Keçid linkləri

2017, 20 Avqust, bazar, Bakı vaxtı 11:52

Gürcüstan döyüş təyyarələrini satır


Gürcüstan hərbi təyyarələri. 26 May, 2015

Gürcüstan ordusu nə aviasiya, nə də donanmadan imtina etmək niyyətində deyil, ancaq hava hücumundan müdafiə ordunun prioriteti olacaq.

Ölkənin müdafiə naziri Levan Izoria ötən gün – aprelin 11-də parlamentin müdafiə və təhlükəsizlik komitəsinin iclasında nazirliyin yeni strategiyası barədə hesabat verərkən belə deyib. “Ekho Kavkaza” saytı bu haqda yazır.

«Dünyada müdafiənin mühüm komponentlərindən biri hava hücumundan müdafiə sistemidir (HHM). Əks halda, nə quruda əsgər, nə ...donanma, nə də hər hansı bir hissə müdafiə olunacaq. İlk növbədə, yaxşı hava hücumundan müdafiə sistemi təmin olunmalıdır. Bu istiqamətdə fransızlarla yaxşı əlaqələrimiz var. Gələn həftə bu mövzunu Parisdə həmkarımla daha detallı müzakirə etmək imkanım olacaq».

Buna da bax:​ Amerika Gürcüstanda döyüş təlimi mərkəzi tikəcək

Levan Izoria aprelin 17-18-də Fransanın müdafiə naziri Jean-Yves Le Drian-la HHM sisteminin satın alınması haqda sazişlə bağlı danışıq aparacaq. Izoria-nın fikrincə, ölkənin maliyyə imkanlarını nəzərə alaraq, vəsaiti müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəltmək daha yaxşı olar. Nazirin sözlərinə görə, Rusiya ilə müharibə göstərib ki, bir neçə döyüş təyyarəsinə malik olmaq olar, ancaq bu təyyarələrin müdafiəsi sıfıra bərabərdir. Bircə raket elə aerodromlardaca onlarla təyyarəni sıradan çıxara bilər.

KÖHNƏ TƏYYARƏLƏR

İclasda müxalifət deputatları müdafiə nazirliyinin HHQ-ni tamamilə ləğv etmək planı, bunun üçün hətta onlarla təyyarəni satışa çıxarmasını tənqid ediblər. Nazir bu tənqidə cavab olaraq deyib:

«Bunlar köhnə təyyarələrdir. 7-6 ildən sonra onları təmir etmək lazım olacaq, ehtiyat hissələri isə Rusiya istehsalıdır. Bu təyyarələrin satışından əldə edilmiş vəsait ...adekvat imkanlar verən alternativin təmin edilməsinə xərclənəcək. Biz bu pullara helikopter və pilotsuz uçan aparatlar almaq istəyirik».

Buna da bax: Erməni nazir gürcü həmkarı ilə görüşdə Azərbaycana atmacalar atıb

Baş Qərargah rəisi Vladimir Chachibaia da nazirin mövqeyini dəstəkləyib. Gürcüstan ordusundakı qalmaqallar fonunda vəzifəyə gətirilmiş Chachibaia-nı çoxları Gürcüstan hərbi aviasiyasının "qatili" adlandırır.

«Müasir silahların tam inteqrasiyasını mümkün edən müasir HHM-dir... Məlum olduğu kimi, Avropada ümumi müdafiə planı var. Onun əsası prezident Obamanın idarəçiliyi dövründə qoyulub. Bu planın nəzərdə tutduğu sistemlər asanlıqla bizim almağı planlaşdırdığımız sistemlərlə inteqrasiya edilə bilər», – o deyib.

“ƏSAS TƏHLÜKƏ RUSİYADAN GƏLİR”

Ancaq «Arsenali» jurnalının baş redaktoru Irakli Aladashvili-nin sözlərinə görə, bu halda söhbət yalnız HHM sistemindən gedir. Raket müdafiə sistemlərinə gəlincə isə, ölkənin onu almağa imkanı yoxdur. Mütəxəssisin fikrincə, nazir, güman ki, zirehli texnika ilə mübarizə sistemlərini xatırlatmağı unudub:

Buna da bax:​ Gürcüstan kiber ordu yaradır

«Təəssüf ki, biz 2008-ci ildə əmin olduq ki, əsas təhlükə Gürcüstan ərazisinə girmiş Rusiya zirehli qruplarından, batalyon-taktika qruplarından gəlir. Onların tankları, BMP, BTR və BMD-ləri vardı. İkincisi də, onların ordu aviasiya qruplaşması vardı. Burada helikopterlər, hücum və döyüş təyyarələri vardı. Yəqin ki, müdafiə nazirimiz bunu nəzərdə tutub. Raketdən müdafiə sistemlərinə gəlincə isə, bu, çox ciddi və bahalı işdir. Mən Gürcüstanın bu mərhələdə bu işin öhdəsindən gələ biləcəyinə şübhə edirəm. ...Üçüncüsü də, gəmilərdən müdafiə sistemi, sahil mühafizəsidir. Gürcüstan sahillərini, xüsusən də strateji Poti və Batumi şəhərlərini dəniz desantından qorumaq üçün».

DÖYÜŞ HAZIRLIĞI MƏRKƏZİ QURULACAQ

Irakli Aladashvili onu da qeyd edir ki, müdafiə sistemlərinin gücləndirilməsi fonunda Gürcüstanın, faktiki olaraq, öz hərbi aviasiyasını itirməsi üzücüdür. Avqust müharibəsinin ilk günündə özlərini çox yaxşı göstərmiş «Su-25» hücum təyyarələri quru qoşunlarını dəstəkləmək funksiyasına malikdir. Bu baxımdan, HHQ-nin deqradasiyası ordunun döyüş qabiliyyətinə yaxşı təsir göstərməz.

Buna da bax:​ Rusiya yeni silahlarını Suriyada sınaqdan keçirib

Müdafiə nazirliyi isə hesab edir ki, ölkənin müdafiə potensialını başqa şeylərin hesabına qaldırmaq olar. ABŞ-ın Almaniyadakı Hohenfels bazasına oxşar döyüş hazırlığı mərkəzinin tikintisinə 10 milyon lari (4 milyon dollardan çox) vəsait xərclənəcək. Layihə 2016-2019-ci illər üçün təhlükəsizliyə dair çərçivə sənədi əsasında gerçəkləşəcək. Bu saziş ötən ilin sonunda Gürcüstanla ABŞ arasında bağlanıb. Hələlik, ABŞ-ın bu mərkəzin tikintisinə nə qədər pul ayıracağı məlum deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG