Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefaya gedəcəyini bəyan edib. Xəbər verilir ki, onu vəzifəsində hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze əvəzləyə bilər.
Bu barədə məlumatı Exo Kavkaza saytına Qaribaşvilinin özü verib:
"Sizdən gizlətməyəcəyəm. Siyasi şurada söhbət gedirdi ki, mən vəzifəmdə yayadək, seçki kampaniyasının əvvəlinədək qalım. Amma mən qərara gəldim ki, indi istefaya gedim. Çox mühümdür ki, yeni baş nazir öz komandasını vaxtında elan etsin və hökumətin təşkili ilə məşğul olsun. Mən yeni baş nazirə uğurlar arzu edirəm”.
Qaribaşvili bunu da bildirib ki, “Gürcü arzusu” partiyasının sədri postunu tutacaq. Hazırda həmin vəzifədə olan İraki Kobaxidze isə baş nazirliyə namizəd olacaq.
Bundan əvvəl Qaribaşvilinin istefaya hazırlaşdığını müxaliət mediası xəbər vermişdi.
Başqa nazirlər də dəyişməlidir
Gürcüstan mediası bunu da xəbər verir ki, müdafiə, xarici işlər, ədliyyə və səhiyyə nazirlərinin də dəyişəcəyi gözlənilir.
Mtavari telekanalının məlumatına görə ölkənin indiki müdafiə naziri Cuanşer Burçuladzeni deputat İrakli Çikovani əvəz edə bilər.
İqtidaryönlü İmedi telekanalının məlumatına görə hakim “Gürcü arzusu” partiyası siyasi şurasında kadr məsələləri hələ yanvarın 24-də müzakirə olunub.
Siyasi şurada qəbul olunmuş qərarları hakim partiyanın parlamentdəki deputatları fevralın 1-də təsdiq etməlidirlər.
İrakli Qaribaşvili 2021-ci ildən baş nazirdir. O bundan əvvəl bu postu 2013-2015-ci illərdə tutub.
Həmin illərdə o həm də “Gürcü arzusu” partiyasının sədri idi.