Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarə orqanlarına seçkilər keçiriləcək. Ötən gün – oktyabrın 16-da "Azad və ədalətli seçkilər naminə" komissiyasının seçkilərdən öncə sonuncu iclası keçirilib. Komissiya dövlət qulluqçuları və siyasi partiya təmsilçilərinin törətdiyi pozuntuların monitorinqi ilə məşğul olur. 14 müxalif siyasi partiyanın liderlər şurası hökuməti oktyabrın 21-i keçiriləcək seçkiləri saxtalaşdırmağa hazır olmaqda suçlayıb.
Buna da bax: 'Gürcüstan işi' hesabatı açıqlandı
Dövlət büdcəsindən partiyalara ödənməli olan pulların verilməməsi, inzibati resurslardan sui-istifadə, siyasi opponentlərin sıxışdırılması və təqibi müxalifətin "Gürcü arzusu"na irəli sürdüyü iddiaların az bir hissəsidir. Liderlər Şurası öz iradlarını beynəlxalq və yerli müşahidəçilərə təqdim edib. Parlamentdənkənar müxalifətin nümayəndələri digər müxalifət partiyalarının da ünvanına tənqidlər səsləndiriblər. Keçmiş hakim partiya olan "Milli hərəkat" və ondan ayrılmış "Avropa Gürcüstanı" partiyaları tənqidin əsas hədəfi olub. «Demokratik hərəkat – vahid Gürcüstan naminə» partiyasının nümayəndəsi Nino Burjanadze həmin partiyaları iqtidarla sözləşməkdə ittiham edib:
Buna da bax: Bakı-Tbilisi-Qars-ın oktyabrda açılacağı deyilir
SÖVDƏLƏŞMƏ
«Biz görürük ki, iqtidar çox ciddi saxtalaşdırmaya hazırlaşır. Biz "Gürcü arzusu" və cənab Bokeria-nın "Avropa Gürcüstanı" partiyasının tutduğu xüsusi mövqeyi görürük. Bu, şübhələrimizi artırır: Bidzina Ivanishvili öz hakimiyyət müddətini maksimum uzatmaq üçün satellit partiyalar və "Gürcü Arzusu"ndan yararlanmaq istəyir. Əminəm ki, onların arasında parlament seçkilərində sövdələşmə olub. Sövdələşmə nəticəsində "Milli hərəkat" partiyası parçalanıb. Bu gün də sövdələşmə həyata keçirilir», – o deyib.
"Gürcü arzusu" və "Avropa Gürcüstanı"nın nümayəndələri Burjanadze-nin ittihamlarından yayınıblar.
Buna da bax: Rusiya silah almaq üçün Ermənistana 100 milyon dollarlıq yeni kredit verir
"Gürcü arzusu"nun Tbilisi merliyinə namizədi Kakha Kaladze partiyasının hakimiyyətini "Milli hərəkatın" 9 illik hakimiyyəti ilə müqayisə edib:
«2012-ci ilədək nə baş verdiyi hamınızın yadındadır – çubuqla, süpürgə ilə döymə, işdən çıxarma, şantaj. Bir də 2012-ci ildən sonra keçirilmiş bütün seçkilərlə bağlı beynəlxalq təşkilatların verdiyi qiymətə baxın. ...Bu gün hər bir namizədin, siyasi partiyanın azad və bərabərhüquqlu atmosferdə öz baxışlarını təqdim etmək haqqı və imkanı var. Hər kəsin bərabərhüquqlu mühitdə seçki kampaniyası keçirməsinə şərait var».
MƏMURLARIN KƏNDLİLƏRƏ TƏZYİQİ
Qeyd edək ki, parlament seçkilərindən öncə hətta uşaq bağçalarında belə "Gürcü arzusu"nun namizədlərinin xeyrinə səslər səfərbər edilmişdi. Kvemo Kartli vilayətinin Dmanisi rayonunda isə "işgüzar" dövlət məmurları yerli kəndliləri “Quran”a əl basaraq həqiqətən də "Gürcü arzusuna" səs verəcəklərinə and içməyə məcbur etmişdilər. Ancaq Kaladze qalmaqala səbəb olmuş bu hallara münasibət bildirməyib.
Buna da bax: Hakim partiyanın namizədi birinci xanım ola bilərmi? [video]
"Azad və ədalətli seçki naminə" komissiyasının rəhbəri, ədliyyə naziri Tea Tsulukiani seçki qanunvericiliyinin bu və digər pozuntuları ilə bağlı son bir ayda bir neçə dəfə danışmalı olub. O, dəfələrlə dövlət qulluqçularının iş vaxtı siyasi təbliğat aparmasının yolverilməz olduğunu xatırladıb.
Sözügedən komissiya seçki qanunvericiliyinin dövlət qulluqçuları tərəfindən pozulmasını əngəlləmək, belə pozuntulara reaksiya vermək məqsədilə yaradılıb. Komissiya üç aylıq fəaliyyəti dövründə 7 tövsiyəylə çıxış edib. Onun fəaliyyəti nəticəsində müxalifət təmsilçilərinə fiziki zorakılıq faktları üzrə bir neçə cinayət işi açılıb.
Ötən gün keçirilən iclasda qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri komissiyanın işinə qiymət verməkdən boyun qaçırıblar. Onlar özlərinin seçki kampaniyasının gedişatı ilə bağlı müşahidələrini yaxın zamanlarda açıqlamaq niyyətindədirlər. QHT təmsilçilərinin sözlərinə görə, təcrübə göstərir ki, adətən, seçkilərdən bir neçə gün öncə və səsvermə günü həyəcan maksimum həddə çatır.