Keçid linkləri

2026, 13 Mart, Cümə, Bakı vaxtı 16:03

İranın Gürcüstanda təsiri araşdırılır. ''Gürcü Arzusu' dövründə daha da artıb'

Marneuli şəhərində İmam Rza məscidi.
Marneuli şəhərində İmam Rza məscidi.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İranın Gürcüstanda təsirini şiə icmaları vasitəsilə genişləndirməsi iddialarını araşdırır. Son vaxtlar Tehranın bu ölkədə dini və siyasi fəaliyyəti sarıdan narahatlıqlar artıb.

Vaşinqtonda yerləşən Hadson İnstitutu martın 4-də bu haqda hesabat yayıb. Ölkənin müxalif siyasətçiləri də İranın Gürcüstanda, xüsusilə cənub-şərqi Kvemo-Kartli bölgəsindəki etnik Azərbaycan şiə icmaları arasında təsir şəbəkələri qurduğunu iddia edən açıqlamalar veriblər. Araşdırma da bundan sonra başlanıb.

Bu arada Gürcüstanın xarici kursu mübahisəli hala gəlib. Vaxtilə Vaşinqtonun Cənubi Qafqazdakı ən yaxın müttəfiqi olan Tbilisi hazırda Rusiya, Çin və İranla əlaqələrini gücləndirib, Qərbdən uzaqlaşıb.

Hadson İnstitutu bildirib ki, Tehranın məqsədi "gürcü şiə liderlərinin növbəti nəslini yetişdirmək, İranın siyasi teologiyasına sadiqliyi gücləndirmək, Amerika əleyhinə narrativləri normaya çevirməkdir".

AzadlıqRadiosunun jurnalistləri Ülviyyə Əsədzadə Nastasya Arabuli Gürcüstanla İranın iqtisadi əlaqələrinin də diqqət çəkdiyini yazırlar.

Gürcüstanda İrana bağlı təxminən 13 min şirkət qeydiyyatdan keçib, çoxu yalnız bir neçə ünvanda qeydiyyatdadır. Təhlilçilər bunu sanksiyalardan yayınma ehtimalı ilə əlaqələndirirlər. Bəzi araşdırmaçılar İran şirkətlərinin beynəlxalq sanksiyalardan yayınmaq üçün Gürcüstandan tranzit nöqtəsi kimi istifadə edə biləcəyini deyirlər.

Rəsmilərin reaksiyası

Gürcüstan DTX-dan AzadlıqRadiosuna bildirilib ki, İran təbliğatı ilə bağlı iddialar ilə dəlillər arasında ziddiyyət var, hakimiyyət ittihamların arxasında duran motivləri araşdırır.

Tbilisinin meri, hakim "Gürcü Arzusu" partiyasından Kaxa Kaladze keçmiş müdafiə naziri Tina Xidaşelini bu məsələ ilə bağlı son açıqlamalarına görə xəyanətdə günahlandırıb.

Kaladze siyasi fəal, keçmiş millət vəkili Giorgi Kandelakini də tənqid edib. O, Hadson İnstitutunun sözügedən hesabatının həmmüəllifidir.

Hadson İnstitutu isə hökumətin hesabat müəllifləri ilə bağlı araşdırma aparmasını pisləyib, hesabatın Gürcüstan hakimiyyətinə həyəcan siqnalı verməli olduğunu bildirib.

Gürcüstanda şiə aktivizmi 1980-ci illərin sonlarına, Sovet sərhədlərinin açıldığı dövrə təsadüf edir. O zaman sovet respublikalarının müsəlman əhalisi xaricdəki dini qurumlarla bağlantı qurmağa başlayıb. Bunu AzadlıqRadiosuna Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (GFSIS) Qafqaz və terrorizm üzrə tədqiqatçısı Aleksandr Kvaxadze deyir.

"Azərbaycanda sərtləşdirilmiş dini siyasət fonunda Gürcüstan daha az məhdudiyyətlərlə daha azad bir mühit yaradıb, bu isə şiə qruplarına təsirlərini genişləndirmək imkanı verib", – o əlavə edir.

Gürcüstandakı Əl-Mustafa Universiteti
Gürcüstandakı Əl-Mustafa Universiteti

Əl-Mustafa Beynəlxalq Universiteti

Gürcüstanda İranın Qum şəhərində yerləşən Əl-Mustafa Beynəlxalq Universitetinə bağlı fəaliyyət daha çox müzakirə olunur. Bu universitet şiə mədrəsələrinin qlobal şəbəkəsidir.

Ötən il ABŞ bu təhsil ocağına sanksiyalar tətbiq edib. Universitetin Əfqanıstan və Pakistandan olan tələbələri Suriya münaqişəsində döyüşlərə cəlb etməsi iddiaları səslənirdi.

