Keçid linkləri

2026, 16 İyun, çərşənbə axşamı, Bakı vaxtı 13:02

Gürcüstan yaşayış icazəsi qaydalarını sərtləşdirir – Saxta nikah cinayət sayılacaq

Gürcüstanla Rusiya arasındakı Aşağı Lars sərhəd keçid məntəqəsi
Gürcüstanla Rusiya arasındakı Aşağı Lars sərhəd keçid məntəqəsi

Gürcüstan hakimiyyəti qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni gücləndirir. Qanunvericiliyə təklif olunan dəyişikliklərə əsasən, əcnəbilərin daimi yaşayış icazəsi alması məqsədilə Gürcüstan vətəndaşları ilə bağladıqları saxta nikahlar artıq cinayət məsuliyyəti yaradacaq. Mövcud qanunvericiliyə görə, Gürcüstan vətəndaşı ilə evlənən əcnəbi birbaşa daimi yaşayış icazəsi almaq hüququ qazanır.

Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib ki, xüsusi komissiya bu cür nikahları fərdi qaydada araşdıracaq: "Nikahın saxta olduğu və ölkədə qanuni yaşamaq məqsədi daşıdığı müəyyən edilərsə, həmin şəxslər barəsində cinayət işi açılacaq və onlara qarşı ciddi sanksiyalar tətbiq olunacaq".

Saxta nikah bağlayan əcnəbilər Gürcüstandan deportasiya edilə, onlara 2 ildən 10 ilədək ölkəyə giriş qadağası qoyula, habelə bu şəxslər cərimə, ev dustaqlığı və ya 2 ilədək azadlıqdan məhrum oluna bilərlər.

Tələbə yaşayış icazələrinə yeni qaydalar

Digər mühüm dəyişiklik isə tələbə yaşayış icazələri ilə bağlıdır. Parlament yeni düzəlişləri qəbul edərsə, xarici tələbələr yalnız akkreditə olunmuş ali təhsil müəssisələrində oxuya biləcəklər. Onlar qəbuldan əvvəl təhsil alacaqları dildə mütləq imtahan verməli olacaqlar.

Bundan başqa, ölkədə vahid reyestr yaradılacaq. Ali məktəblər xarici tələbələrin qəbulu, statusunun dayandırılması və ya bərpası barədə məlumatları həmin sistemə daxil edəcəklər. Təhsil məqsədli yaşayış icazəsi məhz bu məlumatlar əsasında veriləcək.

Daraxvelidze deyib ki, bu tip yaşayış icazələri tez-tez təyinatı üzrə istifadə olunmur: "Təəssüf ki, təhsil məqsədli yaşayış icazələrindən başqa məqsədlər üçün istifadə edildiyi bir çox hal aşkarlanıb. Bu sistemdən sui-istifadə edən xarici tələbələr üçün konkret məhdudiyyətlər tətbiq olunacaq".

Daxili İşlər Nazirliyi (DİN) tələbələrə yönələn məhdudiyyətlərin detallarını açıqlamasa da, ali məktəblər üçün ciddi məsuliyyət nəzərdə tutulur. Qaydaları pozan təhsil müəssisələri cərimələnə, xarici tələbə qəbulu hüququndan məhrum edilə və hətta lisenziyalarını itirə bilərlər.

Liberal viza rejiminin sonu

"Nastoyaşşeye Vremya" yazır ki, Gürcüstanda miqrantların sayı ilə bağlı dəqiq statistika yoxdur. Ölkədə mövcud olan liberal viza rejiminə əsasən, əksər dövlətlərin vətəndaşları bir il müddətində vizasız qala bilirlər. Məhz bu səbəbdən Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan sonra on minlərlə rusiyalı Gürcüstana köçmüşdü.

Amma son aylarda hakim "Gürcü Arzusu" partiyası miqrasiya siyasətini sərtləşdirməyə başlayıb. Əvvəllər əcnəbilər bir neçə saatlıq ölkədən çıxıb yenidən qayıtmaqla vizasız qalma müddətini faktiki olaraq sıfırlayır və Gürcüstanda illərlə yaşaya bilirdilər. İndi isə onlar uzunmüddətli qalmaq və yaşayış icazəsi almaq üçün qanuni əsaslarını (iş, təhsil, ailə vəziyyəti və s.) sübut etməlidirlər.

2026-cı ilin yazında əcnəbilərin işə qəbul qaydaları da sərtləşdirilib. Artıq iş icazəsi almaq üçün miqrantlar dövlət qurumlarında müsahibədən keçməlidirlər. Ölkədən deportasiya edilənlərin sayı da əhəmiyyətli dərəcədə artıb.

"Nastoyaşşeye Vremya"nın məlumatına görə, gürcü cəmiyyətinin bir hissəsi ölkəyə köçən çoxsaylı rusiyalını potensial təhlükə hesab edir. Siyasi şərhçi Giya Xuxaşvili bu mövqeni belə izah edir: "Bilirik ki, Rusiyada öz vətəndaşlarını dünyanın istənilən nöqtəsində qorumağı nəzərdə tutan qanun qəbul olunub. Gürcüstan indi ciddi risk altındadır. İstənilən vaxt, o cümlədən etnik zəmində hər hansı münaqişə qızışdırıla bilər".

Məhkum olunmuş əcnəbilərin deportasiyası

DİN-in qanunvericilik paketinə məhkum olunmuş əcnəbilərlə bağlı daha bir sərt təşəbbüs daxil edilib. Təklifə əsasən, onlar həbs müddəti başa çatmamış, öz razılıqları tələb olunmadan ölkədən çıxarıla biləcəklər. Amma deportasiyadan əvvəl cəzanın müəyyən hissəsi Gürcüstanda çəkilməlidir: az ağır cinayətlərə görə ən azı üçdə biri, ağır cinayətlərə görə yarısı, ömürlük həbs cəzası alanlar üçün isə ən azı 15 ili.

DİN bu addımı dövlət resurslarına qənaət məqsədilə izah edir.

Bu təşəbbüs Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşviliyə də təsir edə bilər. Hazırda o, Gürcüstan həbsxanasında müxtəlif ittihamlar üzrə cəza çəkir. Saakaşvilinin Gürcüstan vətəndaşlığı yoxdur, o, yalnız Ukrayna vətəndaşıdır.

Nazirliyin açıqlamasında yeni qaydaların hazırda cəza çəkən şəxslərə şamil edilib-edilməyəcəyi dəqiqləşdirilmir. Saakaşvilinin vəkilləri də məsələ ilə bağlı hələlik şərh verməyiblər. Hüquq müdafiəçiləri isə hesab edirlər ki, bu addım vətənlərində siyasi motivlərlə təqib olunan məhbuslar üçün ciddi risklər yaradır.

Bütün bu təşəbbüslərin parlamentdə sürətləndirilmiş qaydada müzakirəyə çıxarılacağı gözlənilir.

Azel.TV internet kanalının rəhbəri Əfqan Sadıqovun aprelin əvvəlində Gürcüstandan Azərbaycana deportasiyası birmənalı qarşılanmayıb. Bəzi hüquq müdafiəçiləri bunun Bakı-Tbilisi arasındakı razılaşma sayəsində mümkün olduğunu bildiriblər. İyunun 8-də Binəqədi rayon Məhkəməsi onun barəsində iyulun 30-dək həbs-qətimkan tədbiri seçib. Müdafiə tərəfinin açıqlamasına görə, Baş Prokurorluq 2024-cü ildə Ə.Sadıqov barəsində açılmış cinayət işi üzrə icraatı yenidən bərpa edib.

XS
SM
MD
LG