"Gürcü Arzusu" "qrant" anlayışını dəqiqləşdirən qanunvericilik aktları paketini irəli sürüb. Fraksiya sədri İrakli Kirtsxaliya deyib ki, dəyişikliklərə əsasən, istənilən şəxsin digər şəxsə pul və ya natura formasında verdiyi, Gürcüstan hökumətinə, dövlət qurumlarına və ya cəmiyyətin hər hansı bir hissəsinə təsir göstərmək üçün istifadə edilən və ya edilə bilən vəsaitlər qrant sayılacaq.
"İctimaiyyətə yaxşı bəllidir ki, son beş ildə ölkəmizdə Gürcüstan xalqının seçdiyi hökuməti devirməyə bir neçə cəhd edilib. İnqilabi proseslərdə həm yerli radikal müxalifət, həm də xaricdən maliyyələşən qondarma QHT-lər fəal iştirak ediblər. Xoşbəxtlikdən, dövlət bütün inqilab cəhdlərinin qarşısını uğurla alıb, qanunvericilik dəyişiklikləri, ilk növbədə isə şəffaflıq haqqında qanun buna əhəmiyyətli töhfə verib", – Kirtsxaliya bildirib.
O, USAID, NED və EED kimi xarici fondları Gürcüstanda inqilabi prosesləri maliyyələşdirməkdə ittiham edib, Fransa, Türkiyə, Serbiya və digər ölkələrin də Gürcüstandan sonra "xarici maliyyələşmənin şəffaflığı haqqında" qanunlar qəbul etdiyini vurğulayıb.
"Gələcəkdə Gürcüstanda iğtişaşların və zorakılığın ölkə hüdudlarından kənardan maliyyələşdirilməsi üçün heç kimin alternativ yol tapa bilməməsi üçün "Gürcü Arzusu" qanunvericiliyə dəyişikliklər edir", – Kirtsxaliya bildirib.
Qanuna "başqa ölkənin hüquqi şəxsi" anlayışı salınır, əgər onun fəaliyyəti Gürcüstana aid məsələlərlə bağlıdırsa. Belə hüquqi şəxs Gürcüstan hökumətinin ilkin razılığı ilə qrant ala bilər. Xaricdə qeydiyyatdan keçmiş, əsas fəaliyyəti Gürcüstanda olan qurum maliyyə almaq üçün Gürcüstan hökumətinə müraciət etməlidir. Əks halda, cinayət məsuliyyətinə cəlb olunacaq.
Pul, yaxud natura formasında verilən vəsait qarşılığında onu alan texniki yardım göstərirsə, bu da qrant sayılacaq. Yaxud xarici qurum Gürcüstanda pul qarşılığında ekspert işə götürürsə, bu vəsait də qrant sayılacaq və ondan ötrü hökumətdən öncədən icazə alınmalıdır.
Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər ediləcək, pozuntulara görə 9 ildən 12 ilədək həbs cəzası kəsilə bilər.