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı bir neçə şəhərində universitet fəaliyyət göstərir. AzadlıqRadiosu onun Gürcüstandakı məzunlarının tam şəbəkəsinin izinə düşə bilməyib. Təhlilçilər bəzi keçmiş tələbələrin məscid xadimi, mühazirəçi, mədəniyyət fəalları kimi çalışdıqlarına inanırlar.

"Gürcüstandakı şiələr arasında İrana rəğbət var. Bunu inkar etmək obyektiv olmazdı", – Əl-Mustafa Universitetinin keçmiş müəllimi Oqtay Kazımov AzadlıqRadiosuna deyib.

ABŞ və İsrailin İrana hərbi kampaniyasının başlaması ilə məsələyə ikinci nəfəs gəlib.

""Gürcü Arzusu"nun hakimiyyəti dövründə daha da artıb"

İranda bir çox şiə fevralın 28-də ali rəhbər Əli Xameneinin hava zərbələri ilə öldürülməsinə kəskin reaksiya verib.

Tbilisidəki İran səfirliyinin qarşısında isə bir qrup nümayişçi yığışıb. Onlar əllərində Xameneinin şəkillərini tutub, "Əmrinizin icrasına hazıram" şüarları səsləndirirdilər. "Gürcü Arzusu" hökumətinin rəhbəri İrakli Kobaxidze bu yürüşü Gürcüstan parlamentinin qarşısında davam edən avropayönlü nümayişlərlə müqayisə edib. Kobaxidze antiqərb bəyanatları ilə tanınır.

İranpərəst əhval-ruhiyyə Gürcüstanda etnik azərbaycanlıların əksəriyyətinin yaşadığı Kvemo-Kartli bölgəsində də müşahidə olunur. "İranlılar Kvemo-Kartlidə çoxdan mövcuddurlar, "Gürcü Arzusu"nun hakimiyyəti dövründə onların iştirakı artıb, daha nəzərəçarpan olub", – siyasi təhlilçi Giorgi Sanikadze AzadlıqRadiosuna bildirib.

Gürcüstanda İmam Əli məscidində Əli Xamenei üçün xütbə.
Gürcüstanda İmam Əli məscidində Əli Xamenei üçün xütbə.

Gürcüstandakı şiə icmasının nəbzi daha çox Marneulidəki İmam Rza məscidində döyünür. Bu məscid yerli Azərbaycan əhalisi üçün əsas şiə məkanı və mərkəzidir.

Məscid fevralda ABŞ və Qərb müttəfiqlərini Yaxın Şərqdə zorakılığın idarə olunmasında günahlandırıb. Suriya, İraq, Qəzza, Əfqanıstan və Yəməndəki münaqişələrə görə Vaşinqton və İsraili ittiham edib, İrandakı son etirazlarda həlak olanları isə "İslam düzəninə qarşı üsyançılar" adlandırıb.

Həssas məsələ

"Mən də Kvemo-Kartlidə İranın azərbaycanlılar arasında təsirinin artdığını görürəm, amma bu, bəzi gürcü siyasətçilərinin və vətəndaş cəmiyyəti liderlərinin iddia etdiyi qədər böyük deyil, kiçik qrup insanla məhdudlaşır", – Kvemo-Kartlidən fəal Rabil İsmayıl AzadlıqRadiosuna belə deyir. O, sosial mediada azərbaycanlılara qarşı nifrət dolu çıxışların artdığını bildirir: "Bu, həssas məsələdir, Gürcüstan icmaları arasında sülhə xələl gətirə bilər. Bir icma olaraq, İran da daxil, heç bir ölkənin Kvemo-Kartlinin işlərinə qarışmasını istəmirik".

Təhlükəsizliklə bağlı son insidentlər isə Gürcüstanda İranla əlaqəli mümkün fəaliyyətlərə diqqət çəkib. Martın 2-də Yunanıstan polisi Afina aeroportunda 36 yaşlı Gürcüstan vətəndaşını İrana casusluq şübhəsi ilə saxlayıb. Gürcüstan mediası şübhəlinin bu ölkədən etnik azərbaycanlı olduğunu yazıb. AzadlıqRadiosunun gürcü xidməti bu iddianı təsdiqlədə bilməyib.

Ekspertlər 2022-ci ildə Nyu-Yorkda iranlı jurnalist Məsih Əlinejada sui-qəsd planını yada salırlar. Ötən il həmin plana görə Polad Ömərov təqsirli bilinib. O, Gürcüstanda doğulub. AzadlıqRadiosunun gürcü xidməti Ömərovun etnik azərbaycanlı olduğunu yazıb.

XS
SM
MD
LG