Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkədə İranın təsiri ilə bağlı hesabatın həmmüəllifi, keçmiş deputat Giorgi Kandelakinin hüquqi məsuliyyətə cəlb oluna biləcəyini bəyan edib. Baş nazir bu addımın "müvafiq dövlət qurumunun işi" olduğunu bildirib.
Hesabatı dərc edən ABŞ-nin Hudson İnstitutunun prezidenti Con Uolters isə Tbilisinin təzyiqlərinə kəskin reaksiya verib: "Faktları hədə-qorxu və təhdidlərlə dəyişmək olmaz. Siz "Gürcü Arzusu" deyilsiniz, Gürcüstanın arzularını məhv edirsiniz".
AzadlıqRadiosunun mərkəzi xəbər xidməti yazır ki, bu hadisələr Gürcüstanın Vaşinqtonla əlaqələrinin necə pisləşdiyini açıq göstərir. Hakim "Gürcü Arzusu" partiyası isə bu mənfi tendensiyanı ya dayandıra bilmir, ya da bunu istəmir.
Hesabat: İranın Gürcüstandakı sistematik nüfuzu
Bu ilin martında dərc edilən hesabatda İranın Gürcüstanda siyasi, dini və iqtisadi təsirinin sistematik şəkildə genişləndiyi iddia olunur. Müəlliflərin fikrincə, Tbilisi hökuməti İranın ölkəyə nüfuz etməsinə göz yummaqla yanaşı, həm də bunu asanlaşdırıb. Məqsədin "Gürcüstanda şiə liderlərinin yeni nəslini formalaşdırmaq, İranın siyasi xəttinə loyallığı artırmaq və antiamerikan ritorikanı normaya çevirmək" olduğu bildirilir.
"Bu fəaliyyət ABŞ-nin Cənubi Qafqazdakı milli təhlükəsizlik maraqlarına birbaşa təhdid yaradır, Qərbin təsirini zəiflədir və 1979-cu il İslam inqilabının ideologiyasını ixrac etməyə çalışan rejimi gücləndirir", — hesabatda bildirilir.
Hesabat müəllifləri öz iddialarını Gürcüstan Milli Statistika Xidmətinin və digər mənbələrin məlumatları ilə əsaslandırır, həmçinin İranın iqtisadi təsirinin artdığını göstərən konkret rəqəmlər təqdim edirlər.
AzadlıqRadiosunun gürcü xidmətinin araşdırması isə ölkədə təxminən 13 min İran şirkətinin qeydiyyata alındığını üzə çıxarıb. Bu müəssisələrin bir çoxu eyni ünvanlarda hüquqi qeydiyyatdan keçib. Yüzlərlə firmanın fəaliyyət yeri kimi göstərilən yaşayış binalarında və kəndlərdə heç bir real biznes fəaliyyəti müşahidə olunmur. Bununla yanaşı, İrandan Gürcüstana neft və neft-kimya məhsullarının ixracı son illərdə təxminən üç dəfə artıb.
Sanksiyalardan yayınma və dövlət sifarişləri
Bəzi ticarət şirkətləri açıqca reklam edirlər ki, İran mallarının üstünə "Gürcüstan istehsalı" yazıb Qərb ölkələrinə necə satmaq olar. Bu mexanizm Tehrana beynəlxalq sanksiyalardan yayınmaq imkanı verir. ABŞ prezidenti Donald Tramp 2025-ci ilin mayında bəyan edib ki, İran nefti ilə ticarət edən istənilən ölkəyə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq oluna bilər. Rəsmi Tbilisi bu xəbərdarlığa məhəl qoymayıb və Gürcüstan İrandan neft idxalını davam etdirib.
Həmçinin İran şirkətlərinin Gürcüstanda mühüm dövlət satınalmalarında qalib gəldiyi məlum olub. Onlar Gürcüstan Milli Bankını və Tbilisi Meriyasını müşahidə kameraları sistemləri, Müdafiə Nazirliyini isə gigiyena məhsulları ilə təchiz ediblər.
Tbilisinin reaksiyası: Daxili tənqidçilərə təzyiq
"Gürcü Arzusu" hökuməti Hudson İnstitutunun hesabatındakı iddiaları təkzib etmək əvəzinə, dövlət aparatı vasitəsilə təzyiqlərə başlayıb.
Sənədin dərcindən sonra Gürcüstanın daxili təhlükəsizlik xidməti təhqiqata start verib, müxalifət nümayəndələri və analitiklər dindirilməyə çağırılıblar. İndi isə baş nazir hüquqi tədbirlərin görüləcəyini bəyan edir.
AzadlıqRadiosu hakim partiyanın uzun illərdir daxili tənqidçilərə qarşı eyni cür davrandığını qeyd edir: müxalif fikirləri xarici qüvvələrin təxribatı kimi göstərmək və işi formal olaraq müstəqil görünən dövlət qurumlarına həvalə etmək.
Tbilisinin bu siyasəti fonunda Vaşinqtonla münasibətlər ciddi zərər görüb. ABŞ ötən il Gürcüstanla Strateji Tərəfdaşlıq Xartiyasının icrasını dayandırıb və "Gürcü Arzusu"nun qurucusu Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib. Respublikaçı konqresmen Co Uilson bu həftə Hudson İnstitutunda keçirilən tədbirdə "Gürcü Arzusu"nu "Gürcü Kabusu" adlandıraraq onu "Tehrandakı terrorçu rejim"i dəstəkləməkdə ittiham edib.
Gürcüstan vaxtilə ABŞ-nin Cənubi Qafqazdakı ən yaxın tərəfdaşı sayılırdı, hazırda isə Vaşinqtonun regional diplomatiyasından kənarda qalır. ABŞ-nin diqqəti getdikcə daha çox Azərbaycan və Ermənistana yönəlir.
Bu təcrid D.Trampın yeni sülh təşəbbüsünün təqdimat tədbirində aydın görünüb. Azərbaycan və Ermənistan tədbirə dəvət alıb, Gürcüstan isə siyahıda olmayıb.
Fevralda ABŞ-nin vitse-prezidenti Cey Di Vens regiona səfər edib. O, Bakı və Yerevanda olub, Tbilisiyə isə getməyib.
C.Uilsonun ittihamlarının bütün detalları təsdiqlənməsə belə, onlar Vaşinqtonda "Gürcü Arzusu"na münasibətin necə dəyişdiyini göstərir: partiya artıq çətin tərəfdaş kimi deyil, qarşısı alınmalı problem kimi gündəmə gəlir.
Vaxtilə İraq və Əfqanıstanda ABŞ-nin rəhbərlik etdiyi missiyalara qoşun göndərmiş, postsovet məkanında demokratik keçid nümunəsi sayılan Gürcüstan üçün bu, ciddi bir geosiyasi geriləmədir.