Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:37

Bu seçki Gürcüstanın hakim partiyası üçün bir sınaqdır...


Gürcüstan - seçkilər, 21 oktyabr, 2017
Gürcüstan - seçkilər, 21 oktyabr, 2017

Oktyabrın 21-də Gürcüstanda keçirilən bələdiyyə seçkiləri hakimiyyətdə olan "Gürcü arzusu" koalisiyası üçün bir sınaqdır.

Çünki gələn il prezident seçkiləri olacaq. Bələdiyyə seçkiləri hakim partiyanın xalq arasında populyarlığını nə dərəcədə qoruya bildiyini göstərəcək.

Seçicilər 5 şəhərdə mer və onlarla rayonda bələdiyyə üzvlərini seçəcəklər.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkidə 22 partiya, 5 siyasi blok və 1 təşəbbüs qrupu iştirak edir.

2014-cü ildə keçirilən seçkilərdə "Gürcü arzusu" mer və bələdiyyə üzvü yerlərinin çoxunu qazanmışdı.

Təbii ki, ən çox maraq doğuran kimin Tbilisi meri seçiləcəyidir.

Namizədlər qalib gəlmək üçün ilk turda səslərin 50 faizindən çoxunu toplamalıdır.

Müşahidəçilərin proqnozuna görə, şəhər merlərinin seçkisi ikinci tura qalacaq.

Gürcüstan - "Gürcü arzusu"nun deputatı Zviad Kvachantiradze Marneulidə. 21 oktyabr, 2017
Gürcüstan - "Gürcü arzusu"nun deputatı Zviad Kvachantiradze Marneulidə. 21 oktyabr, 2017


İyun ayında parlament özünüidarə haqda qanuna düzəliş edib. Merlərin birbaşa seçki ilə seçildiyi şəhərlərin sayını 12-dən 5-ə endirib.

Paytaxt meri olmaq üçün 13 namizəd mübarizə aparır. Onlardan biri də "Gürcü arzusu" koalisiyasının namizədi, məşhur futbolçu Kaxa Kaladzedir.

Onun namizədliyini "Gürcü arzusu"nun yaradıcısı, ölkənin ən zəngin adamı, keçmiş baş nazir Bidzina Ivanishvili də dəstəkləyir.

Keçən ay keçirilmiş rəy sorğusuna görə, Kaladze merliyə ən populyar namizəddir.

Onu rəyi soruşulanların təxminən 30 faizi dəstəkləyib.

Kaladzenin əsas rəqibi Birləşmiş Milli Hərəkatın namizədi, keçmiş TV aparıcısı Zaal Udumashvili-dir.

Kaladze turizmi daha da inkişaf etdirməyi, idarəçilikdəki bürokratik əngəlləri aradan qaldırmağı, yeni nəqliyyat şəbəkəsi qurmağı vəd edir.

Son aylarda hakim partiyanı inzibati resurslardan öz namizədlərinin xeyrinə istifadə etməkdə, dövlət televiziyasında birtərəfli olaraq onlara dəstək verməkdə suçlayanlar az olmayıb.

Kaladze bu ittihamları rədd edib.

MSK-nın rəhbəri Tamar Zhvania deyib ki, inzibati resurslardan istifadə halları olsa da, belə pozuntuların sayı əvvəlki illərlə müqayisədə azalıb.

Seçkini 600-ə yaxın xarici müşahidəçi də izləyir.

Seçkilərin ən çox dartışılan mövzuları tikintilər, söküntülər, nəqliyyatın ekologiyanı çirkləndirməsidir,

Çirklənmə ən çox Tbilisidə problemdir, çünki son illərdə şəhərdə böyük tikinti layihələri reallaşdırılmaqdadır.

Oktyabrın 11-də Tbilisidə polislə müxalifət fəalları arasında toqquşma olub.

Aksiyaçılar meriyanın İvanişvili ilə əlaqəli tikinti şirkətinə şəhərdə torpaq sahəsi ayırmasına etiraz ediblər.

Torpaq sahəsi şəhərin mərkəzindədir. Orada hotel və dayanacaq tikiləcək.

İvanişvili 2013-cü ildə siyasətdən getsə də, bir çoxları inanır ki, o, "kulis"dən "Gürcü arzusu"nu idarə etməkdə davam edir.

"Gürcü arzusu" 2012-ci ildə keçmiş sabiq prezident Mixeil Saakaşvilinin partiyasını məğlub edərək hakimiyyətə gəlib.

Buna da bax: Gürcüstanda yeni seçkilər: Bu dəfə də 'Quran'a and içmək olacaqmı?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG