Gürcüstanda 560 gündən çoxdur küçələrdə etiraz aksiyaları keçirilir, etirazçılar ölkənin demokratik geriləməsinə qarşı çıxırlar. Bu ərəfədə Vaşinqton Gürcüstandan cənubda yerləşən İranla daha geniş qarşıdurma riskini diplomatik yollarla azaltmağa çalışır.
Ölkənin demokratik düşərgəsi hesab edir ki, Gürcüstanda demokratiya böhranı dərinləşir, Rusiyanın təsiri isə hakimiyyət strukturları vasitəsilə genişlənir.
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili iyunun 16-da Vaşinqtonda AzadlıqRadiosuna müsahibə verib. Onun fikrincə, Qərbin diqqətsizliyi Gürcüstanı Moskvanın maraqlarına "təslim etmək" riski yaradır.
Zurabişvili müsahibədən bir neçə saat əvvəl "Freedom House" insan hüquqları təşkilatının 2026-cı il üzrə Mark Palmer mükafatına layiq görülüb.
Keçmiş prezidentin fikrincə, İranla bağlı gərginlik azalarsa, ABŞ Gürcüstana problem yaşayan kənar demokratiya kimi deyil, regiondakı növbəti geosiyasi rəqabətin əsas qovşaqlarından biri kimi baxmalıdır.
"Amerika Gürcüstanı sadəcə Rusiyanın maraqlarına təslim edə bilməz", – o vurğulayıb.
Zurabişvilinin prezidentlik müddəti 2024-cü il dekabrın 29-da dərin siyasi böhran fonunda başa çatıb. O, həmin ilin oktyabrında keçirilən parlament seçkilərinin nəticələrini tanımamış, xələfinin andiçmə mərasimi günü prezident sarayını tərk etmişdi.
Bu arada hakim "Gürcü Arzusu" partiyası Yaxın Şərqdəki qeyri-sabitlik fonunda özünü vacib regional oyunçu kimi təqdim etməyə çalışır. Partiya hətta ABŞ dövlət katibi Marko Rubio ilə son telefon danışığını Vaşinqtonla münasibətlərdə istiləşmənin əlaməti kimi qələmə verir.
Zurabişvili isə bunu "siyasi tamaşa" adlandırıb.
"Onlar Vaşinqtonda çox da təsirli olmayan lobbi qrupları ilə işləyirlər. Amma anlamırlar ki, bir tərəfdən lobbiçilik edib, digər tərəfdən isə həmin insanların düşmənləri ilə yaxın münasibət qurmaq olmaz", – o bildirib.
Gürcüstan "boz zona"ya çevrilir
Zurabişvili düşünür ki, müstəqil strateji kursunu itirən Gürcüstan hökuməti xarici siyasətini Rusiyanın qəbul edə biləcəyi sərhədlər daxilində formalaşdırır.
"Onların əslində heç bir strategiyası yoxdur; bütün siyasətləri Rusiyanın icazə verdiyi güclərlə yaxınlaşmağa çalışmaqdır", – keçmiş prezident bildirib.
Onun sözlərinə görə, bu taktika Macarıstan və Slovakiya ilə keçici tərəfdaşlıq əlaqələrində, eləcə də Vaşinqton və Brüsellə münasibətləri vaxtaşırı bərpa etmək cəhdlərində özünü göstərir.
Zurabişvilinin əsas narahatlığı diplomatiyadan daha çox infrastruktur və nəzarət mexanizmləri ilə bağlıdır. Onun fikrincə, Gürcüstan getdikcə "boz zona"ya çevrilir, burada sanksiyaların icrası, maliyyə nəzarəti və sərhəd təhlükəsizliyinə nəzarət çətinləşir: "İndi Gürcüstan hər şeyin baş verə biləcəyi boz zonaya çevrilib".
Zurabişvili xarici vətəndaşların asanlıqla Gürcüstan sənədləri əldə etməsinə, kriptovalyuta bazarının zəif tənzimlənməsinə və Rusiyanın "kölgə donanması" ilə əlaqələndirilən gəmilərin ölkə limanlarına sərbəst daxil olmasına diqqət çəkib.
