Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:23

Erməni nazir gürcü həmkarı ilə görüşdə Azərbaycana atmacalar atıb


Gürcüstan və Ermənistan nazirlərinin Tbilisi görüşü
Gürcüstan və Ermənistan nazirlərinin Tbilisi görüşü

Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti dekabrın 21-də qonşu Gürcüstana səfərə gəlib.

Ermənistanın və Gürcüstanın müdafiıə nazirləri Vigen Sarkisyan və Levan İzoriya arasında görüş keçirilib.

İki ölkə arasında hərbi və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib, eyni zamanda tərəfləri narahat edən məsələlərə də toxunulub.

AzadlıqRadiosunun Gürcü xidməti Vigen Sarkisyanla müsahibədə diqqəti məhz bu narahatlıq yaradan məsələlərə çəkib.

Ermənistanın yeni müdafiə naziri Vigen Sargsyan
Ermənistanın yeni müdafiə naziri Vigen Sargsyan

Ermənistan ərazisində Rusiya qoşunlarının olması barədə suala cavab verərkən müdafiıə naziri deyib ki, ölkəsində Rusiya hərbi bazasının yerləşməsi Ermənistanın başqa beynəlxalq blok və qurumlarla münasibətlərinə mane olmur.

O deyib ki, Ermənistan Rusiyanın başçılığı altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təsisçilərindən biri olsa da, eyni zamanda NATO ilə sıx əməkdaşlıq edir və şimal alyansının egidası altında sülyaradıcı missiyalara da qoşulur.

“Bu bizim Rusiya ilə münasibətlərimizə mane olmur, çünki biz bütün əlaqələrimiz barədə partnyorlarımızı tam məlumatlandırırıq” – deyib Vigen Sarkisyan.

“Bizi də Türkiyə-Gürcüstan-Azərbaycan formatı narahat edir…”

Nazir deyib ki, Gürcüstanda Ermənistandakı Rusiya qoşunlarından narahatlıq olduğu kimi, Ermənistan da Gürcüstan-Azərbaycan-Türkiyə formatında qurulunan münasibətləri diqqətlə izləyir.

Lakin bununla belə Ermənistan Gürcüstanla ikitərəfli münasibətlərini inkişaf etdirməkdə maraqlıdır.

AzadlıqRadiosunun müxbiri nazirə xatırladıb ki, Ermənistanın keçmiş prezidenti yeni nazirin yeni“millət-ordu” konsepsiyasını tənqid edib. Levon Ter-Petrosyan deyib ki, Ermənistan ordusuna “Qoy sülh olsun” konsepsiyası lazımdır.

Nazir bildirib ki, təklif etdiyi konsepsiyanın Ermənistanın birinci prezidenti tərəfindən tənqid olunmasına müsbət yanaşır. O deyib ki, bu konsepsiyanın diqqətsiz qalması daha pis olardı.

Vigen Sarkisyan deyib ki, ilk dəfə İsraildə “qoy sülh olsun” konsepsiyası barədə təşəbbüs qaldırılanda bu ölkənin ordusu artıq kifayət qədər güclü idi.

Nazir deyib ki, passifist təşəbbüslər qaldırmazdan əvvəl ölkənin silahlı qüvvələri son dərəcə qüdrətli olmalıdır.

"Əgər qızlarım…"

Vigen Sarkisyan iddia edib ki, “Ermənistan hazırda özündən asılı olmayaraq ölçüsünə nisbətdə qat-qat böyük ordu saxlamağa məcbur edilib”.

Nazirin sözlərinə görə bu o deməkdir ki, Ermənistan ordusu sadəcə istehlakçı olaraq qalmamalı, həm də istehsalçıya çevrilməli, habelə gənc nəslin vətənpərvərlik ruhunda təhsilləndirilməsində iştirak etməlidir.

“Mənim təklif etdiyim ordu konsepsiyası ölkənin militaristləşdirilməsi kimi qəbul edilməməlidir” – deyib nazir.

Qadınların ordu quruculuğunda iştirakı və silahlı qüvvələrdə xidməti məsələlərinə toxunan nazir deyib ki, Gürcüstan və Ermənistanda qadınların siyasətdə, dövlət işlərində iştirakı yönündə heç vaxt problem olmayıb.

Nazir bildirib ki, hər iki ölkədə son illərdə qadınların hərbi təhsil almağa marağı artıb.

“Əgər mənim qızlarım ömürlərinin bir hissəsini ölkənin müdafiə qüdrətinin artırılmasına həsr etmək istəsəydilər, mən özümü son dərəcə xoşbəxt sayardım” – deyib Vigen Sarkisyan.

Üstdəki ölkə, altdakı ölkə…

Regonal sabitlikdən danışan nazir yalnız “iki qədim və unikal ölkədən” – Gürcüstan və Ermənistandan söz açıb.

Tarixən Ermənistan və Gürcüstan arasında olan münaqişələrin üstündən sükutla keçən nazir deyib ki, iki xalqın minilliklər ərzində aralarında ciddi münaqişə olmadan yaşanması tarixdə nadir hadisədir.

“Bizim aramızda mübahisələr həmişə bundan olub ki, kimin pendiri, şərabı daha yaxşıdır, kimin uşaqları daha yaxşı şahmat oynayır və yaxud da kimin suyu dünyada neçənci yeri tutur…” – deyib Sarkisyan.

“Biz öz dilimizdə Gürcüstana “Vrastan” deyirik, yəni “üstdəki ölkə”, siz isə bizim ölkəyə “Somxeti” deyirsiniz, yəni “cənubdakı ölkə”… Bu bizim minilliklər ərzində bir-birimizə yaxınlığımızı göstərir. Əlbəttə bunu yenidən tarix uyduranlar başa düşməzlər…” – deyib nazir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG