Keçid linkləri

2026, 20 Aprel, bazar ertəsi, Bakı vaxtı 17:09

ABŞ konqresmenləri Çin və Rusiyanın Gürcüstana təsirini önləmək istəyir

Konqresmen Co Uilson
Konqresmen Co Uilson

Cənubi Qafqaz "silahla idarə edən diktatorlar" ilə "qanunun aliliyinə söykənən demokratiyalar" arasında qlobal mübarizənin əsas meydanlarından birinə çevrilib. Bunu AzadlıqRadiosuna müsahibəsində Cənubi Karolinadan respublikaçı konqresmen Co Uilson deyir.

Uilson Tennessi ştatından demokrat konqresmen Stiv Koen ilə birlikdə ikipartiyalı qanun layihəsi təqdim edib. "Qafqazda Çinin nəzarətinə qarşı mübarizə aktı" Kremlin və Pekinin Gürcüstana təsirini sənədləşdirməyə yönəlib.

Yeni kəşfiyyat mandatı

AzadlıqRadiosunun jurnalisti Aleks Raufoğlu yazır ki, yeni qanun layihəsi Vaşinqtonda artan narahatlığı əks etdirir. Onlar hakim "Gürcü Arzusu" partiyasının ABŞ-nin əsas rəqiblərinin təsir dairəsinə keçməsindən əndişələnirlər.

Qanun layihəsində ABŞ administrasiyasından Gürcüstanda Rusiya və Çin kəşfiyyat qurumlarının nüfuzu ilə bağlı məxfi qiymətləndirmə hazırlamaq tələb olunur. Bu iki ölkənin təsiri arasında hər hansı kəsişmənin araşdırılması da nəzərdə tutulur.

Həmçinin, ABŞ-Gürcüstan münasibətlərinə dair beşillik strateji baxış tələb olunur. Gələcək maliyyələşmə və Tbilisinin Qərblə əlaqələri dərinləşdirməyə sadiq qalıb-qalmadığı da öyrəniləcək.

"Dünyada demokratik qüvvələrlə yanaşı dayanmalıyıq", – Uilson AzadlıqRadiosuna deyib. O, qanun layihəsini Çin Kommunist Partiyasının "fövqəladə və zərərli" təsirinə, dünyada hökmranlıq məqsədinə qarşı zəruri müdafiə adlandırıb.

Anakliya limanı
Anakliya limanı

Qara dəniz uğrunda mübarizə: Anakliya limanı

Uilson Anakliya dərin dəniz limanı layihəsini "strateji ağırlıq mərkəzi" kimi qiymətləndirib. Bu layihənin idarəçiliyi Çinin rəhbərliyi ilə bir konsorsiuma verilib.

"Çinin limanı nəzarətə almağa çalışmasının səbəbi Orta Asiyadan nadir torpaq metalları və nadir mineralların daşınmasına nəzarət etməkdir. Gürcüstan hər şeyin mərkəzindədir", – Uilson bildirib.

O, bunu Panama kanalı ilə müqayisə edib. Çin Kommunist Partiyası orada, demək olar, nəzarəti ələ keçirsə də, prezident Donald Trampın təzyiqi nəticəsində bu təsir aradan qaldırılıb. Uilson Anakliya üçün də "iqtisadi və ictimai təşviq" modelinin tətbiq oluna biləcəyini vurğulayıb.

MEGOBARI təşəbbüsü

Uilsonun sözlərinə görə, Gürcüstan rəsmilərinə sanksiyaları nəzərdə tutan MEGOBARI Aktı Konqresin niyyətinin "qızıl standart"ı olaraq qalır.

Konqresmen keçən il Nümayəndələr Palatasında 349-42 səs nisbəti ilə qəbul edilmiş bu qanunu "tamamilə misilsiz" dəstək sayır.

"85-90 faiz dəstək alan başqa qanun layihəsi olmayıb", – deyən Uilson 349 konqresmenin Gürcüstan xalqından ilham aldıqları üçün MEGOBARI-ni dəstəklədiklərini əlavə edib.

Qanun layihəsi Senatda prosedur maneələrinə görə irəliləyə bilməyib. Amma Uilson optimistdir. O, layihəyə etiraz edən keçmiş senator Markueyn Mallinin artıq daxili təhlükəsizlik naziri postuna keçdiyini və bunun qanun üçün yol açdığını vurğulayıb.

ABŞ dövlər katibi Marko Rubio
ABŞ dövlər katibi Marko Rubio

Rubionun totalitar rejimlərə xəbərdarlığı

"Gürcü Arzusu" hökuməti dövlət katibi Marko Rubio daxil, Dövlət Departamenti ilə telefon danışığını münasibətlərdə "yeni başlanğıc" kimi təqdim etməyə çalışıb. Uilson bu yanaşmanı rədd edib.

"Marko Rubioya totalitarizmin nəticələrini izah etməyə ehtiyac yoxdur", – deyə Uilson Rubionun ailəsinin Kubadan qaçmasını xatırladıb.

"Həm Rubio, həm də Donald Tramp xalq üçün ən yaxşısını istəyir. Bu da açıq şəkildə ədalətli və azad seçkilərdir", – konqresmen deyib.

Uilson 2024-cü ilin sonlarında Suriyada Bəşər əl-Əsəd rejiminin süqutunu, Macarıstanda demokratik geriləməyə görə tənqid olunan Viktor Orbanın hakimiyyətdən getməsini nümunə gətirərək "diktaturalar artıq hakimiyyətdə deyil" deyir.

Maliyyə alətləri

Ekspertlərin fikrincə, ABŞ beynəlxalq maliyyə sisteminin mexanizmləri vasitəsilə Çinin təsirini məhdudlaşdıra bilər.

Amerika Xarici Siyasət Şurasının Orta Asiya-Qafqaz İnstitutunun proqramlar direktoru Laura Linderman AzadlıqRadiosuna deyib ki, Vaşinqton Dünya Bankı və Asiya İnkişaf Bankındakı təsirindən istifadə etməlidir: "Vaşinqtonun Gürcüstanda Çinin roluna təsir etmək üçün yetərincə imkanları var".

Onun təklifinə görə, ABŞ beynəlxalq maliyyə institutlarının infrastruktur layihələrinə şərtlər qoymasını təmin edə bilər ki, podrat işləri "korrupsiyalaşmış əmək praktikalarına malik" və "qlobal ticarətdə mənfi reputasiyası olan" Çin şirkətlərinə verilməsin.

İranla əlaqə

Uilson Tbilisi ilə Tehran arasında kəşfiyyat məlumatlarının paylaşılması xəbərlərindən də narahatdır: "Dəhşətdir. "Gürcü Arzusu" rejiminin kütləvi qırğınlara görə məsuliyyət daşıyan (İranın mərhum ali lideri Əli) Xameneiyə hörmət göstərməsi çox şey deyir… Bu, Gürcüstanın gözəl və qətiyyətli xalqının mövqeyini əks etdirmir".

Konqresmen çıxış yolunu demokratiyaya qayıdışda görür: "Hərbi cinayətkar Putin düşünürdü ki, Ukraynanı 30 günə məğlub edəcək. Dörd il keçib, Ukrayna xalqı əvvəlkindən daha güclüdür. Dünyada hər şey ədalətli və azad seçkilərə doğru gedir… İndi bu, Gürcüstan Respublikasında da lazımdır".

XS
SM
MD
LG