vəliyevə Cinayət Məcəlləsinin (CM) 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə irəli sürülmüş ittihama xitam verilmişdi. Onun barəsində CM-nin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsi qüvvədə saxlanmışdı. Dövlət ittihamçısı H.Vəliyevə 3 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. H.Vəliyev ittihamı qəbul etmir.
Xatırlatma
H.Vəliyev ötən il aprelin 1-də həbs edilib. Onun həbsindən sonra "Gənc Qazilər" İB-nin fəaliyyətinin dayandırıldığı açıqlanıb. Bu barədə həmin qurum adından yayılan məlumatda qeyd olunub ki, son dövrlərdə yaranmış bir sıra obyektiv və subyektiv səbəblər, o cümlədən üzvlər arasında əlaqələrin zəifləməsi nəzərə alınaraq təşkilatın fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb: "Birliyin fəaliyyətinin bu mərhələdə dayandırılmasının daha məqsədəuyğun olduğu qənaətinə gəlinib".
H.Vəliyev sosial şəbəkələrdə tənqidi çıxışları ilə də tanınırdı. O, xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və ya həlak olanların ailələrinin problemlərini ictimailəşdirirdi.
"Gənc Qazilər" İB 2021-ci ildə "Qarabağ Qaziləri" İB-nin bazasında yaradılmışdı.
H.Vəliyev müharibədə gözlərinin birini itirib. Onun digər gözündə də problem olduğu bildirilir.