Keçmiş prezident Gürcüstanla Rusiya arasında həftədə 100-dən çox aviareysin həyata keçirildiyini vurğulayaraq, bunun təhlükəsizlik və nəzarət imkanları baxımından ciddi suallar doğurduğunu bildirib.
Onun fikrincə, əsas təhlükə təkcə qanunsuz fəaliyyətlər deyil, həm də Kremlə bağlı şəbəkələrin və sanksiyalı aktorların yararlana biləcəyi nəzarətsiz bir mühitin formalaşmasıdır.
"Rusiya modeli"
Zurabişvili Gürcüstanda vəziyyətin ciddi şəkildə pisləşdiyini bildirib. Onun sözlərinə görə, parlament əsasən formal təsdiq orqanına çevrilib, müxalifət liderləri artan hüquqi təzyiqlərlə üzləşir və yeni qanunlar etirazları getdikcə daha çox kriminallaşdırır.
"Bundan daha pis vəziyyət təsəvvür etmək çətindir", – deyə o qeyd edib.
Onun ən böyük narahatlıqlarından biri Gürcüstanın Konstitusiya Məhkəməsi vasitəsilə müxalifət partiyalarının qadağan olunmasına yönəlmiş təşəbbüslərdir. Bu addım gələcək seçkilər ərəfəsində siyasi məkanı ciddi şəkildə məhdudlaşdıra bilər. Zurabişvili "vicdan məhbusları" adlandırdığı yüzlərlə insanın hələ də həbsdə qaldığını bildirib: "Bu, Rusiya modelinə çox bənzəyir".
Keçmiş prezident Gürcüstanda vətəndaş cəmiyyətinin hələ də fəal, təşkilatlanmış və müqavimət göstərmək qabiliyyətində olduğunu söyləyir. Artıq təxminən iki ildir ki, etirazçılar küçələrdə ölkənin sürətlə avtoritarizmə doğru getdiyini bildirərək bu prosesə qarşı çıxırlar.
Keçən həftə ABŞ Nümayəndələr Palatası Qafqazda Rusiya, Çin və İranın təsirinə qarşı qanun layihəsini qəbul edib. Zurabişvili deyir ki, bu, Vaşinqtonun regiondakı dəyişən geosiyasi xətləri nəhayət daha yaxından izləməyə başlamasının əlamətidir. Amma belə bir diqqətin yalnız qanunvericilik təşəbbüsü sayəsində yaranmasına təəccübləndiyini bildirib: "Məni təəccübləndirən odur ki, bunun üçün mütləq qanun lazım olub".
"Vahid milli cəbhə"
Zurabişvili xəbərdarlıq edir ki, hakim partiya daxilində qeyri-sabitlik əlamətləri görünür. O, partiya üzvlərinin həbsini və daxili siyasi gərginliyin artmasını "Gürcü Arzusu"nun özünəinamının zəifləməsinin göstəricisi hesab edir: "Dünənin Putini də artıq Avropanın güclü adamı deyil".
Onun fikrincə, bu vəziyyət növbədənkənar seçkilərin keçirilməsi ehtimalını artıra bilər. Amma vurğulayıb ki, Gürcüstan müxalifəti hələ də parçalanmış vəziyyətdədir və belə bir prosesə kifayət qədər hazır deyil.
Zurabişvili hesab edir ki, getdikcə mərkəzləşən avtoritar sistemə müqavimət göstərmək üçün müxalifətə adi seçki siyasətindən daha böyük bir güc – "vahid milli cəbhə" lazımdır.
Keçmiş prezident vurğulayıb ki, demokratiyanın bərpası ilk növbədə gürcülərin öz üzərinə düşür. Ancaq onun qənaətinə görə, Qərb müttəfiqləri də bu prosesin daha geniş strateji nəticələrini düzgün qiymətləndirməlidirlər. Çünki Zurabişvilinin sözlərinə görə, İran Vaşinqtonun xarici siyasət gündəmindəki əvvəlki aktuallığını itirərsə, Qafqaz Qərbin qətiyyətinin növbəti sınaq meydanına çevrilə bilər.