Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) "Vahid Milli Hərəkat" müxalifət partiyasının liderlərindən biri Levan Xabeişvilini saxlayıb. Bu barədə ilkin olaraq jurnalist Mixa Mşvildadze məlumat verib və saxlanma anının videosunu yayıb.
Xabeişvili saxlanmazdan öncə deyib ki, həbsini gözləyirdi: "(DTX rəhbəri Mamuka) Mdinaradze ona verilən tapşırığı icra edir. Güc gürcü xalqındadır. Bunu gözləyirdim. Belə çıxır ki, bir nəfər - Xabeişvili İvanişvilini məğlub edə bilər".
Milyarder Bidzina İvanişvili hakim "Gürcü Arzusu" partiyasının qurucusudur.
DTX saxlanma faktını təsdiqləyib, lakin ətraflı bilgi verməyib. Qurum brifinq keçirəcək.
L.Xabeişvili oktyabrın 4-də ölkədə planlaşdırılan yerli özünüidarə orqanlarına seçkilər zamanı "dinc inqilab" elan edib. Keçmiş prezident Mixeil Saakaşvilinin yaratdığı "Vahid Milli Hərəkat" seçkiləri boykot edir.
+++
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bəyanatına görə, L.Xabeişvili "rəsmi şəxslərə rüşvət məqsədilə açıq şəkildə pul mükafatı vəd etmək" ittihamı ilə həbs olunub. Xidmətin iddiasına görə, Xabeişvili hazırkı hakimiyyətin göstərişlərini yerinə yetirməkdən boyun qaçıran, ona xidməti fəaliyyətlə bağlı informasiya verən hüquq-mühafizə orqanlarının əməkdaşlarına 200 min dollar pul təklif edib. Ona 4 ildən 7 iləcən həbs cəzası verilə bilər.
DTX Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladzeni də korrupsiya ittihamı ilə həbs etdiyini bildirib. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz gəlirin leqallaşdırılması ittihamları verilib, amma detallar açıqlanmır.
5 sentyabr
Gürcüstan prezidenti iki müxalifət liderini əfv edib
Gürcüstan prezidenti Mixeil Kavelaşvili "Güclü Gürcüstan – Lelo" partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidzeni əfv edib.
Onlar Gürcüstan parlamentinin istintaq komitəsinin iclasına gəlmədiklərinə görə 8 ay həbs cəzası çəkiblər.
Kavelaşvili onların gələcəkdə "qanuna hörmətlə" siyasi fəaliyyəti davam etdirəcəklərinə ümidini bildirib.
"Güclü Gürcüstan – Lelo" partiyası 4 oktyabr bələdiyyə seçkilərində iştirak üçün qeydiyyatdan keçən qüvvələr sırasındadır.
Prezident Kavelaşvili seçki subyektlərini seçkilərin sağlam və dinc ab-havada keçməsinə kömək etməyə çağırıb.
Xazaradze həbsdən çıxandan sonra jurnalistlərə deyib ki, prezidentin qərarı "tamamilə gözlənilməz" olub. O, digər siyasi məhbusları da azad etməyə çağırıb.
Müxalifətin bir hissəsi 4 oktyabr bələdiyyə seçkilərini boykot edir. Onlar Xazaradze və Caparidzeni də boykota qoşulmağa çağırıblar. Ancaq iki lider həbsdən çıxınca qərarın dəyişmədiyini deyiblər.
Kavelaşvilinin vədi
Müxalifətin və cəmiyyətin bir hissəsinin legitimliyini tanımadığı prezident Kavelaşvili iyulda boykot elan edən qüvvələri səsvermədə iştiraka çağırmış, bunun qarşılığında onların liderlərini əfv etməyə söz vermişdi. Xazaradze və Caparidze isə seçkidə iştirak planlarına baxmayaraq, təklifdən imtina etmişdilər.
Böyük müxalifət partiyaları seçkini boykot edirlər.
Parlamentin xüsusi komissiyasını hakim "Gürcü Arzusu" partiyası Mixeil Saakaşvilinin (2004-2012) prezidentliyi dövründə "Vahid Milli Hərəkat" hökumətinin fəaliyyətini araşdırmaq üçün yaradıb. Bu komissiyanın işində iştirak etməməyə görə bir sıra müxalifətçilər hazırda həbsdədirlər.
Keçmiş prezident M.Saakaşviliyə isə 2034-cü ilin aprelin 1-dək həbs cəzası kəsilib.
Müxalifət Gürcüstanda ötən il oktyabrın sonunda keçirilən parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığını iddia edir. Ölkədə seçkilərdən sonra etirazlar başlayıb. Hakim "Gürcü Arzusu" 2028-ci ilin sonunadək Avropa İttifaqına üzvlük danışıqlarını gündəlikdən çıxarmaq qərarı verib. Bu qərara etiraz aksiyalarını güc strukturları zorakılıqla yatırdıb.